Bölgələrdə anım mərasimləri

post-img

Naxçıvan

Ermənilərin türk soyuna nifrət və düşmənçiliyi 1905-1907-ci illərlə məh­dudlaşmamış, 1918-ci ildə də davam et­mişdir. Həmin ilin mart soyqırımı Bakı ilə bərabər, Azərbaycanın bütün bölgələrin­də – Şamaxıda, Qubada, Gəncədə, Lənkə­randa, Qarabağda, o cümlədən Naxçı­vanda ağır nəticələri ilə yadda qalmışdır. 

Tarixi faciənin növbəti ildönümündə muxtar respublikanın şəhər və rayonların­da keçirilən anım tədbirlərində soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmış, qətliamları törədənlər lənətlənmişlər. Bildi­rilmişdir ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi müəyyən səbəb­lərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilməmiş, nəticədə ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçməmişdir. 

Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvana yiyələnmək üçün daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törətmişlər. 1918-ci ildə Naxçıvanda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladlar 74 min azərbaycanlını ən vəhşi üsullarla öldür­müşlər. Diyarda ilk soyqırımı Yaycı kəndində törədilmiş, 2500 dinc insan qətlə yetirilmiş­dir. 

Gəncə

Ulu Nizaminin yurdundakı Gənclər Evində “Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı rəsm sərgisi keçirilib. 

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir rəsm klubunun rəhbəri Xanım Əhmədovanın təşkilatçılığı ilə baş tutmuşdur. Sərgiyə qatılanlar erməni vəhşiliyini əks etdirən, soyqırımına aid olan rəsm əsərləri ilə böyük maraqla tanış olub­lar. Eyni zamanda tamaşaçılar bu tabloların müəllifləri ilə də yaxından tanış olub, onların yaradıcılığı haqqında müfəssəl məlumat ala biliblər. Sərgi ilə tanışlıqdan gəlinən başlıca qənaət bu olub ki, bəzi ölkələrin, o cümlədən Ermənistanın yürütdüyü terror və soyqırımı siyasətinə qarşı bütün dünya barışmaz müba­rizə aparmalıdır. 

Mingəçevir 

Nur şəhərinin Şəhidlər xiyabanındakı Soyqırımı abidə kompleksinin qarşısında keçirilən mərasimdə şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə 1918-ci ildə erməni separatçı­larının törətdiyi soyqırım hadisələri zamanı həlak olan vətən övladlarının, torpaqlarımzın azad olunması və yurdumuzun ərazi bütöv­lüyünün təmin olunması yolunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məruzə ilə çıxış edib. Qeyd olunub ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəti­cəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. 

İcra başçısı sonra Prezident, Silahlı Qü­vvələrin Ali Baş Komandanı İlham Əliyevin bacarıqlı siyasəti, qətiyyəti və səriştəsi sayə­sində formalaşan, bazası genişlənən Milli Ordumuzun fədakarlıqlarından danışaraq, 44 günlük Vətən müharibəsinin böyük Zəfər­lə başa çatdırıldığını, 2023-cü il sentyabrın 19-20-də isə 23 saatlıq lokal tipli antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı zamanı isə Xocalı, Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə yaşa­yış məskənləri seperatçılardan təmizləndi. 

Sonra MDU-nun müəllimləri Mirzə Ca­vadov və Mayıl İsmayılov, Vətən müharibəsi veteranı, ehtiyatda olan mayor, 20 nömrəli orta məktəbin hərbi rəhrəbi Ramiz Quliyev çıxış edərək erməni separatçılarının törətdik­ləri cinayət hadisələrindən danışaraq soyqırı­mı törədənlərə qarşı barışmaz mübarizə apar­maq zərurətini qeyd ediblər 

Çıxışlardan sonra tədbir iştirakçıları Soyqırımı abidə kompleksinin qarşısına gül dəstələri qoymaqla deportasiya qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər.

Lənkəran

Azərbaycanlıların Soyqırımı Günü Lənkəran şəhərinin mərkəzində soyqırı­mı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə qeyd olunub. 

Səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qa­raşov, icra hakimiyyəti aparatının kollek­tivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri abidə önünə tər güllər düzüb, soyqırım zamanı günahsız qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsi dərin hüzn və ehtiramla yad ediblər.

1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdən biri kimi Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvə­di, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük və Sütəmurdov və di­gər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yer­lə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib.

Soyqırımı qurbanlarının xatirəsinə ucal­dılan abidə gün ərzində rayon ictimaiyyəti tərəfindən ziyarət edilib. Rayonda yerləşən idarə və təşkilatlarda, təhsil, səhiyyə və mə­dəniyyət müəssisələrində soyqırımla bağlı anım mərasimləri, sərgilər, dəyirmi masalar təşkil olunub.

Şirvan 

Şəhərdəki Şəhidlər xiyabanında soyqırımı qurbanlarının xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, Bi­rinci və İkinci Qarabağ müharibəsi şəhid­lərinin məzarları ziyarət edilib.

YAP Şirvan şəhər təşkilatında davam edən tədbirdə 21 nömrəli tam orta məktəbin şagirdləri 31 Mart Azərbaycanlıların Soyqırı­mı Gününə həsr olunmuş ədəbi-bədii kompo­zisiya ilə çıxış ediblər.

Tədbirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub. Daha sonra çıxışlar olub. Natiqlər 1918-ci ilin mart–aprel aylarında er­məni-bolşevik silahlı dəstələri tərəfindən ger­çəkləşdirilmiş kütləvi qırğınları xüsusi qeyd edərək, azərbaycanlı əhaliyə qarşı törədilən ağılasığmaz vəhşiliklər nəticəsində 10 min­lərlə günahsız insanın qətlə yetirildiyini, yüz­lərlə kəndin yandırıldığını, tarixi abidələrin məhv edildiyini, sakinlərin doğma yurd-yu­valarından didərgin salındığını vurğulayıblar. Eyni zamanda bu barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun, tarixi faktlar əsasında çatdırılması istiqamətində aparılan işlər nəzərə çatdırılıb.

Salyan 

Soyqırımı qurbanları Salyanda da bö­yük ehtiramla anılıblar.

Mərasim iştirakçıları “31 Mart soyqı­rımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında ermə­ni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbiristanlığındakı məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. 

Xatırladılıb ki, 1918-ci ilin martında Ba­kıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları çirkin əməllərini Bakı ətrafı əra­zilərdə də davam etdirmiş, dəniz yolu ilə Kür çayının mənsəbinə qədər gəlib çıxan ermə­ni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayon­larının ərazisində də insan ağlına sığmayan soyqırımı törətmişlər. Qeyd olunub ki, dün­ya miqyasında soyqırımı və terrorizmə qarşı birgə mübarizə aparılması daim gündəmdə olmalıdır.

Balakən

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən şəhərində ke­çirilən anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri işti­rak ediblər.

Soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksinin önünə gül-çiçək dəstələri düzülüb, məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. Çıxış­larda bildirilib ki, Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azər­baycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi ha­kimiyyətə qayıdışından sonra başlanıb. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırı­mı Günü elan edilib. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətin­də bu gün də mühüm addımlar atılmaqdadır.

Qeyd edilib ki, bu gün bütün şəhidləri­mizin ruhu şaddır. Çünki artıq Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib, ölkəmi­zin suverenliyi tam bərpa olunub. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərin­də qazandığı tarixi qələbənin sevincini yaşa­yır. 

Xaçmaz

Xaçmazda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konf­rans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Soyqırımı Günü mövzusunda məktəblilərin çəkdikləri rəsm əsərlərinə baxış keçiriblər. Rəsmi his­sədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnak­larının soyqırımı siyasəti 200 ildən bəri da­vam edir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik tə­mizləmə siyasəti həyata keçirib, deportasiya və soyqırımları törədib, əzəli torpaqlarımızı ələ keçirməyi özlərinin məqsədlərinə çevi­riblər. Mart qırğınları zamanı təkcə üç gün ərzində Bakı, Şamaxı, Quba qəzalarında, Qa­rabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrin­də silsilə qanlı faciələr törədilib.

Natiqlər ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yaddaşlardan heç zaman silin­məyəcəyini bildiriblər. Azərbaycan Preziden­ti, Müzəffər Ali Baş Komandan İlham Əliye­vin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı şanlı zəfərlə min­lərlə şəhidimizin, günahsız soyqırımı qur­banlarının intiqamının alındığı qeyd olunub.

Ə.ƏLİYEV
XQ















Son xəbərlər