“Həyatımız üçün qorxurduq”

post-img

1970-ci il Dünya Kuboku matçı iki ölkə arasında müharibəyə necə səbəb oldu?

Dünya tarixində futbol meydançasında gedən mübarizənin azarkeşlər arasında toqquşmalara və ondan kənarda baş verən digər faciəli hadisələrə səbəb olması ilə bağlı kifayət qədər nümunələr var. Ancaq yalnız bir dəfə, yarım əsrdən çox öncə, ən populyar xalq oyunu iki Latın Amerikası dövləti arasında genişmiqyaslı müharibənin başlamasına səbəb olmuşdu. Mübahisə 1970-ci ildə Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Salvador və Honduras arasında keçirilən matçda baş vermişdi. 

“Bəziləri futbolun həyat və ölüm məsələsi olduğunu düşünür. Onların mövqeyindən tamamilə məyus oldum. Sizi əmin etməyə hazıram ki, futbol daha vacibdir”. Bu sözlər “Liverpool” futbol komandasının məşqçisi Bill Şenkliyə məxsusdur. Bu ifadə, əlbəttə ki, Salvadorun Hondurasla müharibəsinə aid deyildi, lakin ümumi mənzərəni mükəmməl şəkildə göstərir. Mərkəzi Amerikanın iki ölkəsi arasındakı münasibətlərdə böhran, əlbəttə ki, futboldan başlamadı. XIX əsrin sonlarında qonşular arasında ərazi mübahisəsi baş verdi, onun təşəbbüskarı da Salvador oldu. Fakt budur ki, Hondurasın ərazisi beş qat daha böyükdür və əhali sıxlığından əziyyət çəkmirdi. Slvadorda isə, əksinə, əhalinin sıxlığı böyük idi. 1960-cı illərin sonlarına qədər bu problem olduqca sadə bir şəkildə həll edildi: Salvadorun təxminən 300 min vətəndaşı çox vaxt Hondurasın sərhəd ərazilərində qanuni səbəb olmadan yaşayırdılar və orada əsasən kənd təsərrüfatı ilə məşğul olurdular. 

1967-ci ilə qədər Honduras iqtisadi problemlər içində idi və ölkə prezidenti Osvaldo Lopez Arellano onları həll etməyə qərar verdi. Ölkə rəhbərliyi həmin salvadorlu miqrantları hədəf aldı: hökumət torpaq islahatı apardı, nəticədə qonşu ölkələrdən gələn qonaqların torpaq sahələri milliləşdirildi və onlarda yaşayan Salvador vətəndaşlarına öz vətənlərinə qayıtmaq tövsiyə olundu. Bu təklif nə orada məskunlaşmış köçkünlərə, nə də sırf kənd təsərrüfatı ilə məşğul olmağa vərdiş etmiş bu qədər sayda köçkünlə nə edəcəyini qətiyyən bilməyən Salvador rəhbərliyinə uyğun gəlmirdi. Onlar üçün, sadəcə, boş torpaq sahələri yox idi. 

1969-cu ilin əvvəlinə qədər köçkünlər, ölkədə millətçi əhval-ruhiyyənin artmasına baxmayaraq, Honduras hakimiyyətinin tələblərinə məhəl qoymadılar. Lakin sonradan Arellano qəti addımlar atdı. Xüsusi yaradılmış silahlı dəstələr sözün əsl mənasında miqrantları ovlamağa başladılar: onlara basqın edildi, oğurlandı, döyüldü və bu hücumlar bəzən qətllə nəticələndi. Bu siyasət öz bəhrəsini verdi və on minlərlə qaçqın Salvadora axın etdi: bəziləri Honduras hakimiyyəti tərəfindən zorla deportasiya edildi. Bu vəziyyət Salvador rəhbərliyini qəzəbləndirdi: ölkə prezidenti Fidel Sançes Hernandes qonşularını “soyqırımı”nda ittiham etdi və həmvətənlərinin yaşadığı Honduras ərazilərini hərbi yolla ilhaq etməklə hədələdi.

Bu hadisələrlə paralel olaraq, Meksikanın ev sahibliyi etdiyi 1970-ci ildə futbol üzrə dünya çempionatı keçirilirdi. Bu ölkənin milli komandası turnirin ev sahibi kimi birbaşa KONKAKAF zonasından vəsiqə qazanmışdı. Konfederasiyadan ikinci yer uğrunda 12 komanda, o cümlədən Salvador və Honduras da mübarizə aparırdı. Münaqişə tərəfləri öz qruplarına qalib gələrək yarımfinalda qarşılaşdılar. Bu, 1969-cu ilin yayında, iki ölkə arasında qarşıdurmanın ən qızğın vaxtında baş verdi. İlk oyun iyunun 8-də Hondurasın paytaxtı Tequsiqalpada baş tutdu. Matç ərəfəsində minlərlə yerli azarkeş Salvador futbolçularının qaldığı otelin qarşısında bütün gecəni mahnı oxudu və təhqiramiz şüarlar səsləndirdi. Bununla belə, ev sahibi futbolçuların da yatmaqda problemi var idi. Sonralar Honduras milli komandasının yarımmüdafiəçisi Marko Antonio Mendoza qarşıdurma ərəfəsində onun və tərəfdaşlarının nə qədər çətin olduğunu xatırlamışdı.

Belə bir atmosferdə qorxuya düşən futbolçular çox sönük oyun keçirdilər. Hər iki komandanın futbolçuları səhv etməkdən çox qorxurdular və hər şey o həddə gedirdi ki, tabloda sıfırlar qalsın. Lakin oyunun 90-cı dəqiqəsində Honduras millisinin hücumçusu Leonard Mivet azsaylı hücum şanslarından birindən yararlanaraq meydan sahiblərinə qələbə qazandırdı. Eyni zamanda, evdə televizorda oyunu izləyən salvadorlu fanat Emilia Bolanos divandan qalxaraq atasının seyfindən tapançanı götürərək özünü öldürdü. Faciəli hadisə ictimaiyyətə məlum oldu: səhəri gün ölkənin əsas qəzeti “El Nacional” “O, ölkəsinin biabırçılığına dözə bilmədi” başlığını dərc etdi. Bolanosun dəfn mərasiminə ştatın yüksək vəzifəli şəxsləri də daxil olmaqla on minlərlə insan gəldi. Bədbəxt qız nədənsə Hondurasa qarşı nifrət simvoluna çevrildi. Salvadorlular onun yüzlərlə portretini Honduras oyunçularının cavab matçından əvvəl qaldıqları otelə gətirdilər, baxmayaraq ki, bu səfərdə qonaqları narahat edən ən kiçik problem idi. Komanda hərbi və polisin müşayiəti altında San Salvador ətrafında hərəkət etdi, lakin bu, onun tam təhlükəsizliyini təmin etmədi.

Futbol meydançasında işlər Honduras üçün də yaxşı getmədi: 41-ci dəqiqədə meydan sahibləri 3:0 öndə idilər, bundan sonra onlar sakitliklə görüşü qələbəyə çatdırdılar. Honduraslı azarkeşlər bu nəticəyə öz ölkələrində qalan miqrantlara qarşı qırğınlar və zorakılıqlarla reaksiya verdilər. Salvador isə ehtiyatda olan əsgərlərin orduya nümayişkaranə səfərbər olunduğunu elan etdi və qonşuları ilə diplomatik münasibətləri kəsdi. 

Müharibə başlamazdan əvvəl komandalar daha bir oyun keçirdilər. Seçim qaydalarına görə, iki qarşılaşmakı qələbələrdə bərabərlik olarsa, o zaman oyun neytral meydanda baş tutmalı idi. Matş iyunun 27-də Meksikada keçirildi. Ölkə hakimiyyəti Mexiko şəhərindəki “Azteka” stadionuna minlərlə polis cəlb etdi ki, onlar azarkeşlərin toqquşmasına yol vermədən asayişi təmin etsinlər. Oyunun özü trilogiyada ən parlaq və təsirli oldu. Honduras fasiləyə hesab üstünlüyü ilə çıxdı, lakin ikinci hissədə Salvador nəinki oynadı, həm də matçın sonunda qələbəni honduraslılardan qopardı. Həlledici topu Mauritsio Rodrigez vurdu. 

Oyundan dərhal sonra Honduras Salvadorla diplomatik münasibətləri kəsdi və iyulun əvvəlində hər iki ölkənin əsgərləri arasında sərhəddə bir neçə atışma oldu. İşlər genişmiqyaslı müharibəyə doğru gedirdi və hərbi əməliyyatlar iyulun 14-də başladı. Salvadorun silahlı qüvvələri İkinci Dünya müharibəsindən qalma Amerika hərbi təyyarələrindən istifadə edərək, Hondurasdakı strateji hədəfləri hədəf alan hava reydləri həyata keçirdi. Həmçinin kifayət qədər uğurlu quru əməliyyatı həyata keçirərək Honduras ərazisinin səkkiz kilometr dərinliyinə qədər irəliləyərək bir neçə şəhəri nəzarət altına aldı. 

Honduras düşmənin neft anbarlarına hava hücumu ilə cavab verdi, bir neçə uğurlu əks-hücum keçirdi və Salvadorun irəliləyişini dayandıra bildi. Müharibənin ilk saatlarından Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi Amerika Dövlətləri Təşkilatı (OAS) münaqişəyə müdaxilə edərək, salvadorlulardan qoşunların dərhal xarici ərazilərdən çıxarılmasını tələb etdi. Bir neçə gün sonra onlar nəhayət tələbə qulaq asdılar: yanacaq və sursat çatışmazlığı səbəbindən hücum dayandı, OAS Salvadorun zəifləyən iqtisadiyyatını məhv edəcək sanksiyalarla hədələdi, eyni zamanda, Hondurasda yaşayan salvadorlu miqrantların təhlükəsizliyini təmin edəcəyinə söz verdi.

Müharibənin aktiv mərhələsi dörd gün davam etdi. İyulun 20-də hərbi əməliyyatlar tamamilə dayandırıldı. Müxtəlif mənbələrə görə, dördgünlük müharibədə əksəriyyəti mülki şəxslər olan iki mindən altı minədək adam həlak oldu. Silahlı qarşıdurma hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan vurdu, on minlərlə qaçqın Salvadora axışdı ki, bu da sosial gərginliyin və işsizliyin artmasına gətirib çıxartdı. Nəhayət, 1979-cu ildə ölkədə 1992-ci ilə qədər davam edən və 75 mindən çox insanın həyatına son qoyan vətəndaş müharibəsi başladı. “Futbol müharibəsi” də Hondurasa yaxşı heç nə gətirmədi: ölkə böyük itki verdi və əsas iqtisadi göstəricilərə görə hələ də dünya reytinqlərinin ikinci yüzlüyündədir.

Hər iki komandanın sağ qalan futbolçularından bəziləri hələ də müharibənin məcburi alovlandırıcılarına çevrildiklərindən narahatdırlar. Futbolun siyasətçilər üçün yalnız əlverişli bir bəhanə olduğu demək olar ki, hər kəsə aydındır. Salvadorun futbolçusu Mario Monqe bununla bağlı deyirdi: “Müharibə bizim matçlarımıza görə başlamadı. Onun sırf siyasi motivləri var idi. Sadəcə, hamısı seçim oyunları ilə üst-üstə düşdü”.

Honduras üzərində qələbədən sonra Salvador komandası çətin üç oyunluq qarşıdurmada Haiti üzərində qələbə qazanaraq dünya çempionatına vəsiqə qazandığı seçmə finala yüksəldi. Turnirin final hissəsində salvadorlular SSRİ, Meksika və Belçika ilə bir qrupda yer aldılar. Komanda üç dəfə məğlub oldu, qapısında doqquz top gördü və bir qol belə vura bilmədi. 

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ







Maraqlı