Altıncı çağırış Milli Məclis öz işini yekunlaşdırdı

post-img

İyunun 28-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. 

Əvvəlcə deputatlar cari məsələlər­lə bağlı fikirlərini səsləndirdilər. Deputat Vahid Əhmədov ötən günlərdə Azərbay­canda baş verən təbii fəlakətin əhali üçün ciddi problemlər yaratdığından söhbət açdı. Dedi ki, bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Nazirlər Kabineti xüsusi qə­rar çıxarmalı, tədbirlər planı hazırlamalı, ziyan çəkmiş kəndlilərə maddi yardım edilməlidir. 

Fazil Qəzənfəroğlu Natiq Qasımo­va Milli Qəhrəman adının verilməsini və onun anasına Prezident təqaüdünün təyin edilməsini ölkəmizdə şəhidlərə və onların ailələrinə verilən yüksək dəyər olduğunu bildirdi. O, müəllimlər üçün ke­çirilən sertifikasiya imtahanlarında xeyli qeyri-müəyyənliklər olduğunu bildirdi. 

Elman Nəsirov bildirdi ki, Ermənistan tərəfinin bir aya sülh sazişi imzalama­ğa hazır olduğunu bəyan etməsi, əslin­də, İrəvanın sülh adı ilə spekulyasiya etməsidir. Əgər erməni tərəfi dediyində səmimidirsə, bəs o zaman sülh sazişini imzalamağa mane olan nədir? Əslində, İrəvan bu fikirləri ortaya atmaqla erməni cəmiyyətini aldadır.

Onun sözlərinə görə, bu gün sülhə mane olan əsas reallıq tamamilə başqa­dır. Ermənistan konstitusiyasında Azər­baycan və Türkiyəyə qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Əgər Ermənistan sülh istəyirsə, o zaman, ilk növbədə, re­ferendum keçirib qonşularına qarşı ərazi iddialarından imtina etməlidir. 

Cari məsələlərin müzakirəsindən sonra S.Qafarova gündəliyə 15 məsələ­nin daxil edildiyini bildirdi. Dedi ki, gün­dəlikdəki 13 məsələ üçüncü oxunuşda olduğundan müzakirəsiz qəbul olunacaq. 

Qanun layihələri təqdim edildikdən sonra səsə qoyularaq qəbul olundu.

Sonra “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyə­tinə inzibati nəzarət haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda mü­zakirəyə çıxarıldı. Qanun layihəsi birinci oxunuşdan sonra səsə qoyularaq qəbul edildi. Spiker sənədin digər oxunuşda müzakirələrinin VII çağırış Mili Məclisdə davam etdiriləcəyini bildirdi.

S.Qafarova növbədənkənar sessiya­nın gündəliyinə daxil olan məsələlərin başa çatdığını və bəzi fikirlərini deputat­larla bölüşmək istədiyini bildirdi. Dedi ki, Birləşmiş Millətlər Təşkilatı Baş Məcli­sinin qərarı ilə hər il iyunun 30-da Bey­nəlxalq Parlamentarizm Günü qeyd edilir. Spiker ölkəmizdə müasir peşəkar parla­mentin formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xid­mətlərinin olduğunu bildirdi. Onun söz­lərinə görə, Ümummilli liderimiz qanun­vericilik orqanına 4 ay rəhbərlik etmiş, sonrakı dövrdə isə Milli Məclisə böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlamışdır. 

Qeyd edildi ki, Ulu öndərin başladı­ğı işləri əzmlə davam etdirən Prezident İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafında Birinci vitse-prezident Meh­riban xanım Əliyevanın da rolu xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xa­nım Əliyeva parlamentin deputatları ol­duqları dövrdə Milli Məclisin peşəkarlıq səviyyəsinin yüksəlməsi naminə dəyərli işlər görmüşlər. 

S.Qafarova iyulun 2-nin Azərbaycan Polisi Günü olduğunu xatırlatdı və dedi ki, 106 yaşlı Azərbaycan polisi, daxili işlər orqanları ölkəmizdə ictimai asayişin və qanunçuluğun qorunması sahəsində öh­dələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bir çox polis əməkdaşları döv­lətimizin ərazi bütövlüyünün və suverenli­yinin təmin olunması naminə döyüşlərdə, xüsusən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmişlər. Spiker Milli Məclisin adından Polis Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini təbrik etdi, onlara məsul və çətin xidmət­lərində yeni uğurlar arzuladı. 

Sonra S.Qafarova iyirmi bir gün da­vam edən növbədənkənar sessiyada Mil­li Məclisin beş iclasının keçirildiyini, otuz bir qanun və qərar qəbul edildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləş­dirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu dövrdə də layiqincə yerinə yetirmişdir. Spiker Milli Məclisin növbə­dənkənar sessiyasını bağlı elan etdi və Dövlət Himni səsləndirildi. Bununla da, Milli Məclisin altıncı çağırışı işini yekun­laşdırdı.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər