Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etməkdən məmnuniyyət duyuram. Beynəlxalq Parlament Təşkilatı (İPC) olaraq Azərbaycan hökumətinə bu səsvermə prosesinə yüksək səviyyədə hazırlaşdığı üçün təşəkkür edirəm. Əminliklə deyə bilərik ki, builki parlament seçkiləri yüksək səviyyədə keçirildi.
Bu barədə Beynəlxalq Parlament Təşkilatının Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı mətbuat konfransında IPC-nin Baş katibi Sitara Ayaz deyib.
O bildirib ki, bu gün səhər saat 10:00-dan etibarən Bakıda bir sıra məntəqələrdə olublar. “Bakılıların səsvermə prosesində fəallığını müşahidə etdik”, - deyən Baş katib qeyd edib ki, seçkilər heç bir məcburiyyət və təzyiq olmadan keçdi. Seçkilərdə bütün partiyalardan üzvlər şəffaf şəkildə təmsil olunub.
“Seçki məntəqələrindəki heyət yaxşı hazırlaşmışdı. Baş çəkdiyimiz 10 məntəqədən 8-də ingilisdilli mütəxəssislər var idi. Əlillərin səs verməsi üçün də hər cür şərait yaradılmışdı. Saat 19:00-da növbəti seçki məntəqəsinə baş çəkdik. Sevindirici haldır ki, hələ də səsverməyə gələn insanlar var idi. Seçki prosesinin belə yüksək səviyyədə təşkili və bizi müşahidəçi qismində dəvət etdikləri üçün Milli Məclisə təşəkkürümü bildirmək istərdim”.
Parlamentlərarası İttifaqın sabiq prezidenti Duarte Paçeko isə deyib ki, baş çəkdikləri bütün seçki məntəqələrində şəffaf proses mövcud idi. “Səsvermə prosesində heç bir təzyiq və məhdudiyyət yox idi. Bunu digər ölkələrə nümunə göstərmək istərdim”, – deyə Parlamentlərarası İttifaqın sabiq prezidenti vurğulayıb.