XIII MƏQALƏ
Kim tarixin dərslərini unudursa, onları təkrarlamağa məhkumdur
Corc SANTAYANA
Biz milli ideyanın yeni tarixi mərhələdə məzmunu ilə bağlı çox maraqlı və əhəmiyyətli bir araşdırma aspektinə gəlirik. Çünki türk dövlətləri tarixində ilk dəfə olaraq konkret türk dövləti milli ideyasını regional təşkilat səviyyəsinə proyeksiya etməyə çalışır. Tarixi, mədəni, siyasi və geosiyasi baxımdan mürəkkəb məsələdir. Çünki burada söhbət milli ideyadan gedirsə, məsələ fundamental əhəmiyyət kəsb edən tarixi-geosiyasi seçimlə bağlıdır. Bu zaman müstəqillik üçün çox əhəmiyyəti olan prinsiplərin gözlənilməsi arxivacibdir. Onların sırasında dili, suverenliyi, müstəqilliyi və inkişaf ritmini saxlamaqla dövlətin hansı model üzrə milli ideya miqyasında digər dövlətlərlə uzunmüddətli əlaqələr qura bilməsinin fəlsəfəsi xüsusi yer tutur. Bu dövlətlər eyni soya və kökə sahib olsalar da, hər birinin özəl maraqları mövcuddur və bu da təbiidir. Eyni zamanda, həmin özəl maraqların hər bir təşkilat üzvünə fayda verə biləcək dərinlikdə ödənilməsi önəmlidir.
Məsələnin həllinə Azərbaycan Prezidentinin ümumi tezisi və ayrıca 8 təməl şərtləri prizmasında yanaşmaq doğru olardı.
Türk dünyası – vahid ailə
Düşünürəm ki, Azərbaycan Prezidenti türk xalqlarının münasibətlərini geosiyasi, siyasi, ideoloji, mənəvi-əxlaqi və mədəni aspektlərdə xarakterzə etmək üçün təsadüfən “ailə” anlayışını önə çəkməmişdir. Çünki hər bir türk və müsəlman xalqı üçün ailə cəmiyyətin özünütəşkilinin baza lokal strukturudur. Ailə həm də substantiv vahid kimi fundamental rol oynamır – funksional olaraq da ailə türk toplumunun özünütəşkil mexanizmidir. Bunu xarici filosof, tarixşünas və etnoqrafların da araşdırmaları sübut edir. Nümunə kimi “Vyana məktəbi” adlanan bir qrup avropalı araşdırmaçının qədim türk sosial-mədəni və psixoloji özəlliklərini araşdırmaqla gəldiyi nəticələri göstərə bilərik. Onların nümayəndələri V.Şmidt, V.Koppers, O. Menghin, F. Florla yanaşı, V.Radolf və başqaları “savaşçı çobanlar” (“Hirle ikrieger”) anlayışını daxil etmişlər. Bu anlayışla avropalı araşdırmaçılar türklərin ailə kültürünü dünyaya genişləndirməsinin sosial, fəlsəfi, kulturoloji və tarixi dinamikasını ufadə etməyə çalışmışlar.
Professor İbrahim Qəfəsoğlu yazır ki, avropalı tədqiqatçılara görə, türklər çox passionar şəkildə “savaşçı çobanlar” mədəniyyətini dünyaya yaymaqla prinsipial olaraq yeni kültür sahəsi formalaşdırmışlar ki, bu da indi qərblilərin “sivil kültür” adlandırdıqları fenomeni meydana gətirmişdir. Deməli, türk ailə fəlsəfəsi və kültürü, faktiki olaraq, dünya miqyasında mədəniyyətin təkamülünə müsbət təsir göstərmişdir. Bəs türk ailə kültürünün başlıca xüsusiyyətləri nədən ibarətdir?
Türk ailə kültürü
Yenə də Qərb tədqiqatçıları (məsələn, F. Flor, V.Radlof və s.) və türkiyəli araşdırmaçıların (məsələn, İ.Qəfəsoğlu, O.Turan, M.Ergin, A.Tutar və başqaları) gəldikləri qənaətlər göstərir ki, türk ailə modeli heyranedici səviyyədə kökə bağlılıqla dünyəviləşməni ədalət, hüquq, haqq, qanun, İlahi nizam kontekstində özündə ehtiva etmişdir. Mən bu qənaətə “Heydər Əliyev və yeni liderlik: fəlsəfi təhlil” adlı monoqrafiya üzərində işləyərəkən çox sayda Qərb, Rusiya, Çin, Türkiyə və digər araşdırmaçıların türklərlə bağlı apardıqları tədqiqatların fəlsəfi ümumiləşdirməsi əsasında gəlmişəm. Bu araşdırmalarda elə maraqlı və əhəmiyyətli məqamlar vardır ki, Azərbaycan ailə modelinin potensialına heyran olursan. Burada etnikliklə bəşərilik, hüquqla qanun və ədalət, ədalətlə sülh, sülhlə dövləti idarəetmə fəlsəfəsi maraqlı şəkildə qarşılıqlı əlaqədədir. Həmin məsələnin fəlsəfi detallarına “idraki səyahət” etdikcə Azərbaycanın mənəvi, sosial, kültürəl və psixoloji böyüklüyünü görürsən.
Bunun işığında Azərbaycan Prezidentinin həm bu mövzunu çox dərindən və gözəl bildiyinə, həm də onu məharətlə müasir dövrün tələbləri səviyyəsində siyasətə proyeksiya etdiyinə əmin olursan. Heydər Əliyevin siyasi varisi kimi İlham Əliyev heç bir əsas tezisini təsadüfən demir. Onun arxasında dərin və ciddi fəlsəfi, elmi, siyasi, nəzəri və praktiki təcrübi məqamlar dayanır.
İlham Əliyev bütün arqumentlərini və tezislərini mükəmməl şəkildə dövlətçilik və liderlik ənənəmizlə əlaqələndirir, onların fonunda yeni fikir formalaşdırır. Azərbaycan Prezidenti dərin və mürəkkəb fəlsəfi məqamları sadə siyasi tezis formasında təqdim etmək məharətinə malikdir. Bunu anlamaq və ona uyğun düşünmək Azərbaycan alimləri üçün məsuliyyətli vəzifədir. Əks halda, biz Azərbaycan Respublikasının müstəqilliyini, onun ümumtürk kontekstdə atdığı addımları, bəşəri miqyasda verdiyi töhfələri və ən əsası da sülh, barış, nizamlılıq, əməkdaşlıq missiyasını tam dərk edə bilməyəcəyik. Məhz bu arqumentlərə görə, mən Azərbaycan milli ideyasının yeni tarixi mərhələdə türk dövlətləri ilə bir təşkilatda fəaliyyət kontekstində baxmağı zəruri hesab edirəm. Bu məsələnin hər incə məqamında Azərbaycan Prezidentinin töhfəsi vardır. Həmin töhfələrin qaynağı isə Azərbaycanın ailə modelinin özəllikləridir!
Bütün bunlara görə, monoqrafiyada gəldiyim qənaətləri milli ideya kontekstində qısa şəkildə tədqim etməyi lazım bilirəm.
Birgəyaşam transformasiyaları
Türklər üçün bu, Oğuş – ailə, Urug – ailələr birliyi, Bod – boy, qəbilə (və ya bir siyasi təşkilata bağlı olan Ok), Bodun - boylar birliyi (siyasi baxımdan müstə-qil və asılı ola bilər), el – müstəqil topluluq, dövlət, imperatorluq formasında olmuşdur. Bu zaman ailə – ailələr birliyi, boy – boylar birliyi-el türk birgəyaşam formasının transformasiyaları kimi təsəvvür edilə bilər. Başqa ifadə ilə həmin prosesi struktur-funksional və kommunikasiya baxımından təkamül mərhələləri kimi qəbul edə bilərik. J.Hamilton və İ.Qəfəsoğlu bu transformasiyaları türk (o cümlədən, Azərbaycan) ailə modelinin genişlənməsi, özünütəşkili və strukturca, sayca, funksiyaca daha da nürəkkəbləşməsi kimi təqdim edirlər.
Daha maraqlısı ondan ibarətdir ki, türk ailə quruluşunda sosial, idari, hüquqi, çalışmaq və ünsiyyət üsulu qədim yunan (“genose”), latın (“gens”), slavyan (“zadruqa”) ailələrindən fərqlənmişdir. Qədim Yunanıstan və Romada ailə başçısı mülk üzərində qəti söz sahibi idi. Slavyan ailə başçısı bütün ailə üzvlərinə kölələri kimi əmr edə bilirdi. Yunan, latın və slavyan ailələrində övladlar söz və mülk sahibi olmaqdan məhrum idilər. Türklərdə isə ailə daxilində fərqli idari, hüquqi, sosial və psixoloji mühit hökm sürürdü. Türk ailəsi üçün otlaqlar və heyvan sürüsü ortaq mülkiyyət sayılırdı. Ailədə övlad söz sahibi idi (oğlan və ya qız fərqi yoxdu) və zamanı gələndə valideynin razılığı ilə “evlənmə” olurdu. Evlənmə “yeni ailə qurma, yeni yuva salma, yeni ev yaratmaq” mənasındadır (J.Hamilton və İ.Qəfəsoğlu).
Deməli, türk ailəsində bir təbii, öz-özünə, spontan genişlənmə, yayılma, çoxalma mexanizmi mövcud idi. Əhəmiyyətlidir ki, qədimdən türk ata (“qan”) və ana (“öy”) övladların evlənməsini təşkil edir, onlara müəyyən olunmuş qaydada mal-mülk (“cehiz”) verir və yeni ailə kimi bütün dəstəyi göstərirlər. Bunu etməyən valideynlər qınaq hədəfi olurlar (bu qayda indi də qalmaqdadır).
Buradan mühüm bir fəlsəfi qənaət əldə edilir: türk ailəsi ailədaxili mühitdə mövcud olan sosial, mədəni, kommunikativ və struktur özəlliklərindən çıxış edərək genişlənmişdir və bu mənada çoxalmış və böyümüşdür. Bu zaman digər toplularda olduğu kimi, türk ailəsi fərqlilikləri fərqləndirmək əsasında deyil, bütövlüyü, ümumiliyi, kollektivçiliyi və substantiv – funksional aspektdə harmoniyanı təmin etməklə böyümüşdür. Onun əsas mexanizmi isə qarşılıqlı dəstək, yardım, paylaşmaq və mənəvi-əxlaqi dəyərləri, törəni gözləmək olmuşdur. Bir türk ailəsinin gözlədiyi bu şərtlərin müasir türk dövlətləri arasında əməkdaşlığa transformasiyası çox əhəmiyyətli və maraqlı prosesdir.
İlham Əliyevin dövlətlərarası münasibətlər kontekstində ifadə etdiyi “türk ailəsi” nümunəsi bu səbəbdən baza müddəadır, söykənəcəkdir. Yəni Azərbaycan Prezidenti burada etnik fərqliliyi deyil, qədimdən gələn və əməkdaşlığa, sülhə, nizamlılığa, barışa, bütövləşməyə aparan dəyişməz mənəvi, mədəni, əxlaqi, hüquqi, psixoploji kodları nəzərdə tutur. Həmin mənada milli ideya türk dövlətlərinin təşkilatlanmasında ciddi yerini tutmalıdır! Eyni zamanda, aydın olur ki, türk ailə olmağın kökündə bütövlüyü, ümumiliyi, kollektivçiliyi və harmoniyanı təmin etmək dayanır. Bu faktorların təşkilatlanmada nə dərəcədə həlledici rol oynadığını, məncə, sübut etməyə ehtiyac yoxdur.
Onu da vurğulayaq ki, türk ailəsi “sinharmoniya” üzərində təşəkkül tapmışdır. “Sin” bütün mövcudatın kökündə, fövqündə, təməlində duran və bu dünyada var olan bütün birlik formalarının fövqündə dayanan universallıq kimi başa düşülür. Onda türk ailəsində ailədaxili mühitdə sinharmoniyanın olması, onun kökündə İlahi harmoniyanın dayandığı anlamını verır.
Lakin həmin məqam bu dünyada ailə üzvləri arasında münasibətlərdə konkret təcəssüm etməlidir. Yəni söhbət abstrakt və yalnız dini çərçivədə başa düşülən qarşılıqlı anlaşmadan (səbr və ya dözümlülükdən) getmir, daha dərin substantiv və kommunikativ qatlarda ailə mühitinin harmoniyasının təminindən gedir. Bu da öz növbəsində türk ailəsində uyuşmanı, uyğunluğu, qarşılıqlı münasibətlərdə harmoniyanı saxlamağın və çoxalmağın, yayılmanın özəl mexanizmlərinin olduğunu göstərir. Bütövlükdə, türk toplumlarının özünütəşkilinin proses kimi özəllikləri həmin təməl mexanizmlərə əsaslanır. İndi həmin mexanizmlər üzərində dayanaq.
Ailənin özünütəşkil mexanizmləri
Araşdırmaçılar türk ailəsinin özünü təşkil etməsinin sosial, hüquqi, iqtisadi (təsərrüfat) və mənəvi-əxlaqi aspektlərinin baza faktorlarını müəyyən etmişlər. Ancaq burada türklərlə bağlı bir sıra çətinliklər mövcuddur. İ.Qəfəsoğlu yazır ki, “qədim türk toplumlarının sosial quruluşu haqqında indiyə qədər irəli sürülən təsniflər həm oluşma, həm də adlandırılma baxımından bir-birinə uyğun deyildir”. Alim bunun iki səbəbini göstərir. Birincisi, hər bir araşdırmaçı məsələyə yal-nız öz peşəsi və yaşadığı tarixi dönəm çərçivəsində baxır. İkincisi, onlar hansısa bir türk zümrəsini (boyunu, xalqını) araşdırır və onu universallaşdırmağa çalışırlar. Reallıqda isə türklər fərqli coğrafi, sosial-mədəni, siyasi və geosiyasi məkanlarda mövcud olmuşlar və hər birinin dilinin öz “təbiri” (yalnız həmin dilin daxili mənalandırması sayəsində başa düşülən sözlərin işlədilməsi) vardır.
Lakin, bu fərqlilik o demək deyildir ki, ümumiyyətlə, türk qövmünü vahid yanaşma çərçivəsində müasir elmi meyarlar əsasında tədqiq etmək imkansızdır. Biz, bu məqamda İ.Qəfəsoğlunun mədəniyyət faktorunu önə çəkməsi ilə razılaşırıq və yanaşmamızda həmin tezis başlanğıc rolunu oynayır. İ.Qəfəsoğlu vurğulayır: “Bununla bərabər, Türk kültürü içində əslinə ən yaxın saydığımız Çöl kültürünün ümumi şəklini ortaya qoya bilərik. Bu xüsusda Gök-Türk topluluğunun sosial quruluşu hər halda fəaliyyətin çıxış nöqtəsi vəzifəsini yerinə yetirə biləcəkdir. Əsas qaynağımız isə Orxan-Yenisey kitabları olacaqdır”.
Beləliklə, türk toplumlarının özünütəşkilinin sosial, mədəni, siyasi, mənəvi, əxlaqi və iqtisadi aspektlərini özündə ehtiva edən konkret mexanizm olmalıdır. Həmin fenomen-mexanizm törədir. Araşdırmaçılar da qədim türk toplumlarında (ailə, qəbilə, tayfa, xalq) “törə” anlayışının (hüquq və qanun anlamında işlədilir) əsas rol oynadığını vurğulayırlar (Ö.Bağdatlı).
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru