Şvabe əndazəni aşır

post-img

Avropa Şurası və Almaniya deputatın məsuliyyətsizliyinə “dur!” deməlidir

Frank Şvabe. Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olan bu şəxsin qurumda Azərbaycan əleyhinə aparılan kampaniyanın müəllifi, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin fəaliyyətinin dayanmasının baiskarı olduğu hər kəsə yaxşı məlumdur. Bu ay o, özünün anti-Azərbaycan tezisləri ilə gündəmə gəlmişdi. Görünür, “Turan” İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi cəfəngiyyatlar ona azlıq edib. 

F.Şvabe yenidən “hərəkətə” keçib. Özü də bu dəfə daha ifrat formada. Deyəsən, almaniyalı parlamentari, öz aləmində, Azərbaycana hədə-qorxu gələ biləcəyini düşünür. O, “X” sosial şə­bəkəsindəki mikrobloqunda Azərbaycan hakimiyyətini “qeyri-legitim” adlandıra­caq qədər əndazəni aşması ilə diqqət çəkib. Hesab edirik ki, deputatın bu sa­yaq özbaşınalığına ölkəmizin əlaqədar strukturları reaksiya verəcəklər. Çünki Şvabenin ermənipərəstliyə köklənmiş Azərbaycan qərəzi patoloji xəstəliyə çevrilib. Xəstə isə müalicə olunmalıdır. 

Bəs F.Şvabe nə üçün bu qədər canfəşanlıq edir? Sən demə, Avropa Şurasının Vatslav Havel insan haqları mükafatı laureatı olduğu deyilən Anar Məmmədli həbs edilməməli imiş. Xa­tırladaq ki, hüquq müdafiəçisi A.Məm­mədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu, öz yerin­də. Hər halda, ortada konkret ittiham var. Yəni, kimsə məsələni mübahisələn­dirmək istəyirsə, bunun mexanizmi mövcuddur. Çox güman, barəsində it­tiham irəli sürülən şəxs öz hüquqlarını qorumaq üçün fəaliyyətə keçəcək. Bəs Şvabeyə nə düşüb? Təkcə ona görə ki, A.Məmmədli Avropa Şurasının mükafa­tının laureatıdır? Əlbəttə ki, yox!

Bəli, A.Məmmədliyə qarşı ittihamın irəli sürülməsi Şvabe və onun kimi an­ti-Azərbaycan ünsürlər üçün yalnız bə­hanədir. Məqsəd ölkəmizi dünya birli­yinin gözündən salmaqdır. Almaniyalı deputatın hədə-qorxusunun motivinə gəlincə, onun dedikləri bunlardır: “AŞ­PA-da Azərbaycanın geriyə yolu yoxdur: nə indi, nə də yanvarda”.

Müasir dövr Azərbaycan kinema­toqrafiyasının baxımlı ekran əsərlə­rindən olan “Bəxt üzüyü” filmində baş qəhrəman Moşunun işlətdiyi “Qoymu­yun, ayə, üstümə İrasim gəlir” ifadəsi var. Deyəsən, Şvabe özünü filmin digər qəhrəmanı Sevdaya (Seda) oxşatmaq qərarına gəlib. Sevda Rasimdən necə danışıb Moşunu qorxutmaq istəyirdisə, almaniyalı deputat da təxminən eyni tonda fikir bildirir və bizi ölkəmizin AŞ­PA-ya geri dönmək yolunun olmadığını deməklə qorxudur. 

Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti bu il yanvarın sonla­rında AŞPA ilə əməkdaşlığını və təşki­latda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar verib. Hə­min vaxt F.Şvabe BBC-nin Azərbaycan xidmətinə müsahibəsində məsələyə münasibət bildirmiş və demişdi ki, Azər­baycanda, guya, insan hüquqlarına və qanunun aliliyinə dair vəziyyət pisdir. Sən demə, Şvabe və dostları Azərbay­cana gəlib siyasi məhbuslarla görüşmək istəyiblər, lakin buna imkan verilməyib. 

O da məlumdur ki, almaniyalı depu­tatın siyasi məhbus anlayışına həm də Qarabağdakı separatçı rejimin keçmiş liderləri daxildir. Digər yandan, “siyasi məhbus” ifadəsinin özü qərəzli müna­sibətin göstəricisidir. Çünki bu baxışda Azərbaycan qanunvericiliyini pozaraq həbsə düşmüş şəxs anlayışı yoxdur. Hazırda A.Məmmədli də qanunvericiliyə etinasız yanaşmış biridir. Yəni, ortada ona qarşı ittiham var. 

Qeyd edək ki, BBC-yə əvvəlki müsa­hibəsində Azərbaycanda 2024-cü il fev­ralın 7-də keçirilmiş prezident seçkilə­rinə AŞPA-nın müşahidəçilərinin dəvət olunmadıqlarını iddia edən F.Şvabenin mövcud xüsusdakı müqayisəsi primi­tiv təsir bağışlamışdı. Belə təəssürat yaranmışdı ki, o, ATƏT-in seçkilərdəki müşahidəçilik missiyasına qısqanclıqla yanaşır. Digər tərəfdən, AŞPA-nın işi heç də yalnız insan hüquqları sahəsin­də monitorinq aparmaqdan ibarət deyil. Halbuki, alman parlamentari bunu san­ki ehkamlaşdırmaq yolu tutur. F.Şvabe “Turan”a müsahibəsində isə bildirmişdi ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun qayta­rılması AŞ-nin tələbləri yerinə yetirildiyi təqdirdə mümkündür, ancaq Bakı hələ­lik belə bir istək nümayiş etdirməyib. 

Onu da vurğulayaq ki, Azərbaycanın öz prinsipləri var. AŞ-nin üst eşelonu nəzərə almalıdır ki, Şvabe kimi səslə­rinə etimad etdikləri şəxslər hərəkət və davranışları ilə böhranı daha da dərin­ləşdirirlər. Digər tərəfdən, nümayən­də heyətimizin addımı nəinki AŞ-nin, bütövlükdə, Avropanın və dünyanın aparıcı təşkilatlarının ermənipərəstlik mərəzindən qurtulması üçün də siqnal olmalıdır. Bu təşkilatlar Ermənistanın və havadarlarının siyasi oyunlarında alətə çevrilərək, anti-Azərbaycan mövqe tutmaqla, dünya üçün son dərəcə təh­lükəli presedent formalaşdırırlar. Çünki hərəkətləri, böyük ölçüdə, separatizm və ekstremizm xüsusundakı siyasi avantürizmə dəstəkdir. Elə Şvabe də bu dəstəyin icraçı subyektlərindəndir. 

Bəli, prinsiplərinə sadiq qalan Azər­baycan rəsmi səviyyədə bəyan edib ki, ölkəmiz hazırkı fəaliyyət strukturuna malik AŞ ilə yollarını tamamilə ayırmaq barədə düşünür. Çünki qurumun ölkə­mizə heç bir faydası yoxdur. 

İnsan haqları sahəsində öncüllüyü bəyan edən təşkilat otuz ildə bir milyon azərbaycanlının qaçqın və məcburi köç­kün həyatı yaşamasına qiymət vermə­yib. Hazırda onun tutduğu ermənipərəst mövqe isə o anlama gəlir ki, təcavüzkar, zorakılığa yol verən Ermənistan yox, Azərbaycandır. Əlbəttə, belə yanaşma, bütövlükdə, AŞ-ni prinsipsizləşdirir. Bu münasibət qurumu ədalətsizlik üçün vasitəyə çevirir. Deməli, AŞPA nə vaxt prinsipsizliyindən, buqələmunluğundan daşınar, o zaman Azərbaycan onun­la əməkdaşlığa, qurumda təmsilçilik məsələsinə baxa bilər. F.Şvabenin seç­diyi ton isə AŞPA-nın konstruktivlikdən uzaqlığının növbəti sübutudur. 

Ə.RÜSTƏMOV
XQ



Siyasət