Jurnalistikaya təhdidlərə qarşı mübarizə yolları

post-img

Albaniyanın ATA informasiya agentliyinin təşkilatçılığı ilə Tirana şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Jurnalistika və xəbər agentliklərinə təhdidlər: mübarizə yolları” mövzusunda konfrans keçirilib.

Tədbirdə Avropanın aparıcı informasiya agentlikləri, həmçinin alyansın üzvü olan AZƏRTAC da təmsil olunub.

Konfransda çıxış edənlər bildiriblər ki, siyasi, iqtisadi, texnoloji sahələrdə baş verən sürətli dəyişikliklər jurnalistikanın illərlə formalaşan iş mexanizmlərinə ciddi təsir göstərir və medianın fəaliyyəti çətinləşir.

“Müasir dövrdə jurnalistika və xəbər agentlikləri əvvəlkindən daha mürəkkəb vəziyyətlə qarşılaşıblar. Dezinformasiya, iqtisadi təzyiqlər, etimadın azalması, qlobal platformaların dominantlığı - bütün bunlar jurnalistikanın missiyasını sınağa çəkir. Heç bir agentlik bu çətinliklərin öhdəsindən təkcə gələ bilməz”, – deyə ATA agentliyinin baş direktoru Valbona Zupa söyləyib.

Qeyd edilib ki, problemlər əsasən xəbərin əldə olunması, yayılması, müəlliflik hüquqlarının pozulması, maliyyə mənbələrinin azalması kimi sahələrdə özünü göstərir. Süni intellektin geniş tətbiqindən sonra müəllif hüquqlarına təhdidlər daha da sürətlənib və bunun qarşısının alınmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, süni intellekt şirkətləri xəbər agentliklərinin materiallarından fəal istifadə edir, lakin nə müəlliflik qorunur, nə də agentliklər bundan maliyyə faydası əldə edir. Çıxış yolları olaraq jurnalistikanın öz ənənələrindən geri çəkilməyərək şaxələnmə strategiyasından istifadə etmək, jurnalistlərin texnoloji və digər bacarıqlarını artırmaq, yeni texnologiyaların tətbiqinə maksimum diqqət ayırmaq və nizamlama qanunlarının qəbulu kimi məsələlərə nail olmaq qeyd edilib.

 

Son xəbərlər