I Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

post-img

Aprelin 30-da Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası jurnalistlər üçün brifinq keçirib. 

İtkin düşmüş şəxslərin yaxınlarının da iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşənlərin, eyni zamanda, Laçında kəskin hava şəraitində itkin düşmüş iki əsgərin axtarışlarının davam etdiyini bildi­rib. O deyib ki, sonuncu itkinin taleyi mə­lum olana qədər proses davam edəcək.

Eldar Səmədov xatırladıb ki, Dövlət Komissiyası 1992-ci ildən fəaliyyət göstə­rir. Komissiyanın fəaliyyəti dövründə itkin düşmüş şəxslərin siyahısı dəqiqləşdirilib, itkin ailələri ilə çox ciddi iş aparılıb. İndiyə­dək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb.

Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini – kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri Orxan Rzayev bil­dirib ki, işğaldan azad edilmiş ərazilərdə hazırkı vaxtadək 18 kütləvi məzarlıq aş­karlanıb. Həmin kütləvi məzarlıqlarda azı 172 nəfərə məxsus meyit qalıqları tapılıb. Onlardan 55 nəfərinin şəxsiyyəti eyniləş­dirilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru, birinci dərəcəli hüquq­şünas Selcan Familzadənin sözlərinə görə, respublikanın 13 şəhər və rayonun­da yerləşən 21 qəbiristanlıqda birinci Qa­rabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid mə­zarlarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib.

“Aprelin 27-dək, ümumilikdə, azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkarlanıb”, – deyə S.Familzadə qeyd edib.

Brifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb. 

XQ

Son xəbərlər