Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib. O, qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə təqdim edildiyini bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367,6 milyon manat, büdcə kəsirinin yuxarı həddi isə 3 milyard 51,6 milyon manat proqnozlaşdırılır. O, təqdim edilən makroiqtisadi proqnozlar nəzərə alınaraq, büdcə layihəsinin pozitiv rəqəmlərə əsaslandığını, makroiqtisadi sabitlik şərtlərinə cavab verdiyini, gəlir və xərclərin artımla proqnozlaşdırıldığını qeyd edib. Bildirilib ki, növbəti il üçün dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri də onun iqtisadi strategiyanın müddəalarının, milli inkişaf prioritetlərinin, maliyyə ehtiyaclarının vaxtında qarşılanmasının nəzərə alınmasıdır.
Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.
Növbəti dövrdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, qeyri-neft sektorundan əldə olunan gəlirlərin ümumi büdcə gəlirlərində payının artırılması və bir sıra digər çağırışlar aktual olaraq qalır.
Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 milyard 367,6 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24 milyard 845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14 milyard 122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2 milyard 399,6 milyon manat təşkil edəcək.
Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8 milyard 396 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, cari ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat çoxdur.
Digər prioritet istiqamət - Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat və investisiyayönümlü layihələr üçün 1 milyard 100 milyon manat, cəm olaraq 1 milyard 993 milyon manat ayrılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər icrası üçün 150 milyon manat vəsait ayrılacaq.
Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır. Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılır.
Bildirilib ki, büdcə layihəsində təhsil xərclərinə 4 milyard 946,1 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 8,3 milyon manat və ya 3,5 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1 milyard 999,4 milyon manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla 635,3 milyon manat təşkil edəcək.
Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2 milyard 685,4 milyon manat nəzərdə tutulub. Tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 milyard 662,3 milyon manat, kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi xərclərinə cəm olaraq 1 milyard 953,8 milyon manat, nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsait ayrılacaq.
Vurğulanıb ki, 2025-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması və Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalından Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üzrə 754,2 milyon manat vəsait proqnozlaşdırılır.
Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 928 milyon manat və yaxud 5,3 faiz çoxdur. Gəlirlərin 49 faizi və ya 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 51,6 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək.
Sonra iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək 2025-ci il üzrə dövlət büdcəsinin layihəsinə münasibət bildirib.
İclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib, səsləndirdikləri suallar cavablandırılıb.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
XQ