Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. O deyib ki, Azərbaycanın BMT-yə üzv olduğu müddətdən ötən dövrdə Qarabağ probleminin həlli münasibətlərdə həmişə xüsusi yer tutub. “Biz BMT və digər təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərə, həm də Qarabağ probleminin həllinə nail olmaqda əsas vasitə kimi baxmışıq. Artıq Qarabağ problemi həll olunduğu üçün münasibətlərimizə yeni prizmadan baxırıq və hazırda əməkdaşlığımızı genişləndirmək üçün digər sahələri nəzərdən keçirməliyik", – deyə komitə sədri vurğulayıb.
Ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün həm parlament, həm də hökumət səviyyəsində genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayan komitə sədri bu sahədə BMT-nin Cenevrədəki ofisi ilə də əməkdaşlığın önəmini vurğulayıb.
Tatyana Valovaya bildirib ki, BMT-nin müxtəlif qurumları, o cümlədən, Cenevrədəki ofisi ilə Azərbaycan hökuməti və parlamenti arasında uğurlu əməkdaşlıq həyata keçirilir, rəsmi Bakı bu baxımdan müsbət nümunə təşkil edir. O, Azərbaycanın maddi-mədəni irsinin təbliği istiqamətində BMT-nin Cenevrədəki ofisi ilə birgə müxtəlif tədbirlərin keçirildiyini məmnunluqla xatırladaraq, ölkəmizin müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinin yaxın vaxtlarda sülh müqaviləsi ilə tam başa çatacağına ümidvar olduğunu vurğulayan
T.Valovaya danışıqlar prosesində məsələlərin 80 faizdən çoxunun razılaşdırılmasını məmnunluqla qeyd edib.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrə ofisində yerləşən “Azərbaycan” otağında yaradılan şəraitlə tanış olub.
2007-ci ildə istifadəyə verilən “Azərbaycan” otağında sonradan təmir işləri aparılaraq 2023-cü ildə yenidən açılışı olub. Ən yüksək texnologiyalar əsasında təmir edilən otaqda çoxlu sayda monitor, kamera, audio-video avadanlıq və aksesuar quraşdırılıb. Otaq, həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.
"Azərbaycan" otağının tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Burada Qarabağ xalçası, şəbəkə eksponatı, muğam alətləri nümayiş etdirilir.
XQ