Ali Məclisin yaz sessiyasının növbəti iclası

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının növbəti iclası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Ali Məclisə təqdim edir.

Təqdimat oxunub, namizəd haqqında məlumat verildikdən sonra “C.H.Musayevin Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı səsə qoyularaq qəbul edilib.

Prezident İlham Əliyevin yüksək etimad göstərərək onu Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təqdim etdiyinə görə minnətdarlığını bildirən Cabbar Musayev qarşıda duran vəzifələrin uğurla icra edilməsi, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin layiqincə həyata keçirilməsi üçün bundan sonra da səylə çalışacağını söyləyib. Bəxtiyar Məmmədov Ali Məclis adından Prezident İlham Əliyevin yüksək etimadı ilə yeni vəzifəyə təyin olunması münasibətilə Cabbar Musayevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

İclasda “Normativ hüquqi aktlar haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra hər iki qanun səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin Naxçıvan müxbiri



Son xəbərlər