Milli Məclis Hesablama Palatasının hesabatını dinlədi

post-img

Plenar iclasdan önəmli qərarlar

Aprelin 22-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclis Sədri nümayəndə heyəti ilə aprelin 17-18-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə məlumat verib.

Sonra S.Qafarova iclasda 12 məsələnin müzakirə olunacağını söyləyib. O bildirib ki, gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatıdır. Qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentin nəzarət funksiyasının həyata keçirilməsində mühüm rol oynayır.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2024-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib. Palata sədri bildirib ki, 2024-cü il üzrə Hesabatda Hesablama Palatasının audit və qeyri-audit fəaliyyəti əhatə olunub, icmal-statistik məlumatlar öz əksini tapıb. Sənəddə Hesablama Palatasının qanunla müəyyən edilmiş 21 vəzifəsinin hər birinin icra vəziyyəti barədə qısa şərh verilib. Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən strateji planının icrası məqsədilə 2024-cü ildə də əməliyyat planı tərtib olunub, fəaliyyətin institusional, təşkilati və peşəkar istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. O, Palatanın fəaliyyətinin 4 istiqamətdən ibarət olduğunu söyləyib. Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti barədə hesabata dair bu komitənin rəyini bildirib. Müzakirələrdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.

S.Qafarova növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcək. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu qanun layihəsini təqdim edib. O qeyd edib ki, Saziş tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün hüquqi çərçivənin yaradılması məqsədinə xidmət edir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov məsələ barədə bu komitənin rəyini diqqətə çatdırıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Sədri növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələ barədə bu komitələrin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Sənəddə mübahisələrin alternativ həll üsullarından biri olan mediasiyanın daha da inkişaf etdirilməsi və effektivliyinin artırılması məqsədilə bir sıra normaların təkmilləşdirilməsi və yeni normaların əlavə edilməsi nəzərdə tutulur. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyətindən danışıb. Sənəd heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. Azər Əmiraslanov “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı təqdim edib. Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Sənəddə təklif olunan dəyişikliklərdə uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, dəyişikliklərdə icra məmurunun icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı vəzifəsi təsbit olunur. Layihə ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib. Birinci oxunuş zamanı layihə barədə ətraflı məlumat verildiyini deyən Azər Əmiraslanov xatırladıb ki, dəyişiklik Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. On birinci məsələ – Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov təqdim edib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə məlumat verib. Sənəd birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

XQ

Son xəbərlər