Ölkəmizdə səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə iyulun 24-də Azərbaycan Konstitusiya Məhkəməsində görüş keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Hər iki ölkənin Konstitusiya məhkəmələri də bu əməkdaşlığa öz töhfələrini verir. Azərbaycan və Türkiyə arasında olan sıx hüquqi əməkdaşlıq məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox vacibdir. Konstitusiya ədalət mühakiməsi orqanları arasındakı əməkdaşlıq həm ikitərəfli, həm Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya yüksək qonaqpərvərliyə görə Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, o cümlədən hər iki məhkəmə arasında qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir. Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq mübadiləsi konstitusiya ədalət mühakiməsinin səmərəliliyini artıracaq, beynəlxalq səviyyədə isə məhkəmələrin bir çox məsələlər üzrə bir mövqedən çıxış etməsinə xidmət göstərəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq təcrübəsinə toxunulub, hüquqi məsələlər müzakirə olunub.