Prezident İlham Əliyevin Milli Məclisə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında sərəncamı dərc edilən gündən seçkilərinin keçirilməsinə ciddi hazırlıq işlərinə başlanılıb. Ötən seçkilərdə olduğu kimi, növbədənkənar parlament seçkilərinin də beynəlxalq standartlara uyğun keçirilməsi üçün mükəmməl qanunvericilik bazamız, zəngin təcrübəmiz var. Ölkəmiz şəffaf, ədalətli, demokrtaik seçki keçirməyə qadir olduğunu bir daha təsdiqləyəcək.
Növbədənkənar paralment seçkilərinə hazırlıq işləri geniş vüsət alıb. Deputat mandatı qazanmaq uğrunda mübarizə gündən-günə genişlənir. 17 saylı Yasamal III dairə seçki komissiyasının sədri Qədir Kərimovla söhbətimiz seçkilərə hazırlıqla əlaqədar oldu.
Hazırda seçki prosesinin ən gərgin vaxtlarından biridir. Artıq namizədlərin rəsmən irəli sürülməsinə start verilib: “Namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması iyulun 13-də başlayır və avqustun 2-də saat 18:00-da isə başa çatır. Namizədliyi irəli sürmək ayrı, qeydə alınması başqa prosedurdur. Hər bir kəsə namizədliyini irəli sürmək üçün əlverişli şərait yaradılıb. Vətəndaşlarımız heç bir problemlə üzləşmədən öz namizədliklərini irəli sürə bilərlər. Namizədliyini irəli sürmək istəyən şəxs müvafiq dairə seçki komissiyasına yaxınlaşaraq hazır formanı doldurur. Doldurulmuş formaya 5 gün ərzində baxılır. Qərar verilir ki, bu şəxs deputatlığa namizədliyini irəli sürə bilər, ya yox. Bütün bunlar barəsində həmin şəxslərə ətraflı məlumat verilir”.
Sənədlər yoxlanıldıqdan sonra namizədliyi təsdiqlənən şəxslərə imza vərəqələri verilməsi barədə qərar qəbul edilir. Qanunvericiklə tələb olunan imza toplanıldıqdan sonra isə müvafiq seçki sənədləri dairə seçki komissiyasına təqdim olunur. İmza vərəqələri və seçki sənədlərinin təqdim edilməsi üçün müddət avqustun 2-də başa çatır. Namizədin qeydə alınması başa çatdıqdan sonra isə avqustun 9- da seçkiqabağı təşviqatın aparılması başlanır və avqustun 31-i saat 08:00-da dayandırılır. Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın 1, 2, 15, 27 və digər bəndlərində ətraflı məlumat var. Yeri gəlmişkən, məlumat üçün qeyd edim ki, Seçki Məcələsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ aktlar əsasında hazırlanmış “Namizədlər üçün yaddaş” kitabçası bugünlərdə komissiya üzvlərinin ixtiyarına verilib. Belə yaddaş kitabçaları məntəqə seçki komissiyalarının köməyinə çatır.
– Qədir müəllim, bu prosedurlar həyata keçirilən zaman namizədliyini irəli sürmüş şəxslər hər hansı süni əngəllərlə qarşılaşırlarmı? Ümumiyyətlə, sizin seçki təcrübənizdə namizədliyi qeydə alınmayanlar sonradan iddia qaldırıblarmı?
– Əgər kiminsə namizədliyi qeydə alınmayıbsa, təqsirkar həmin şəxsin özüdür. Çünki DSK-larda namzədliyini irəli sürən şəxslərin hər birinə “yaşıl işıq” yandırılıb. Bu sahədə heç kimə süni əngəl yaradılmayıb və yaradıla da bilməz. Bu işlər ciddi nəzarət altındadır. Hazırda 4 nəfər namizədliyini irəli sürmək üçün bizə müraciət edib. Təbii ki, bu rəqəm gündən-günə artacaq. Kim namizəd olmaq istəyirsə, buyursun, tələb olunan sənədləri ilə bərabər müraciət etsin. Lakin elələri də var ki, öz gücünə yaxşı bələddir. Özü də bilir ki, heç lazım olan sənədləri belə toplamağa qadir deyil. Sadəcə olaraq, nəyinsə xatirinə namizəd olmaq istəyir. Namzədliyinin qeydə alınması təsdiqlənməyəndə də yersiz hay-küy yaradır. Artıq son vaxtlar belə halların qarşısı tamamilə alınmaqdadır. Çünki namizədliyini irəli sürmək istəyənlərə kömək məqsədilə bəzi sənədlər DSK-larda hazır vəziyyətdədir. Sadəcə, onları doldurmaq, digərlərini də toplamaq lazımdır.
– Rəhbərlik etdiyiniz dairə seçki komissiyasının əhatəsində olan məntəqə seçki komissiyalarında hazırlıq işləri necə gedir?
– Bilirsiniz ki, biz seçkidən yeni ayrılmışıq. Mən bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərini nəzərdə tuturam. Komissiya üzvlərimiz yüksək əhval-ruhiyyədədirlər. Parlament seçkilərində 42 min 433 seçici 40 seçki məntəqəsində səs verəcək. Seçki məntəqələri bütün ləvazimatla təchiz olunub. Telefonlar, elektrik sistemi işlək vəziyyətdədir. Səsvermə qutuları seçki məntəqələrindədir. Hər bir seçki məntəqəsinin yaxınlığında namizədlərin təbliğat-təşviqat aparmaları üçün dəmir lövhələr quraşdırılıb. Son dəfə dəqiqləşdirilmiş seçici siyahılarının seçki məntəqələrinin müvafiq yerlərində yerləşdirilməsi də müəyyənləşdirilib. Aşağı seçki komissiyaları üçün bir daha maarifləndirmə tədbirləri aparılacaq. Maarifləndirmənin dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılmasında, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsində rolu böyükdür. Bundan əlavə MSK tərəfindən mütəmadi hazırlanan təlimatlar da komissiya üzvlərinə paylanılacaq. Müşahidəçilər üçün də seçki prosesini rahat izləmək məqsədilə müvafiq yerlər müəyyənləşdirlib. İstəyirik ki, hər şey namizədlərin və müşahidəçilərin ürəyincə olsun. Seçki məntəqəsinin üzvlərinə də qəti olaraq tapşırılıb ki, seçicilərlə, müşahidəçilərlə və media nümayəndələri ilə son dərəcə nəzakətlə davransınlar. Biz dünyaya daha bir azad, ədalətli, şəffaf seçki nümayiş etdirməliyik.
Əliqismət BƏDƏLOV
XQ