Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, büstü önünə gül dəstələri qoyulub.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək, həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Heydər Əliyevin vəfatından 21 il ötməsinə baxmayaraq, Ulu öndərin əziz xatirəsinin azərbaycanlıların ürəyində daimi yaşadığını vurğulayıb. Diplomat bildirib ki, müasir Azərbaycanın inkişafının və azərbaycançılıq ideyasının qorunub saxlanmasının kökündə məhz Heydər Əliyevin müdrik siyasəti dayanır. Qeyd olunub ki, Azərbaycan xalqı hər zaman ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutacaq.
Ümummilli liderin anım günü münasibətilə səfirliyin əməkdaşları İslamabad şəhərində fəaliyyət göstərən Talassemiya Mərkəzinə gediblər. Onlar mərkəzin tibb heyəti, pasiyentlər və ailə üzvləri ilə görüşüblər. Görüş zamanı ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb, Azərbaycanın inkişafı və Pakistanla münasibətlərinin təməlinin qoyulmasında əvəzsiz töhfələri barədə məlumat verilib, səfirlik tərəfindən hazırlanan yardım paketləri mərkəzə təqdim edilib.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd