İlk elektron kompüterlər ixtira olunmazdan əvvəl ABŞ-da “kompüter” sözü stolüstü hesablama maşınında mürəkkəb tapşırıqlar üzrə əməliyyatlar aparan işçiyə aid edilirdi. Əksər hallarda hesablamaları qadınlar aparırdı.
İkinci Dünya müharibəsi zamanı hərbi məqsədlər üçün hesablamalara ehtiyac olduğu üçün “insan kompüter”lərin sayı artdı. Müharibə bitdikdən sonra onların bir çoxu əsl proqramçı oldu. Beləliklə, məsələn, ENIAC-ın (Elektron Rəqəmsal İnteqrator və Kalkulyator) ilk aparıcı proqramçıları 6 qadın idi.
Xatırladaq ki, müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində ABŞ alimləri Con fon Neyman, Q. Qoldsteyn və A. Beris tərəfindən verilib. Həmin prinsiplər 1946-cı ildə ABŞ-də ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilib. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunur. Elə həmin vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlayıb.
Keçmiş SSRİ-də isə element bazalı mikroelektronika və inteqral sxemlərinin əsasında EC EHM və başqa elektron hesablama maşınları yaradılıb.
P.ƏFƏNDİ, “Xalq qəzeti”

