AŞ-nin ölkəmizlə bağlı qərəzi

post-img

İyulun 3-də Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi bizi dərindən təəssüfləndirdi. İQAK, həmçinin “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konversiyasının tələbinə zidd olaraq Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib. Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mət­buat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Ko­mitəsinin (İQAK) ictimai bəyanatına dair şərhində yer alıb.

Mətbuat katibi bildirib ki, 2002-ci ildən etibarən İQAK bir neçə dəfə ölkəmizə dövri və xüsusi səfər həyata keçirib, Kon­vensiyanın Azərbaycan tərəfindən real­laşdırılmasına dair hesabatlar dərc edib. Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqe­yini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və Komitə­nin tövsiyələri hər zaman nəzərə alınıb.

Əməkdaşlıq müddətində Komitəyə bu günə qədər etdiyi səfərlər zamanı lazımi dəstək göstərilib. Yerli təhqiqatların apa­rılmasına dəstək göstərilməsi ilə yanaşı, nümayəndə heyəti üzvlərinin mümkün ən yüksək səviyyədə qəbul olunmasını tə­min etmək üçün addımlar atılıb və əmək­daşlığın əsaslarının möhkəmləndirilməsi üçün bütün səylər göstərilib.

“Bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyə­tinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaran­mış Azərbaycan–Avropa Şurası müna­sibətlərində mövcud vəziyyətin fonunda qəbul olunması xüsusilə təəssüf doğurur. Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onla­rın üzərinə yıxan sözügedən ictimai bə­yanatdakı tənqidləri rədd edirik.

XQ

Son xəbərlər