Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib.
Panel sessiyada çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Forumun ənənəyə çevrildiyini bildirib. Nazir müavini qeyd edib ki, dünyanın bir çox ölkələrində terror aktları törədilir, insanlara qarşı ayrı-seçkilik aparılır. Ksenofobiya bəşəriyyətin tərəqqisini əngəlləyir, zorakılıq, münaqişə, terrorizm təhlükəsini artırır. Bəzi dairələr xalqlar və dinlər arasında münaqişələri alovlandırırlar. Problemin həllində təməl amil kimi təhsil olmalıdır.
Nazir müavini çıxışında Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin başlıca məqsədindən söz açıb. Bildirib ki, bu layihə təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırır: “Bu gün azərbaycanlı məktəblilər olimpiadalar və yarışlarda iştirak edirlər. Belə tədbirlər gənc yaşlarda mədəniyyətlərarası dialoq və xalqlar arasında həmrəylik yaradır. Hazırda Azərbaycanda ali təhsil müəssisələrində 10 minədək əcnəbi tələbə təhsil alır.
Ümumilikdə, xaricdə dövlət proqramları çərçivəsində 4500-ə yaxın gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb”.
ABŞ-ın Corc Meyson Universitetində Cimmi və Rozalin Karter Sülh və Münaqişələrin Həlli Məktəbinin dekanı Alpaslan Özerdem çıxışında bildirib ki, təhsil az maliyyələşdirilən sahədir. Burada sosial və mədəni baryerlər var. Adət-ənənə baryerləri köklərimizə qədər dərinləşib və bunları dəyişdirmək çətindir. İnkişaf etməkdə olan ölkələrdə gənclər iş tapmaqda çətinliklərlə qarşılaşırlar: “Ksenofobiya və ayrı-seçkilik adətən kiberməkanlarda baş verir. Bunların qarşısını almaq olduqca çətindir. Ksenofobiya və ayrı-seçkilik haqqında danışanda siyasi qütbləşmədən danışmaq lazımdır”.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, biz müxtəlif mədəniyyətlərin qovşağında yaşayırıq və bu, bizim həyat tərzimizdir. Lakin radikal ekstremist ideologiya və tolerantlıq arasında mübarizə var. Bəzən resurslar məhdud olur. Belə anlarda yaradıcı olmaq lazımdır.
ADA Universitetində Afrika, Asiya ölkələrindən tələbələrin cəlb edilməsi üçün proqramlar var. Onlar ölkəmizin mədəniyyəti ilə tanış olurlar. Kibermühit yeni fenomendir. Biz bu məsələləri nəzarətdə saxlamalıyıq. Çoxşaxəlilik yaratmalıyıq və kurikulumdan kənar fəaliyyətdə də bunları tətbiq etməliyik”.
Panel sessiyada, həmçinin “Alfred Deakin” Vətəndaşlıq və Qloballaşma İnstitutunun təsisçisi professor Feti Mansuri, Beynəlxalq Pedaqoqlar Assosiasiyasının (NAFSA) prezidenti və baş icraçı direktoru Fanta Av, Ərəb Birliyinin Təhsil, Mədəniyyət və Elm Təşkilatının (ALECSO) baş direktoru professor Mohammad Old Omar, Barselona Diplomatik Məktəbinin direktoru Xoakim Balselsin, Pekin Universitetinin İncəsənət Məktəbinin dekanı professor Fenq Penq, Oman Sultanlığının UNESCO-dakı daimi nümayəndəsi, səfir Həmid əl-Həmami çıxış ediblər.
Xatırladaq ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir.
***
Forum çərçivəsində növbəti panel sessiya “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar” mövzusuna həsr edilib.
Panel sessiya Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi və prezidenti Piter Mousaferiadisin moderatorluğu ilə keçirilib.
Sessiyada çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, Azərbaycan nizamlı miqrasiya proseslərini asanlaşdırmaq üçün strukturlaşdırılmış yollardan fəal şəkildə istifadə edir.
O bildirib ki, bu gün Azərbaycanın miqrasiya idarəetmə sistemi tam avtomatlaşdırılıb, miqrantlara göstərilən bütün miqrasiya xidmətləri elektron qaydada aparılır. “Geniş kommunikasiya kanallarımız, eləcə də maarifləndirmə tədbirləri vasitəsilə ölkəmizə gələn miqrantların mövcud miqrasiya qaydaları haqqında mütəmadi olaraq məlumatlandırılmasını təmin edirik. Maarifləndirmə ilə yanaşı, Azərbaycan nizamsız miqrasiyanı minimuma endirmək üçün əsas qabaqlayıcı strategiya kimi nizamlanmadan istifadə edir”, - deyə Vüsal Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan çoxmillətli ölkə kimi multikulturalizm dəyərlərinin təbliği dövlət siyasətində mühüm yer tutur ki, bu da miqrasiya idarəçiliyi sisteminin tərkib hissəsidir.
O əlavə edib ki, Azərbaycanda bütün millətlərin və etnik qrupların nümayəndələrinin vahid ailə kimi, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşaması baxımından inteqrasiya proseslərinə yardım etmək məqsədi daşıyır. Müxtəlif kateqoriyalardan olan miqrantların hüquqlarının müdafiəsi və onların özlərini vətənlərindəki kimi hiss etmələrinin təmin edilməsi diqqət mərkəzindədir.
“Qeyri-qanuni miqrasiya probleminin həllinə və davamlı inkişaf üçün miqrasiya potensialının açılmasına gəldikdə, ikitərəfli və çoxtərəfli tərəfdaşlığın təşviqi bizim diqqət mərkəzimizdə olan digər sahədir. Biz müntəzəm miqrasiyanın təşviqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qabaqcıl təcrübə mübadiləsinin asanlaşdırılması və miqrantların hüquqlarının müdafiəsi məqsədilə mənşə və təyinat ölkələri ilə ikitərəfli müqavilələr imzalamışıq. Azərbaycan çoxtərəfli səviyyədə “Çempion ölkələri” sırasına daxil olmaqla Miqrasiya üzrə Qlobal Sazişin fəal müdafiəçisi olub, regional və qlobal səviyyədə məlumatlılığın və potensialın artırılması istiqamətlərində vasitəçi rolunu oynayıb və müxtəlif çoxtərəfli təşəbbüslərə rəhbərlik edir”, - deyə xidmət rəisi qeyd edib.
Daha sonra Türkiyənin Baş ombud-smanı Şərəf Malkoç, “Agora Diplomatica”nın prezidenti Pablo Fontanal Errera, Qlobal Dialoq Fondunun sədri və icraçı direktoru Piter Gorgievski, Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya və sərhədlərin subregional idarəetmə mütəxəssisi Pier M.Rossi-Longhi, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Ramil İsgəndərli və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri xanım Kanako Mabuchi panel sessiyada məruzələrlə çıxış ediblər.
***
Forum çərçivəsində “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi - qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son illər dünyanın simasının dəyişdiyini, hazırda sülh və təhlükəsizlik məsələsinin bütün platformalarda vacib bir mövzuya çevrildiyini bildirib. Qeyd edib ki, dünyanın bu gün sülh və təhlükəsizliyinin təmin olunmasına çox böyük ehtiyacı var. “Mədəniyyətlərarası toqquşmanın daha da dərinləşməməsi üçün biz təcili hərəkətə keçməliyik. Biz forumda, eyni zamanda, müxtəlifliyin harmoniyasından istifadə edərək dünyamızı birliyə səsləyəcəyik. Hesab edirəm ki, qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların başlıca mövzusuna çevrilməlidir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətlərində qadınların iştirakı çoxalır. Bu, Azərbaycanın demokratik ənənələrindən irəli gəlir”, - deyə komitə sədri vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin Qadın və kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan çıxışında Türkiyədə qadın hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. O, ölkəsinin BMT ilə birgə keçirdiyi proqramın əhəmiyyətindən danışıb.
Uqandanın gender, əmək və sosial inkişaf üzrə naziri Betti Amongi Ongom isə indi əsas məqsədin çiçəklənən cəmiyyətin mədəni baxımdan tam formalaşması olduğunu qeyd edib. İnsan və qadın hüquqlarının əhəmiyyətindən danışan xanım nazir UNESCO-nun 2015-ci ildə qəbul edilmiş Konvensiyasına diqqət çəkərək mədəni hüquqların mühafizə edilməli olduğunu bildirib.
Digər çıxış edənlər bəzi ölkələrdə qadınların cəmiyyətdən təcrid olduqlarını, qadın hüquqlarının pozulduğunu, azyaşlıların insan alverinin qurbanına çevrildiyini və digər məsələləri diqqətə çatdırıb, problemlərin həlli yolları ilə bağlı fikirlərini bölüşüblər.
XQ