ÜST-nin yeni peyvənd proqramı

post-img

Ümumdünya Səhiyyə Təşkilatıının (ÜST) Azərbaycan Ofisi ictimai səhiyyə standartlarını təkmilləşdirmək üçün diplomaqədərki və diplomdansonrakı təhsil müəssisələri üçün yeni peyvənd tədris proqramı – kurikulum hazırlayaraq təqdim edib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Vaksinasiyaya Dəstək layihəsi vasitəsilə bu yenilikçi təşəbbüs tibb işçilərinə peyvənd praktikası üzrə təkmilləşdirilmiş təlim vermək, qısa və uzunmüddətli dövrdə immunizasiya xidmətlərinin keyfiyyətini artırmaq üçün nəzərdə tutulub.

Təhsil müəssisələri ilə əməkdaşlıq ötən il Azərbaycan Tibb Universitetinin immunizasiya və peyvəndlə qarşısı alına bilən xəstəlikləri tədris edən kafedraların cəlb olunduğu Təlimçilər üçün Təlimin (ToT) proqramı ilə başlanıb. Bu həftə ərzində isə A.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ASATİD) yeni peyvənd kurikulumu ilə bağlı növbəti təlim kursu keçirilib. ÜST-nin beynəlxalq məsləhətçi tərəfindən keçirilən bu ToT sessiyada ASATİD, ATU,  2saylı Tibb Kolleci və TƏBİB-i təmsil edən 20-dən çox müəllim iştirak edib.

ToT sessiyalarının əsas məqsədi immunizasiya ilə bağlı müasir standartlara cavab verən yeni kurikulumun tətbiqi vasitəsilə Azərbaycan səhiyyəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə dəstək olmaqdır. Bu proqram həm də tibb təhsili verən müəllimlərin tədris bacarıqlarını gücləndirir, onlara minlərlə hazırkı və gələcək həkimlərə vacib immunizasiya təcrübələri öyrətməyə imkan yaradır.

Beynəlxalq məsləhətçinin cəlb edilməsi ilə proqramın yerli ehtiyaclara uyğunlaşdırılmış ən yaxşı qlobal təcrübələri özündə birləşdirməsinə nail olunub. Yeni kurikulum dayanıqlı səhiyyə sistemi üçün uzunmüddətli faydaları təmin etməklə həm təkmilləşdirmə, həm də diplomaqədərki təhsilin davamlı hissəsinə çevriləcəkdir.

Təlimdə iştirak edən ADHTİ-nin pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova deyib:

– ÜST Azərbaycan ilə əməkdaşlıq çərçivəsində yeni immunizasiya tədris planını təqdim edilməsi tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün çox vacib addımdır. Bu təşəbbüs həkimlərin sübutlara əsaslanan son elmi biliklərini yeniləməklə vaksinasiya proqramlarımızın səmərəliliyini artıracaq və nəticədə minlərlə insanın həyatını xilas edəcəkdir.

Azərbaycanda immunizasiya təcrübəsinin yaxşılaşdırılmasına dəstək vermək ÜST-nin əsas prioritetlərindən biridir. 2021-ci ildən etibarən ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində immunizasiya proqramının bütün aspektləri üzrə müxtəlif tədbirlər həyata keçirilib. Bu səylərə vaksinlərin təhlükəsiz saxlanılması və daşınılması üçün 1,5 milyon dollar dəyərində soyuq zəncir avadanlıqlarının alınması və yerli tibb müəssisələrinə təhvil verilməsi daxildir. Əlavə olaraq, soyuq zəncir inventar sistemi rəqəmsallaşdırılmış, immunizasiya məlumat sisteminin qiymətləndirilməsi həyata keçirilib və peyvəndlə əhatənin artırılması üçün modellər və yanaşmalar yerli səhiyyə tərəfdaşlarına təqdim edilib. Bu səylər valideynlər, himayəçilər və tibb işçiləri arasında aparılan formativ tədqiqatın sübutlarına əsaslanaraq həyata keçirilib. 

Z.HÜSEYNOVA

XQ

Son xəbərlər