Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları – 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək, dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri aşkara çıxarılmışdır.
Məlum olmuşdur ki, xarici ölkə vətəndaşının da iştirakı ilə keçirilmiş gizli toplantıda cinayətkar birliyin bayrağının, törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək Fəxrəddin Şahmurova tapşırılmışdır.
Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamışdır. Lakin öncədən görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınmışdır.
Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşdur. Həmçinin digər şəxslər də istintaqa cəlb edilmişdir.
DTX-nın mətbuat xidməti bildirir ki, hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.
XQ