Milli Məclis komitəsində 3 qanun layihəsinə baxılıb

post-img

Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov gündəliyə 3 məsələnin - “Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin, “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini söyləyib.

Sadiq Qurbanov “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikası qanununun layihəsi barədə fikirlərini açıqlayıb. Sonra energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək təqdim olunan qanun layihəsinin ölkə Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq hazırlandığını söyləyib.

Energetika Nazirliyinin şöbə müdirləri İbrahim Ağayev və Rahid Əsədov, Enerji Məsələlərini tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov, SOCAR-ın Qaz paylanması departamentinin rəisi Orxan Səlimov layihədə təsbit olunan qaz təchizatı, qazdan istifadə, qaz təchizatı obyektlərinin istismarı və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaydalar, qaz təchizatı sektorunda insanların sağlamlığının, əmlakının və ətraf mühitin qorunmasına dair tələblər barədə mülahizələrini söyləyiblər.

Sonra iclasda “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Komitədə, habelə Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

Müzakirəyə çıxarılan hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

XQ

Son xəbərlər