Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması üçün hazırda olduqca əlverişli şərait yaranıb. Ölkəmiz 2020-ci ildə 44 gün ərzində Vətən müharibəsi apararaq torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi. 2023-cü il sentyabrın 19-da başlanan və bir sutkadan az davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunun qalan əraziləri üzərində də suverenliyimiz bərpa olundu. Qarabağın müəyyən hissəsini nəzarətdə saxlayan separatçı rejim süqut etdi. Onun sonuncu “qlavarı” sentyabrın 28-də bununla bağlı “sənədi” imzaladı.
Həmin ilin oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Noyabrın 8-də – Zəfər Günündə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, ölkəmizin ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 2024-cü il aprelin 17-dən, yəni vaxtından əvvəl Azərbaycandan çıxarılması prosesinə başlanıldı. İki gün sonra – aprelin 19-da Ermənistan tərəfi Qazax rayonunun işğal altındakı 4 qeyri-anklav kəndinin qaytarılmasına razılaşdı. Bununla bağlı iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə razılığa gəlindi. Beləliklə, Azərbaycanın gücü, qüdrəti hesabına bölgədə tamamilə fərqli, yeni geosiyasi reallıqlar yarandı.
Ancaq bunlar bizə heç də asan başa gəlmədi. İndi sülhdən dəm vuran Paşinyanın müharibəyə qədərki ritorikası, ifadə tərzi, üslubu yaddaşlardan silinməyib. O, hələ 2018-ci ildə İrəvandakı “Respublika” meydanında keçirilən etiraz aksiyaları zamanı “Yaşasın son nəticədə Ermənistanın bir hissəsi olacaq Artsax respublikası!” demişdi.
Baş nazir olduğu dövrdə – 2019-cu ilin avqustunda Paşinyan Xankəndiyə gəlmiş və burada keçirilən mitinqdə “Qarabağ Ermənistandır və nöqtə” fikrini səsləndirmişdi. Onun müdafiə naziri David Tonoyan 2019-cu ilin martında “Yeni müharibə – yeni ərazilər” adlı qondarma tezisini ortaya atmışdı. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, 2019-cu il martın 29-da Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirilmişdi. Tonoyan isə həmin vaxt ABŞ-də rəsmi səfərdə idi. O, iki ölkə rəhbərinin danışıqlarından dərhal sonra Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşdə demişdi: “Müdafiə naziri kimi deyirəm ki, mən “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə – yeni ərazilər” formuluna çevirmişəm”. Onu da bildirək ki, istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dollar mənimsəməkdə ittiham olunan Tonoyan 2021-ci ilin sentyabrından həbsdədir.
Paşinyanın digər yaxın tərəfdarı, 2019-2021-ci illərdə parlamentin sədri, həmin tarixdən xarici işlər naziri olan Ararat Mirzoyan isə “Facebook” səhifəsində yazmışdı: “Bu müharibə Azərbaycan Ordusunun tam məhv edilməsi ilə başa çatacaq”. Belə nümunələrin sayı çoxdur. Onların hamısını sadalamaq niyyətində deyilik.
Tanınmış siyasi təhlilçi Orxan Amaşov XQ-yə açıqlamasında bildirib ki, Paşinyan tərəfindən Ermənistanın Qarabağa iddiasının olmadığına dair fikirlər əvvəllər də səsləndirilmişdi. Onun sözlərinə görə, erməni baş nazir bir müddətdir “Qarabağ Azərbaycandır!” fikrini erməni xalqına mərhələli şəkildə çatdırmağa çalışır. Bu baxımdan onun sülh gündəmini ardıcıl təbliğ etməklə bağlı açıqlamasında qeyri-adi heç nə yoxdur: “Paşinyan ötən il Ermənistan dövlətinin “kadastr şəhadətnaməsi” almasına ehtiyac olduğunu bildirmişdi. Bu şəhadətnamə, sözsüz ki, Azərbaycanla imzalanacaq sülh müqaviləsini özündə ehtiva edən sənəddir. Paşinyan tərəfindən bu cür müsbət fikirlər son illərdə daim səsləndirilib. Amma biz onun xarakterini nəzərə almalıyıq. O, bəzən bir addım irəli, iki addım geri atır. Biz bəzən də bunun əksini müşahidə edirik. Dəyişkən tipli fiqurdur. Lakin onun bütün bu xüsusiyyətləri 2024-cü ildə özünü tam anlamda göstərməyib”.
O.Amaşov qeyd edib ki, artıq bütün məsələlər həll olunub. Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olunub, Rusiya sülhməramlıları ölkəmizin ərazisindən çıxır. Yəni, Qarabağ komponenti bizim müzakirə mövzumuz deyil: “Əslində, çoxdandır ki, müzakirə mövzumuz deyil. Bu məsələ artıq qətiləşib. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən beynəlxalq forumda bildirdi ki, sülh müqaviləsi prosesinə əsas maneə Ermənistanın müqaviləyə Qarabağla bağlı komponent əlavə etmək istəyi ilə bağlı idi. Bu, 2023-cü ilin sentyabrınadək davam etdi. Azərbaycan yerdə vəziyyəti dəyişdirdi. Bundan sonra onlar bunu iddia edə bilmədilər. Sentyabrdan sonra 70 gün ərzində sülh müqaviləsi ilə bağlı bizim təkliflərimizə cavab vermədilər. Sonra isə bu iddiadan geri çəkildilər. Ona görə də, bu, keçmiş məsələdir”.
Politoloq bildirib ki, 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin ümumi siyasi baza kimi əhəmiyyəti var. Amma dövlət başçımızın qeyd etdiyi kimi, biz məsələyə yaradıcı yanaşmalıyıq: “Yəni, “delimitasiya 1991-ci il sərhədləri əsasında olmalıdır” fikri bizə çox şey demir. Həmin sənəd bazadır. Amma hər bir seksiya üzrə biz müvafiq addımları atmalıyıq. Müsbət məqam ondadır ki, biz 4 kəndin qaytarılmasına ikitərəfli qaydada aparılan danışıqlar yolu ilə, hərbi resurslar istifadə etmədən nail olduq. Sərhədin o hissəsi mürəkkəb hissədir. Yəqin ki, anklavlar məsələsində də müəyyən irəliləyişlər olacaq. Prinsipcə, Paşinyanın dediklərində qeyri-adi heç nə yoxdur. İndiki prosesin əsas, fundamental xüsusiyyəti ondan ibarətdir ki, Ermənistan da bizimlə eyni fikirləri deməyə məcbur vəziyyətə gəlib. Bu, müsbət haldır və Azərbaycanın yerdə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməsinin nəticəsidir”.
Bununla belə, O.Amaşov qeyd edib ki, Ermənistanda türkofobiya, onun komponenti kimi Azərbaycanofobiya mövcuddur və bundan sonra da mövcud olacaq. Bir neçə gün öncə İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması məsələsi xüsusi olaraq araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Amma Ermənistanda anti-Paşinyan ruhlu, Rusiya meyilli revanşist seqment var: “Yeri gəlmişkən, onların keçirdikləri aksiyalara qatılanların sayı elə də çox deyil. Revanşist seqmentin potensialı çox aşağıdır. Bu, hamı tərəfindən anlaşılır və əlbəttə, narahatedici bir siqnaldır. Amma xoşbəxtlikdən Ermənistanda onların nüfuzu aşağıdır. Əgər onlar Paşinyanı devirmək iqtidarında olsaydılar, 2021-ci ilin iyununda bunu edərdilər. Həmin vaxt Ermənistan müharibədən məğlub çıxmışdı, Paşinyanın nüfuzu çox aşağı idi. Amma revanşistlər qalib gələ bilmədilər”.
Politoloq bildirib ki, Ermənistanda adi insanlarda da türkofob elementlər çox güclüdür: “Onlar bizə etibar etmirlər. Ümumiyyətlə, müstəqil olmaq qabiliyyətində də deyillər. Ermənistanı həmişə kiminsə forpostu olaraq görürlər. Azərbaycana nifrət ruhunda yaşayırlar. İnanılmaz iddiaları var. Tamamilə fantaziya janrında yaşayır, ağıllarına gələni danışırlar. “Böyük Ermənistan” xülyası ilə ömür sürürlər. Onlar “uzun müddətdir türk işğalı altında olan Qərbi Ermənistan”, “müvəqqəti Azərbaycan işğalı altında olan Qarabağ” kimi sözlər işlədirlər. Yəni, bu düşüncə ilə yaşayan insanlardır və reallıqla heç bir əlaqələri yoxdur. Ermənistanda elə insanlar var ki, “Vilson Ermənistanı”ndan danışırlar. Onlardan başqa nə gözləmək olar?”
O.Amaşov onu da deyib ki, Paşinyan ölkəsini dəyişdirmək istəyir, amma söhbət Nikolun iradəsindən getmir. Paşinyanı buna biz məcbur etmişik: “Paşinyan Qərbdə yaşayan bəzi azərbaycanlı jurnalistlərin və blogerlərin dedikləri kimi, sülhpərvər insan deyil. Onu sülhpərvər olmağa biz məcbur etdik. İkinci Qarabağ müharibəsi zamanı ağır məğlubiyyətə uğradı, sonra Ermənistanı sərhəddə əzdik. Qarabağda suverenliyimizi bərpa etdik. Prinsip etibarilə Nikol bundan sonra başqa nə deyə bilərdi? Bu gün Paşinyanı pozitiv, müsbət görünməyə məcbur edən Azərbaycan dövlətinin yerində atdığı legitim addımlardır. Legitim gücdən istifadə komponenti bizim arsenalımızda qalır. Biz 4 kəndin geri qaytarılmasını danışıqlar yolu ilə həll etdik. Bizim əlimizdə olan güc, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özümüzü müdafiə üçün Ermənistana zərbə endirmək hüququmuzun olması, təbii ki, İrəvanı müəyyən məsələlərdə konstruktiv olmağa məcbur edir. Paşinyandan müsbət hansı addım görürüksə, onun arxasında Azərbaycanın gücü dayanır. O, özbaşına, şəxsi istəyinə, yeni reallıqları anlamaq qabiliyyətinə görə, heç bir pozitiv addım atmaz. Pafosa keçmək istəmirəm, ancaq hər şeyin arxasında Azərbaycanın “dəmir yumruğ”u dayanır”.
Onu da bildirək ki, Paşinyan, hətta, 2020-ci ilin noyabrında təslimolma aktına imza atdıqdan sonra da özünü təkəbbürlü, ədalı aparırdı. Sanki məğlub olan onun ölkəsi deyildi. Müharibədən sonra Azərbaycan və Ermənistan liderləri arasında 2021-ci il yanvarın 27-də Moskvada keçirilən ilk görüşdən sonrakı mətbuat konfransında Paşinyan “Qarabağ münaqişəsinin həllini tapmadığını” iddia etmişdi. Üstəlik, müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdı.
Sərhədin delimitasiyası üzrə işçi qruplar yaradılsa da, danışıqlar sərhəddə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. Bütün bunlar isə onun göstərirdi ki, biz başladığımız işi axıra çatdırmalı, “dəmir yumruq” öz gücünü yenidən təcavüzkara göstərməli idi. Beləliklə, 2021-ci ilin mayında baş verən “Qaragöl insidenti”, həmin ilin noyabrında sərhəddə yaşanan birinci silahlı toqquşma, müharibədən sonra ən şiddətli döyüşlərin yaşandığı 2022-ci ilin sentyabr döyüşləri Paşinyana və onun hökumətinə yaxşı dərs oldu. Beləliklə, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan bir il öncə – 2023-cü il mayın 23-də İrəvanda keçirdiyi mətbuat konfransında “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldu. Həmin ilin sentyabrında ölkəmizin bütün ərazisi üzərində suverenliyimizin tam bərpası Qarabağ məsələsinin Ermənistanla danışıqlarda gündəmdən tamamilə çıxarılmasına səbəb oldu. Ona görə də yazımızın girişində hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin yarandığını qeyd etmişik. Əgər onlar yaranmış fürsəti dəyərləndirsələr, bu vəziyyətdən Ermənistan da daxil olmaqla bütün region ölkələri faydalanacaq. Dəyərləndirməsələr, Hayastan düşdüyü çıxılmaz vəziyyətdə qalmaqda davam edəcək.
Səxavət HƏMİD
XQ