Aparıcı media qurumlarının birgə bəyanatı
Ermənistanda insan hüquqlarının pozulması adi hal alıb. Bu baxımdan söz və ifadə azadlığına etinasızlıq faktları da çoxalıb. Aşkar görünür ki, rəsmi İrəvan medianın sərbəst fəaliyyətinə mane olmaqdan çəkinmir.
Əlbəttə, durumun siyasi tərəfləri də var. Azərbaycanla sərhəd məsələlərinin həlli fonunda yaşanan gərginliyi nəzərdə tuturuq. Söhbət, konkret olaraq, Ermənistanın Tavuş bölgəsində başlanmış etirazlar müstəvisində hakimiyyətin jurnalistlərin informasiya almaq hüquqlarını məhdudlaşdırmaq cəhdlərindən gedir.
Ermənistanın jurnalist təşkilatlarının bir qrupu bəyanat yayaraq, Tavuşda hüquq-mühafizə orqanları əməkdaşlarının media nümayəndələrinə qarşı zorakılığından hiddətlərini bildiriblər. Bəyanata qoşulan qurumların sayı doqquzdur – Söz Azadlığını Müdafiə Komitəsi, İrəvan Mətbuat Klubu, Media Təşəbbüsləri Mərkəzi, İnformasiya Azadlığı Mərkəzi, Çoxtərəfli İnformasiya İnstitutu – Ermənistan, İctimai Jurnalistika Klubu, “Gələcək Jurnalistlər” QHT, “Jurnalistlər İnsan Haqları Uğrunda” QHT, Goris Mətbuat Klubu.
Göründüyü kimi, adlarını çəkdiyimiz media qurumları Ermənistanın ictimai həyatında kifayət qədər aktiv mövqe tuturlar. İlk növbədə sual verək: Görəsən, onların yaydıqları bəyanat Qərb institutlarının Ermənistandakı söz və ifadə azadlığı ilə bağlı hesabatlarında əksini tapacaqmı?
Bəri başdan deyək ki, buna şübhə ilə yanaşırıq. Çünki, bir qayda olaraq, həmin institutlar ölkədə mövcud sahədəki vəziyyətə, ümumən insan hüquq və azadlıqlarına etinasızlıqla bağlı duruma diqqət yetirmirlər. Axı hakimiyyətdə olan Qərbin öz adamı – baş nazir Nikol Paşinyandır. Yəni, ona siyasi məqsədlər naminə bəşəri dəyərləri tapdalamaq icazəsi verilib!
Əlqərəz, anonsunu verdiyimiz bəyanatda vurğulanır ki, aprelin 27-də Ermənistanın Tavuş vilayətinin İcevan-Kirants avtomobil yolunda maskalı polis media işçilərini aparan maşını saxlayıb, onları ərazidən çıxarıb. Hadisə nəticəsində “NewDay.am” xəbər saytının operatoru Canibek Xaçatryan əlləri qandallı halda yerə uzadılıb və nəzarətə götürülüb. Zərərçəkənin media nümayəndəsi olmasına və həmkarları ilə birlikdə bugünlərdə baş verən etiraz aksiyalarını işıqlandırdığına dair çoxsaylı xəbərdarlıqları cavabsız qalıb. Bəyanatda operatorun bir müddət saxlanıldıqdan sonra sərbəst buraxıldığı da bildirilib.
Sənəddə, həmçinin vurğulanıb ki, həmin gün, yəni aprelin 27-də İrəvan-Tbilisi magistralının Lori rayonunun Dseq kəndi hissəsində vətəndaşların etiraz aksiyasını dağıdan polis hadisələri işıqlandıran “Oragir.News” saytının əməkdaşlarının peşə fəaliyyətinə müdaxilə edib. Nəticədə jurnalist Ani Nerkararyan xəsarət alıb, operator Zaven Ohanyan isə çəkilişləri dayandırmaq məcburiyyətində qalıb.
“Biz, aşağıda imzası olan jurnalist təşkilatları, sərhədin demarkasiyası prosesinə qarşı etirazları işıqlandıran media nümayəndələrinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığın tətbiq edilməsindən hiddətimizi bildiririk. Biz dərhal xidməti araşdırmanın aparılması və səlahiyyətlərindən sui-istifadə edən polis əməkdaşlarının məsuliyyətə cəlb olunması, o cümlədən təhlükəsizlik qüvvələri tərəfindən jurnalistlərə qarşı çirkin təzyiqlərin aradan qaldırılması ilə bağlı əvvəllər səsləndirdiyimiz tələblərimizi təsdiqləyirik. Bundan əlavə, Ermənistan hökumətindən yuxarıda qeyd olunan problemlərin həlli üçün hüquq-mühafizə orqanlarının, jurnalist təşkilatlarının və media nümayəndələrinin yüksək vəzifəli şəxslərin iştirakı ilə müzakirələrin təşkilini tələb edirik”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Ermənistanın aparıcı jurnalist təşkilatlarının diqqətə çatdırdığımız birgə bəyanatı hazırda bir hadisə barədə olsa da, məlumdur ki, sözügedən qurumlar oxşar sənədləri əvvəllər də yayıblar. Heç şübhəsiz, ölkədə siyasi proseslərin gərginlik fazası gücləndikcə, media ilə bağlı təzyiqlər də daha aşkar müstəviyə daşınacaq.
Şübhə etmirik ki, əməkdaşlarının təzyiqə məruz qaldığı bildirilən informasiya saytları da bu baxımdan fərqlənirlər. Yəni, mümkündür ki, onların sərhəd zonalarındakı gərginliyi işıqlandırmaq istəkləri manipulyativ xarakter daşıyır. Ancaq, haqqında söz açdığımız amil Ermənistan hakimiyyətinin jurnalist fəaliyyətini məhdudlaşdırmasına bəraət qazandırmır. İndi görək Qərbdə məsələyə necə qiymət veriləcək. Prinsipial yanaşılıb söz və ifadə azadlığı əsas götürüləcək, yoxsa siyasi amillər? Obyektiv qiymətin veriləcəyinə, Paşinyan hakimiyyətinin qınanılacağına şübhə edirik.
R.ƏVƏZ
XQ