Lefkoşa Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında münasibətlərin inkişafından çox məmnundur.
Bu barədə ŞKTC-nin Prezidenti Ersin Tatar Lefkoşaya Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyata başlamasının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gələn Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.
“ŞKTC-nin Şuşadakı Zirvə görüşündə müstəqil dövlət qismində iştirakı, Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu”, -deyə Tatar vurğulayıb.
Siyasətçi rəsmi Bakının Lefkoşa ilə əlaqələrin dəstəklənməsinə dair mövqeyini yüksək qiymətləndirib. “Türkiyə və Azərbaycanın dəstəyi mövqelərimizi gücləndirir. Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, -deyə ŞKTC-nin Prezidenti bildirib.
Xatırladaq ki, görüşdə Azərbaycan–Türkiyə parlamentlərarası qrupun rəhbəri Əhliman Əmiraslanov, millət vəkilləri Musa Quliyev, Fatma Yıldırım, Hikmət Babaoğlu və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.