Milli Məclis Sədrinin Gürcüstana rəsmi səfəri

post-img

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu öndərin xatirəsini ehtiramla anıb.

Sonra Milli Məclisin Sədri Qəhrəmanlar Meydanında Memorial kompleksi ziyarət edib. O, burada Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Daha sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

***

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Görüşdə Şalva Papuaşvili bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunverici orqanın rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib. O, bunu ölkələrimiz arasında yüksəksəviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib və ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Sahibə Qafarova Gürcüstan parlamentinə keçirilən seçkilər və yenidən parlamentin spikeri seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan ilə Gürcüstanın dost və tərəfdaş ölkələr olduğunu söyləyən Milli Məclisin Sədri deyib ki, bu dostluq münasibətləri, ilk növbədə, xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımız əsrlər boyu bir yerdə olub, dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.

Qeyd olunub ki, Azərbaycan–Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Bu layihələr xalqlarımızın mənafelərinə xidmət edib, Cənubi Qafqazın sabitliyinə, inkişafına töhfə verib.

Görüşdə dost və qonşu ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biridir və bu gün qanunverici orqanlarımız arasında həqiqətən çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Görüşdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova Xatirə kitabını imzalayıb.

***

Dünən iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Sənədi Milli Məclisin Sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvili imzalayıblar.

Qeyd olunub ki, bu sənəd qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

XQ



Son xəbərlər