Energetika naziri Pərviz Şahbazov ilə BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson arasında görüş keçirilib. Görüşdə UNEP-lə Azərbaycan arasında bir çox istiqamətlər, o cümlədən COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüş zamanı neft-qaz ölkəsi olan Azərbaycanın “yaşıl enerji” və iqlim üzrə fəaliyyəti, eləcə də “Qlobal Metan Vədi”nə qoşulması yüksək qiymətləndirilib, COP29 tədbirinə sədrliyin respublikamızı iqlim dəyişmələrinə qarşı mübarizənin mərkəzinə çevirdiyi qeyd olunub. Söhbət zamanı COP29 sədrinin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslər və prioritetlərdən, həmçinin enerji aspekti üzrə beynəlxalq tərəfdaşlarla birgə həyata keçiriləcək tədbirlərdən bəhs edilib. Azərbaycanın bərpaolunan enerji sahəsinə transformasiyasını təmin edən layihələrdən, eləcə də müxtəlif regionlarda olan “yaşıl enerji” istehsalçıları ilə istehlakçılarını birləşdirən “yaşıl enerji dəhliz”ləri və interkonnektorların enerji keçidinə töhfələrindən danışılıb.
Görüşdə, həmçinin UNEP-lə metan emissiyalarının azaldılması, ölkəmizdə aqro-fotovoltaik sistemin inkişaf etdirilməsi, az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid layihəsi üzrə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-UNEP əlaqələrinin möhkəmləndirməsində COP-la yanaşı, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Ətraf Mühit Gününün roluna toxunulub.
XQ