Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər davam edir.
Aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub.
Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, həmçinin yerli və xarici media təmsilçiləri iştirak edirlər.
Tədbirin əsas ideyası müstəmləkəçi ölkənin məqsədyönlü mədəni assimilyasiya siyasətini tənqid etməklə ondan maksimum dərəcədə xilas olmaqdır.
Konfransın “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər.
Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”, – deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür.
Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.
“Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi qeyd edib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.
Sonda Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası memorandum imzalayıblar. Memorandumun imzalanması gələcək əlaqələrin inkişaf perspektivlərinin müəyyən olunması və əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
XQ