Kiyevdə Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə ölkəmizin mədəniyyəti təbliğ olunub.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ukrayna Milli Uşaq Kitabxanasında keçirilən toplantıda xarici ölkələrin səfirlikləri, Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin nümayəndələri, ictimai, mədəniyyət xadimləri, İrpendə akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagird və müəllim heyəti iştirak ediblər.
Ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev çıxış edərək bildirib ki, müstəqilliyin ilk illəri bir çox daxili və xarici amillərə, xüsusən də torpaqlarımızın Ermənistan tərəfindən işğalına görə Azərbaycan böyük çağırışlarla üzləşib, ciddi sınaqlardan keçib. “O keşməkeşli vaxtlarda Azərbaycanı tam tənəzzüldən ümummilli lider Heydər Əliyev xilas etdi, bundan sonra ölkəmizin inkişaf dövrü başladı. Bu gün isə biz fəxr edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəqqi və inkişaf yolunda inamla irəliləməkdə davam edir”, – deyə səfir vurğulayıb.
Ukrayna Milli Uşaq Kitabxanasının direktoru Alla Qordienko çıxışında bu cür tədbirlərin Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin inkişafındakı töhfəsindən danışıb.
Tədbirdə Azərbaycana aid mahnılar, şeirlər səsləndirilib, tamaşa nümayiş etdirilib. Eyni zamanda, akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagirdlərinin ifasında Azərbaycan dilində şeirlər səsləndirilib.
XQ