Saturnun 1 ili Yerdən 30 dəfə uzundur

post-img

Saturn Günəş sistemimizin ikinci ən böyük planetidir (ən böyüyü Yupiterdir). O qədər böyükdür ki, hətta kiçik bir teleskopla da görünə bilər. Onun 60-dan çox peyki var, dəqiq sayı isə hələ məlum deyil. “Titan” adlanan ən böyük peyk Pluton və Merkuri planetlərindən daha böyükdür. O, Günəş sistemindəki ikinci ən böyük peykdir.

Saturnun diametri 120 min kilometrdir və kütlə­si Yerdən 95 dəfə ağırdı. Onun bir günü cəmi 10 saat 14 dəqiqədir, lakin bu pla­netdə 1 il Yerin 30 ilidir.

Planetin məşhur halqa­ları 1610-cu ildə astronom­lar tərəfindən kəşf edilib. Halqalar diametri bir neçə millimetrdən on metrə qədər olan buz hissəciklərindən ibarətdir. Saturnun halqalarının diametri 250 min kilometr, qalınlığı isə bir kilometr­dən azdır.

1979-cu ildə ABŞ-ın “Pioner-11” avtomatik planetlərarası stansiyası tarixdə ilk dəfə Saturn yaxınlığında uçub. Planetdə küləyin sürəti saatda 1800 kilometrə çatır. Buna planetin yüksək fırlanma sürəti və qeyri-sabit atmosferi səbəb olur.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı