Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ölkə Prezidentin təqdimatına uyğun olaraq Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını vurğulayıb. Baş nazir ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.
Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. O Cabbar Musayevi təbrik edərək, Prezidentin muxtar respublikanın inkişafı ilə bağlı tapşırıqlarının vaxtında və layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin Naxçıvan müxbiri


