122 il öncə bu gün Şamaxıda sonuncu ən dəhşətli zəlzələ baş verib

post-img

Şamaxı şəhəri və ətraf regionlar həmişə seysmoaktiv zona hesab olunub. Təkcə 1806–1902-ci illər ərzində şəhərdə 9 güclü zəlzələ baş verib ki, bunların ən güclüsü 1859-cu ildə baş vermiş Şamaxı zəlzələsidir. Bu zəlzələ nəticəsində şəhər tamamilə dağılmış, çoxlu sayda insan həlak olmuş, Şamaxı quberniyasının mərkəzi Şamaxı şəhərindən Bakıya köçürülmüş və quberniyanın adı uyğun olaraq dəyişdirilmişdi. Bu zəlzələdən bir il sonra, 1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq imperiya rəhbərli bu xəbərdarlıqları qulaqardına vuraraq Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı. 1902-ci il zəlzələsi baş verən ana qədər şəhərdə 22 min sakin yaşayırdı.

1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş sonuncu təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılmış, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olmuş, torpağın dərin qatlarına gömülmüşdü. Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc etmişdilər. Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olmuş, minlərlə insan yaralanmış, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalmış, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olmuşdu. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanmış, əhali qorxu içərisində qaçmağa başlamışdı. 

Eyni zamanda, Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağ vulkanının oyanmasına da səbəb olmuşdu. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2 min baş mal-qara bir anın içərisində məhv olmuşdu.

Zəlzələ nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılmış, həmçinin Şamaxı qəzasında yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı. Zəlzələdən sonra hökumət rəsmiləri və Qırmızı Xaç Komitəsi əhaliyə yardım etmək üçün əraziyə gəlmişdi. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapmışdı. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanılır.

Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsi artıq 1902-ci ildə başlanmışdı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəlmişdi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olunmuşdu, 1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü görmüşdü. Artıq 1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbi təyin etmişdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı