XIX əsrin ortalarına qədər şahmat oyununun müddəti məhdud deyildi. Bu, çox narahatçılığa səbəb olurdu, rəqiblər növbəti gediş haqqında saatlarla düşünür və bəzən oyun günlərlə davam edirdi. Məsələn, 1851-ci ildə beynəlxalq turnirlərdən birində hər iki şahmatçının yuxuya getməsi səbəbindən oyun yarımçıq qalmışdı. İki il sonra bir gedişi düşünmək üçün limit tətbiq olundu - 10 dəqiqə. Vaxt, adətən, qum saatı ilə ölçülürdü.
Bu, mövcud vəziyyətdən ən yaxşı çıxış yolu deyildi, çünki qum saatı yalnız bir hərəkət üçün nəzərdə tutulmuşdu. 1867-ci ildə Parisdə keçirilən turnirdə hər bir oyunçuya 10 hərəkət üçün bir saat vaxt verildi, reqlamenti pozan isə cərimə ödəməli oldu. Qəribədir ki, turnirin qalibi İqnaz Koliş ən çox cərimə ödəmişdi.
Şahmatda əsl inqilab 1883-cü ildə 2 siferblatalı xüsusi saat hazırlayan ingilis Tomas Brayton Uilson tərəfindən edildi. İştirakçılar və hakimlər uzun saatlıq oyunlardan yorulmuşdular, buna görə də elə həmin il Londonda keçirilən beynəlxalq turnirdə yenilik sınaqdan keçirildi. Amma bəzi şahmatçılar oyun zamanı saatın onları çox əsəbiləşdirdiyindən şikayətlənirdilər, hətta onları “dünyanın ən sürətli saatı” adlandırırdılar.
Qrossmeyster və ustalara 40 gediş üçün 2,5 saat verilir. Neçə-neçə qiymətli görüşlərin seytnotun qurbanı olduğuna baxmayaraq, şahmat yarışlarını saatlar olmadan təsəvvür etmək olmaz.
P.ƏFƏNDİ, “Xalq qəzeti”