Ermənistanın Cənubi Qafqazda hərbi forposta çevrilməsi yolverilməzdir

post-img

Martın 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirildi. Spiker gündəliyə daxil edilən məsələlər barəsində məlumat verdikdən sonra deputatlar cari məsələlərdən danışdılar.

Çıxış edənlər ABŞ–Aİ–Ermənistanın Brüssel görüşünə münasibət bildirərək, bunun bölgəyə cid­di təsir göstərəcəyini qeyd etdilər. Elman Nəsirovun sözlərinə görə, ABŞ Dövlət katibi Blinkenin və Avropa Komisiyasının prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng vurması onu deməyə əsas verir ki, Qərb Azərbaycan Prezidentini dünyada gedən proseslərə ciddi təsir göstərən lider olduğunu qəbul edir. Deputat Prezidentin telefon danışığı za­manı Azərbaycanın prinsipial mövqeyini ortaya qoy­duğunu dedi. Dövlətimizin başçısı bildirib ki, bu gö­rüşdə Azərbaycanı narahat edən məsələlərə biganə qalmayacaq. 

Deputat Siyavuş Novruzov son vaxtlar bölgədə yaranmış vəziyyətdən və bu məsələdə Tehranın sər­gilədiyi mövqedən söhbət açdı. O qeyd etdi ki, Qərbin Ermənistana göndərdiyi silahlar təkcə Azərbaycana deyil, həm də İran üçündür. Amma Tehran susur. Susmaq bir yana, səfehin biri deyir ki, İsrailin Azər­baycandakı səfirliyini bombalamaq lazımdır. Birincisi, bu, beynəlxalq hüquqa ziddir. İkincisi, İsrailin dünya­nın 150 ölkəsində səfirliyi var, niyə İsrailin ABŞ-də­ki, ərəb ölkələrində və digər ölkələrdəki səfirliklərini bombalamır, Azərbaycandakı səfirliyini bombalamaq barədə sərsəm fikirlər səsləndirir. Onlar bilmirlər ki, oradakı azərbaycanlılar buna imkan verməzlər. 

Sədr cari məsələlərin müzakirəsindən sonra gün­dəliyə 22 qanun layihəsinin müzakirəsinin daxil edil­diyini bildirdi. Dedi ki, ilk 8 məsələ Milli Məclisin qərar layihələridir. 

“Azərbaycan Respublikası Milli Məclisinin parla­mentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri­nin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyi­şikliklər edilməsi barədə parlamentin qərar layihəsini beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim etdi. Komitə sədri dedi ki, gələcəyimiz türk dünyası ilə sıx əlaqələr­dən keçir. Türk dünyası yeni inkişaf mərhələsinə qə­dəm qoyur. Bunu nəzərə alaraq, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılmasına qərar vermişik. 

Müzakirələrdən sonra Milli Məclis Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parla­mentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması barədə qərar layihəsini və deputat C.Feyziyevi dost­luq qrupunun rəhbəri vəzifəsinə təsdiq etdi. 

Azərbaycan Respublikası Ali Məhkəməsi hakim­lərinin təyin edilməsi haqqında qanun layihəsinin təqdimatı zamanı qeyd edildi ki, bəzi apellyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunublar. 

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında , həmçinin “Media haqqın­da” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun la­yihələri müzakirəsiz qəbul edildi.

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ay­rılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələ­rin statusu haqqında” qanunlara dəyişiklik layihələri barədə məlumat verən Regional məsələlər komitə­sinin sədri Siyavuş Novruzov bildirdi ki, ötən müza­kirələrdən sonra komitəyə hər hansı bir təklif daxil olmayıb. 

Qanun layihələri səsə qoyularaq qəbul edildi.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri daxi­li xidmət nizamnaməsinin təsdiq edilməsi haqqın­da”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqın­da” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirən deputat Zahid Oruc Yeni Türk Antiterror Mərkəzi yaradılması təklifini irəli sürdü. Onun sözlərinə görə, ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələr­dir. Z.Oruc təklif etdi ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın.

Gündəlikdəki digər qanun layihələri müzakirə olu­naraq müvafiq qərarlar qəbul edildi. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər