“Türkiyə və Ermənistan liderlərinin son açıqlamaları onu göstərir ki, tərəflər tarixi inciklikləri bir kənara qoyaraq, mövcud reallıqlar və maraqlar əsasında hərəkət etməyə hazırdırlar. Ona görə də İrəvan sülh sazişini imzalayan kimi Türkiyə–Ermənistan sərhədi açılacaq və mövcud məhdudiyyətlər aradan qaldırılacaq”. Bu fikirləri türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq məsələləri üzrə ekspert İkbal Dürre Azərbaycan mediasına müsahibəsində söyləyib. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, blits-müsahibəni təqdim edirik.
– Cənab Dürre, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini necə dəyərləndirirsiniz?
– Əlbəttə, mən bu istiqamətdə başlayan prosesi müsbət qiymətləndirirəm. Təbii ki, bu proses iki ölkə arasında sülh sazişinin imzalanmasını xeyli sürətləndirə bilər.
– Azərbaycan və Ermənistan Xarici işlər nazirləri yaxın günlərdə Almatıda görüşəcəklər. Necə düşünürsünüz, bu görüş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün səmərəli ola bilərmi?
– Əvvəlcə diqqətinizi bir məsələyə cəlb etmək istərdim. Bildiyiniz kimi, siyasətdə ambisiya, əlbəttə ki, vacib və bəlkə də zəruri amildir. Amma burada daha vacib olan ikinci komponent də var. Bunu deyərkən qarşı tərəfin imkanları ilə yanaşı, həm də öz müttəfiqlərinizin imkan və maraqlarının obyektiv qiymətləndirilməsini nəzərdə tuturam. Yəni, bu aspektləri başa düşmək və qəbul etmək anlaşılmazlıq və qarşıdurma ehtimalını sıfıra endirir. Mənə elə gəlir ki, bir qədər gec olsa da, amma yenə də Ermənistan rəhbərliyi bunu başa düşdü. Necə deyərlər, heç olmamaqdansa gec olması daha yaxşıdır. Ümumiyyətlə, bu amillərə əsaslanaraq, deyə bilərik ki, münaqişə tərəfləri, nəhayət, bölgəyə sülhün gəlməsində maraqlıdırlar. Bu zaman mən təkcə Bakı və İrəvanı deyil, eyni zamanda Moskva, Ankara və Tehranı da nəzərdə tuturam. Ona görə düşünürəm ki, Almatıda keçiriləcək danışıqlar konstruktiv məcrada aparılacaq və faydalı nəticələr verəcək.
– Ermənistan–Türkiyə münasibətlərində yaxın gələcəkdə hansısa bir irəliləyiş mümkündürmü?
– Türkiyə–Ermənistan münasibətlərinin nizamlanması məsələsində hər şey Azərbaycanla Ermənistan arasında postmüharibə dövrünün yaratdığı sualların necə və nə zaman həll olunmasından, sülh sazişinin imzalanmasından birbaşa asılıdır. Mən bu məsələdə başqa problem görmürəm. Çünki, Türkiyə və Ermənistan liderlərinin son bəyanatları onu göstərir ki, tərəflər tarixi inciklikləri bir kənara qoyub, mövcud reallıqları və maraqları nəzərə alaraq hərəkət etməyə hazırdırlar. Ona görə deyə bilərəm ki, Bakı ilə İrəvan arasında sülh sazişi imzalanana kimi, Türkiyə-Ermənistan sərhədi açılacaq və iki ölkə arasında mövcud məhdudiyyətlər aradan qaldırılacaq.
– Ortamüddətli perspektivdə Ermənistanın üzünü tamamilə Qərbə çevirəcəyini mümkün sayırsınızmı?
– Əslində, bu sualın cavabı Ukraynadakı məlum hərbi münaqişənin necə və nə vaxt bitəcəyi ilə sıx bağlıdır. Yalnız o zaman konkret nəsə söyləmək olar.
– Necə bilirsiniz, Moskva bundan sonra da Ermənistanı öz təsir orbitində saxlaya biləcəkmi?
– Yenə deyirəm, hər şey Ukraynada hadisələrin hansı məcrada cərəyan edəcəyindən asılı olacaq. Əgər Moskvanın bəyan etdiyi kimi, qələbə qazanarsa, bəli, o halda dediyiniz mümkündür. Yox, qələbə olmayacaqsa, Moskva bunu bacarmayacaq. Mən əminəm ki, bu hərbi qarşıdurmanın sonunda Rusiya qalib gələcək. Ancaq əsas sual budur: nə vaxt? Reallıq ondan ibarətdir ki, vaxt keçir və Ermənistan xalqı, – zəhmət olmasa, bunu ayrıca qeyd edin, mən rəhbərlikdən danışmıram – erməni əhalisi hər gün mental olaraq Rusiyadan bir addım da uzaqlaşır. Ən ciddi problem məhz budur.
– Yaxın Şərqdə genişmiqyaslı müharibə baş verə bilərmi və bu zaman İranın bu müharibəyə qarışması ehtimalı nə dərəcədə mümkündür?
– İran və İsrail arasında baş verən son hadisələrin fonunda yaranmış gərginliyə əsaslanaraq belə qənaətə gəlmək olar ki, heç kim böyük müharibədə maraqlı deyil. İntəhası, hələlik İsrail–Fələstin hərbi-siyasi qarşıdurmasında heç bir məsələ həllini tapmadığı üçün bu ehtimalı kənara qoymaq olmaz. Qəzzadakı mövcud vəziyyətdən görürük ki, İsrailin hərəkətləri, sadəcə olaraq, HƏMAS-a cavab və ya onun cəzası adlandırılan terror hücumu ilə qeyri-mütənasibdir. Qəzza bölgəsində baş verən hadislələr çoxspektrlidir. Görünür, İsrail ordusu minlərlə dinc insanın həyatını itirməsinə baxmayaraq, Tel-Əvivin dediyi kimi, “HƏMAS-ın axırına çıxana qədər” dayanmayacaq. Bəs, İsrailin hərbi uğuru bu bölgədə sabitliyi təmin edəcəkmi? Məncə, yox. Bir məsələni də unutmaq olmaz ki, qlobal nöqteyi-nəzərdən İsrail–Fələstin hərbi qarşıdurması və ümumiyyətlə, hazırda Yaxın Şərqdə baş verənlər dünyanın “böyük gücləri”nin qarşıdurması, transmilli yollara nəzarət və s. ilə bağlıdır. Deməli, gələcəkdə münaqişə ehtimalı yenə durur. Bu mənada münaqişənin genişlənərək genişmiqyaslı müharibəyə keçməsi təhlükəsi yaxın gələcəkdə ortaya çıxa bilər.
Yeri gəlmişkən onu da qeyd edək ki, politoloq İkbal Dürre rəsmi Ankaranın bu gün yürütdüyü Qərb siyasəti ilə bağlı maraqlı açıqlamaları ilə də yadda qalıb. O, bununla bağlı açıqlamalarında Türkiyənin bütövlükdə öz siyasətinin Qərb istiqamətindən imtina edə bilməyəcəyini, bunun Mustafa Kamal Atatürk tərəfindən ölkənin dövlət kodlarında şifrələndiyini vurğulayıb: “Avropa İttifaqı Türkiyənin güclü, qədim ənənələrə malik müsəlman ölkəsi olduğunu yaxşı anlayır. Ona görə də Avropa bundan müəyyən qorxu hissi keçirir”. Bu zaman politoloq sosial-iqtisadi vəziyyətinə görə Türkiyədən geri qalan ölkələrin Aİ-yə qəbul edilməsi faktını xatırladıb. İ.Dürre Avropa ölkələri arasında ən qatı anti-Türkiyə əhval-ruhiyyəsinin Fransada olduğunu ayrıca vurğulayıb.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ