“Müstəqillik Azərbaycana beynəlxalq jurnalistika da gətirdi”

post-img

Müasir dövrdə ölkəmizin artan nüfuzu hər bir vətəndaşın qarşısında yeni tələblər və vəzifələr qoymaqdadır. İndi dünya arenasında qazanılan uğurların daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi jurnalistika, xüsusən də beynəlxalq jurnalistika sahəsində kadr hazırlığına xüsusi diqqət tələb edir. Xüsusən də 44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra bu sahədə aparılan işlərin vüsəti daha da artmış, vaxtilə təməli qoyulmuş işlərin daha inamla davam etdirilməsi günümüzün aktual məsələlərindən olmuşdur. Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının yaradıldığı vaxtdan keçən 20 il də bunu bir daha təsdiqləyir. Bu barədə uzun illər həmin kafedraya rəhbərlik etmiş professor Həmid Vəliyevlə müsahib olduq. 

1990-cı ildə BDU-da yeni fakültə yaradıldı, – deyə Həmid müəllim bildirdi. – Azərbaycan artıq müstəqillik yoluna qədəm qoyurdu və bu sahədə kadrlara ehtiyac meydana çıxmışdı. Fakültə beynəlxalq münasibətlər və beynəlxalq hüquq adlanırdı. Burada 3 ixtisas üzrə təhsil aparılırdı: beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq jurnalistika. Birinci kurs yekunlaşdıqdan sonra fakültədə beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika kafedrası yaradıldı. Bu quruma zəngin təcrübəyə və biliyə malik kadr, əvvəllər Bakı Şəhər Partiya Komitəsinin katibi və respublikanın təhsil naziri kimi yüksək vəzifələrdə çalışmış, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli rəhbərlik edirdi. Beynəlxalq jurnalistika şöbəsinə hər il 8–1 nəfər tələbə qəbul olunurdu. Fakültənin ayrıca dillər kafedrasının olması tələbələrin müxtəlif dilləri, o cümlədən Avropa və Şərq dillərini mükəmməl öyrənmələrinə şərait yaradırdı.

-Beynəlxalq jurnalistika şöbəsinin tələbələrinin ingilis, fransız, alman və ərəb dillərini yaxşı bilmələri xarici ölkələrin kütləvi informasiya vasitələrini yaxından izləmələrinə, hətta xaricdə təcrübə keçmələrinə imkan verirdi.– beynəlxalq jurnalistika şöbəsinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində yaradılması təsadüf idi, yoxsa...

Əslində, beynəlxalq jurnalistika beynəlxalq münasibətlərin tərkib hissəsidir. Şöbə 1999-cu ilə qədər fəaliyyət göstərdi və bu müddət ərzində həm bakalavr, həm də magistr səviyyələrində yüksək biliyə, zəngin dünyagörüşünə malik jurnalist kadrları yetişdirilirdi. Bu kadrlar ən nüfuzlu sahələrdə, o cümlədən Xarici İşlər Nazirliyi sistemində özlərini lazımi səviyyədə göstərə bildilər. XİNin məsul əməkdaşları Aybəniz Bayramova və Mətin Mirzə, AzərTAc-ın Çin Xalq Respublikasında müxbiri Şahin Cəfərov, AzTV-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri lnar Məmmədli və başqaları belə kadrlardandır. AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov, jurnalistika fakültəsinin hazırkı dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev, uzun illər BDU mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışmış siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Pərvanə İbrahimova, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova beynəlxalq jurnalist kimi tanınmış kadrlardır. BDU-da fəaliyyət göstərən Rus mədəniyyət mərkəzinin rəhbəri Arzu Məmmədova da kafedramızın üzvüdür. Bu ərəfədə fərəhli bir xəbər də aldıq: Pərvanə İbrahimova Prezident Administrasiyasında məsul vəzifəyə götürülüb, Vəfa İsgəndərova isə MDİA-nın Naxçıvan Regional İdarəsinin müdiri təyin edilib.

Yetirmələrimizdən Elnur Niftəliyev “ASAN xidmət” mərkəzinin mətbuat şöbəsinə, Mehman Mehdiyev isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə rəhbərlik edirlər, Vüsalə Əliyeva Report İnformasiya Agentliyinin Fransa müxbiridir. Uzun illər ANS TV-də fəaliyyət göstərmiş eyla Tağıyeva doğma kafedranın yubileyini İstanbuldan təbrik edir. Tövhə eynalova MSK-da, Natiq Pənahlı “Xəzər” televiziyasında məsul vəzifədə çalışırlar. Məzunlarımızdan Cəsarət Hüseynzadənin, Fatma Hüseynovanın, Süsən Quliyevanın xoş soraqları bizi sevindirir. Deməli, burada təsadüfi heç nə yoxdur.

– Həmid müəllim, beynəlxalq jurnalist kadrlarının hazırlanması nə dərəcədə vacibdir Zəruri dərs vəsaitləri, ədəbiyyatlar yetərlidirmi?

–Əlbəttə, ölkəmizi xaricdə, o cümlədən jurnalistika sahəsində yüksək səviyyədə təmsil edə biləcək kadrlara böyük ehtiyac var. Beynəlxalq jurnalistika kafedrası yaradıldıqdan sonra, yəni 20 il ərzində çox böyük işlər görülmüş, jurnalist təhsilinin səviyyəsinin yüksəldilməsinə, professor-müəllim heyətinin tapşırıqların yerinə yetirməsi sahəsində məsuliyyətinin artırılmasına nail olunmuşdur. Kafedranın üzvləri çox sayda dərsliklər, dərs vəsaitləri, metodiki tövsiyələr və proqramlar yaratmışlar. Həm bakalavr, həm də magistr səviyyələrində proqramlar lm və Təhsil Nazirliyinin və BDU-nun qrifləri ilə çap olunmuşdur. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mənim “Xarici ölkələrin jurnalistikası tarixi”, “Dünya informasiya agentlikləri”, “Beynəlxalq jurnalist təşkilatları”, “Mark Tven jurnalist kimi” dərs vəsaitlərim, professor Nəsir Əhmədlinin “ urnalistin nitq mədəniyyəti”, “Con Milton və onun “Aeropagitika” əsəri” dərslikləri, siyasi elmlər doktoru Sabir Məmmədlinin “Beynəlxalq jurnalistika: təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi” və “Avropa Şurası və ATƏT-in media siyasəti” monoqrafiyaları, “Beynəlxalq jurnalistika media sistemində” və “Müstəqil Azərbaycanın mətbuat sistemi: təşəkkülü və inkişafı 1991- 2000” dərs vəsaitləri, dosent İlham Mazanlının “KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi” monoqrafiyası və “ urnalistika və müasir dövrün qlobal problemləri” dərs vəsaiti, dosent Pərvanə İbrahimovanın və filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərovanın həmmüəllifliyi ilə çap olunmuş “ urnalistika” dərsliyi, filologiya elmləri doktoru Vüqar Əliyevin “Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı” və “Media imperiyası” monoqrafiyaları çap edilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qarşılanmışdır. Siyasi elmlər doktoru, professor Sabir Məmmədlinin son illərdə apardığı tədqiqatlar göstərir ki, dünyanın hər yerində yaşayan türkdilli xalqların müasir jurnalistikasını öyrənmək çox vacibdir.

– Kafedranın xarici ölkələrlə əlaqələri durmadan genişlənir, əməkdaşların və doktorantların elmi işləri həm ölkənin nüfuzlu elmi jurnallarında, həm də xarici ölkələrdə çap edilir...

Elədir. Son illərdə Misir Ərəb Respublikasının və ABŞnin Azərbaycandakı səfirlikləri ilə diqqətəlayiq əlaqələr yaradılmışdır. Misirin məşhur “Əl-Əxbar” qəzetinin baş redaktorunun müavini tələbələrimizə Misir mətbuatı haqqında mühazirə oxumuş, səfirliyin Bakıdakı mədəniyyət mərkəzi jurnalistika fakültəsinin müəllimləri və tələbələri üçün ərəb dilini öyrədən kurslar təşkil etmişdir. Türkiyə universitetlərinin jurnalistika fakültələri ilə sıx əlaqələrin yaradılması qarşılıqlı səfərlərin təşkilinə imkan vermişdir. Kafedranın doktorantları AzərbaycanTürkiyə münasibətləri sahəsində elmi-tədqiqat işləri aparmaqdadırlar. Qazaxıstanla münasibətlər yarada bilmişik. 2018-ci ildə Qumilyov adına Yeni Avrasiya Universitetinin jurnalistika və politologiya kafedrasının müdiri Ayazbi Beysenkulov kafedramızda olmuş və təcrübəmizi öyrənmişdir. 2018–2019-cu dərs ilinin birinci yarısında 8 nəfər qazaxıstanlı magistr tələbə müəllimlərimizin mühazirələrini dinləmişlər. Bu, tələbə mübadiləsi üçün zəmin yaratmışdır. Heç təsadüfi deyildir ki, cari dərs ilinin əvvəlində Qazaxıstanlı Aliyə Abışova kafedramızın 1-ci kurs magistrantları sırasına qəbul edilmişdir. Hər il magistratura şöbəsinə Çin Xalq Respublikasından gəlmiş 3-4 nəfər çinli tələbə daxil olur. Onların dissertasiya işləri əsasən mətbuatda Azərbaycan–Çin münasibətlərinə həsr edilir.

Beynəlxalq təşkilatlarla da yaxşı əlaqələr qurulmuşdur. UNİCEF-in xətti ilə kafedranın 3 əməkdaşı Rumıniyada və İrlandiyada elmi konfranslarda olmuş və bunun nəticəsi kimi “Uşaq hüquqları və jurnalistika” bizdə də tədris olunmağa başlamışdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə əlaqələr yaratmağımız, fakültədə yeni fənnin – “Beynəlxalq humanitar hüquq və jurnalistika” fənninin tədris olunmasına şərait yaratmışdır.

– Kafedranın bugünü haqqında nə deyərdiniz?

Yeni yaradılanda cəmi 5 nəfəri birləşdirən beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının hazırda 11 üzvü var. Son 20 ildə kafedranın 3 üzvünün elmlər doktoru, 7 nəfərin fəlsəfə doktoru elmi adına yiyələnməsi, 13 nəfər doktorantın hazırlıq işlərinin davam etdirilməsi kafedrada zəruri elmi potensialın formalaşmasından xəbər verir. Bu, həm də beynəlxalq aləmdə jurnalist kadrlara olan ehtiyacın və ölkəmizin yüksələn nüfuzunun göstəricilərindən sayıla bilər.

– Çox sağ olun, doğrudan da, Azərbaycanın bugünkü uğurlarını dünyaya tanıdan jurnalist kadrlara böyük ehtiyac var.

Müsahibəni hazırladı:  

Namiq QƏDİMOĞLU

XQ

 

 

Müsahibə