Azərbaycanın bölgələrində erməni qətliamları

post-img

1918-ci ilin əvvəllərində Azərbaycanın bölgələrində vəziyyət mürəkkəb olaraq qalırdı. Bakı şəhəri və eləcə də Zəngəzur və İrəvan bölgələri istisna olmaqla (Naxçıvanda proseslər bir qədər fərqli şəkildə inkişaf edirdi – K.İ.) Şimali Azərbaycanın əksər əraziləri milli qüvvələrin nəzarəti altında qalmaqda idi. Bu isə bütün Cənubi Qafqazı ələ keçirməyə can atan Rusiyanın bolşevik hakimiyyətinin və onun Bakıdakı təmsilçisi roluna iddia edən Bakı Sovetinin planlarına ciddi təhlükə yaradırdı. Belə şəraitdə Bakı bolşevikləri bütün anti-Azərbaycan qüvvələri, xüsusən erməni-daşnak birləşmələrini səfərbər edərək Azərbaycanın milli hərəkatını və onun aparıcı qüvvəsi olan Müsavat Partiyasını məhv etmək üçün 1918-ci ilin mart ayının sonu – aprel ayının əvvəllərində kütləvi qırğınlar törətdilər. Bakı şəhərində azərbaycanlıların soyqırımını törədən bolşevik-daşnak qüvvələri öz hakimiyyətlərini Azərbaycanın bölgələrinə də yaymaq niyyəti ilə fəal hərəkətə keçdilər. 

Bakıdan sonra bolşevik –daşnak hü­cumlarının ilk ünvanı Şamaxı şəhəri və qəzası oldu. Onlar bu bölgəyə bütün Azər­baycanı ələ keçirmək üçün bir plasdarm kimi baxırdılar. Buna görə də qəzanın tezliklə ələ keçirilməsi üçün onun erməni və molokan əhalisini silahlandırılmağı qə­rara almışdı. Həmin dövrdə Şamaxı qəza­sında 229 kənd var idi ki, bu kəndlərdən 196-da azərbaycanlılar, 21-də ermənilər, 11-də rus və molokanlar, 1-də isə yəhu­dilər yaşayırdılar. Şamaxı şəhəri də daxil olmaqla, kəndlərlə birlikdə, bütövlükdə, Şamaxı qəzasının əhalisi 161552 nəfər idi. Bunun da 72,9 faizini (117706 nəfər) müsəlmanlar, 13,78 faizini (22350) ermə­nilər, 12 faizini (19393) molokanlar, 1,32 faizini isə Qafqaz dağlıları və yəhudilər təşkil edirdi.

Şamaxı qəzasını ələ keçirmək üçün Bakı sovetinin bolşevik-daşnak rəhbərliyi buraya külli miqdarda silah-sursat göndər­mişdi. Bunu həmin dövrün materialları və şahid ifadələri də təsdiq edir. S. Şaumyan RSFSR XKS-ə göndərdiyi 13 aprel 1918-ci il tarixli məktubunda Şamaxıya artilleri­yanın və pulemyotların onun göstərişi ilə göndərildiyini təsdiq edir. Bundan əlavə olaraq mart ayının ortalarında Bakı So­veti Şamaxıya ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə və 60 araba silah da göndərmişdi. 

Ə.Xasməmmədovun Zaqafqaziya Komissarlığına göndərdiyi teleqramda bildirilirdi ki, martın 18-də bolşeviklər Ba­kıdan 2 min yaxşı silahlanmış, artilleriya və pulemyotlara malik dəstə göndərmiş və dəstə öz yolu üzərindəki 15 müsəlman kəndini məhv etmiş, Şamaxı şəhərini isə dağıtmışdı. Martın sonlarında isə S.Lala­yevin başçılığı ilə daha bir dəstə Şamaxı­ya gələrək burada qurbanlarının sayına və üsullarına görə daha dəhşətli qırğınlar törətdi. 

Şamaxı müsəlmanlarının dəhşət­li soyqırımına məruz qalmalarını rus, hətta erməni millətindən olan şahidlər (N. Asriyants) öz xatirələrində etiraf et­mişlər. Dörd gün davam etmiş erməni ta­lanları ərzində şəhərin ən abad və zəngin hissəsi olan “Piran-Şirvan” məhəlləsi ta­mamilə dağıdılmış, 14 məscid, o cümlə­dən Qafqazın ən qədim məscidi olan 800 illik Cümə məscidi yandırılmışdı. Fövqə­ladə Təhqiqat Komitəsinin heç də tam olmayan hesablamalarına görə, təkcə Şamaxı şəhərində ermənilər tərəfindən 10 min insan öldürülmüş, şəhər tamamilə dağıdılmışdı. Qəzanın 110 müsəlman kəndi yandırılmış və talan edilmiş, 10 min nəfərdən artıq müsəlman öldürülmüşdü. FTK-nın materialları Şamaxı hadisələ­rində qəzanın molokan əhalisinin ermə­nilərin tərəfində iştirakını da tam təsdiq edir. Molokanlar ermənilərin şəhərə hü­cumlarını nəinki dəstəkləmiş, elə özləri müsəlman kəndlərini dağıtmış, onların əhalisinə divan tutmuşlar. 24 kəndin sa­kinlərinin təsdiq etdiklərinə görə bu kənd­lərə erməni-molokan birləşmiş qüvvələri, 4 kəndə isə ancaq molokan dəstələri hü­cum etmişdilər. Xüsusən Əngəxaran sa­kinlərinə qarşı molokanlar dəhşətli zora­kılıqlar törətmiş, kəndi yandırmış və talan etmiş, yüzdən çox müsəlmanı öldürmüş, qalanlarını Mədrəsədə ermənilərə təhvil vermişlər. İvanovka kəndinin molokan­larının Şamaxı hadisələrində nisbətən neytral mövqeyinə gəldikdə isə bunu o zaman Göyçay qəzasının tərkibinə daxil olan bu kəndin Şamaxı hadisələrinin epi­sentrindən uzaqda, Azərbaycan kəndləri ilə əhatədə yerləşməsi və buna görə də onların mümkün intiqamlarından çəkin­mələri ilə izah edilə bilər. Bütövlükdə, Şa­maxı qəzasında 22295 nəfər öldürülmüş, 276 nəfər ağır yaralanmışdı.

Şamaxı qəzasını ələ keçirdikdən son­ra daşnak və bolşevik dəstələri Göyçay qəzasına doğru hərəkət etmiş, burada da kütləvi vəhşiliklər törətmişlər. 

Göyçay qəzasının müsəlman əhali­sinə qarşı zorakılıqların növbəti mərhələ­si 1918-ci ilin iyununda Qafqaz Qırmızı ordusunun Gəncə istiqamətində hücumu zamanı baş verdi. Qəzanın digər kəndlə­ri, xüsusən dəmir yolu boyunca yerləşmiş stansiya və məntəqələr çox dağıntılara məruz qalmışdı. FTK-nın materiallarına görə bu qəzada 8 kənddə 119 nəfər öl­dürülmüşdü.

1918-ci ilin martın sonunda Bakı­dan “Evelina” gəmisində Lənkərana yola düşən müsəlman alayının heyətinin tərk-silah edilməsi ilə başladıqları soyqı­rımı erməni-bolşevik qüvvələri digər bölgələrdə olduğu kimi, Lənkəran-Mu­ğan bölgəsində də davam etdirmiş, yerli müsəlman əhaliyə amansız divan tut­muşdular. Çox təəssüf ki, Azərbaycan tarixçiləri indiyə qədər Bakıda 1918-ci ilin martında baş vermiş soyqırımı hadisələri ilə Azərbaycanın cənubunda cərəyan et­miş proseslər arasında birbaşa əlaqənin olduğunun fərqinə varmayıblar. Tarixçilər “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan bir qrup müsəlman zabitinin tərk-silah edilməsini azərbaycanlıların soyqırımına başlamaq üçün bəhanə ol­duğunu göstərirlər. Lakin bu bəhanənin nə üçün məhz martın sonunda, özü də Lənkərana gedən bir qrup müsəlman zabitinə qarşı törədildiyinin (əslində, bu, bəhanə deyil, planlaşdırılmış hərbi aksiya idi) səbəbini göstərmirlər. Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyinin “Evelina” gəmisinin tərk-silah edilməsi haqqında qərarının qəbul edilməsinə Lənkəran-Mu­ğan bölgəsində baş verən hərbi proses­lər haqqında məlumatlar və oradan an­ti-Azərbaycan qüvvələrin müraciətləri də əsas rol oynamışdı. 

Şaumyan və onun ətrafı üçün Lənkə­ran bölgəsi mühüm strateji əhəmiyyət kəsb edən bölgə idi və bu bölgənin əldə saxlanılması aclığın hökm sürdüyü Bakı­dakı hakimiyyət üçün ölüm-dirim məsələ­si idi. Bunu Şaumyanın Moskvaya gön­dərdiyi məktublar da təsdiq edir. Ona görə də Şaumyan Lənkəran bölgəsində siya­si-ideoloji baxımdan bolşevizmə yad olan istənilən anti-Azərbaycan qüvvəni (onlar arasında sağ eserlər, ağqvardiyaçılara rəğbət bəsləyənlər, hətta monarxistlər belə var idi – K.İ.) müdafiə etməyi və ona yardım göstərməyi təmsil etdiyi qüvvələ­rin maraqları üçün yolverilən, məqbul he­sab edirdi. Ona görə də Bakıdan azərbay­canlıların kifayət qədər böyük bir silahlı dəstəsinin bolşevik-daşnak hakimiyyəti­nin də taleyinin həll olunduğu müharibə zonasına (qeyd edildiyi kimi, Lənkəran qəzasının şimalında Bakıya yol açmağa çalışan milli qüvvələrlə “rus maraqları­nın” ifadəçiləri olan qüvvələr arasında əsl müharibə gedirdi – K.İ.) buraxılması Şa­umyan üçün bağışlanılmaz səhv olardı. “Evelina” gəmisini saxlamaqla Bakı Sove­tinin rəhbərliyi cənubda gedən mübarizə­nin də taleyini həll etmiş oldu. 

Əlbəttə, başqa məsələdir ki, Lənkə­randakı müsəlman diviziyasının 50-yə yaxın zabiti tamamilə məsuliyyətsiz hərəkət edərək öz komandirlərinin dəf­nində iştirak etmək üçün kollektiv şəkildə döyüş bölgəsini tərk etmiş və faktiki ola­raq cinayət törətmişdilər. Bu məsuliyyət­sizlik isə ağır nəticələrə gətirib çıxarmışdı. Lənkəran qəzasında müsəlmanlara divan tutulmasında Bakıdan göndərilmiş ermə­nilər xüsusi rol oynamışlar. Bunu müasir rus müəllifləri T. Yermolenko və O. Moro­zova da etiraf edirlər. 

Bəzi mənbələrə görə, təkcə Lənkəran şəhərində 300-ə yaxın müsəlman öldü­rülmüşdü. Bu hadisələrdən sonra Lənkə­randa hakimiyyət antimilli qüvvələrin əlinə keçmiş, burada Sovet hakimiyyəti orqan­ları – HİK, İnqilabi Müdafiə Komitəsi, Fəh­lə, Əsgər Deputatları Sovetinin İcraiyyə Komitəsi, milis yaradılmışdı.1918-ci il ap­relin 25-də Bakıda Xalq Komissarları So­veti yarandıqdan iki gün sonra Lənkəran qəzasında da HİK-nin qərarı ilə eyni adlı hakimiyyət qurumu təşkil edildi. Lakin, Bakıdan fərqli olaraq burada əsas yeri bolşeviklər deyil, eserlər tutdular. 

Bakıdan Cavad qəzasına göndəril­miş silahlı dəstələr aprelin 24-də Salyan şəhərini ələ keçirərək burada Sovet ha­kimiyyətinin qurulduğunu elan etdilər. Aprelin son ongünlüyündə qəzanın ək­sər kəndlərinin əhalisi daşnak-bolşevik dəstələrinin vəhşiliklərinə məruz qaldı. Ermənilər 200 evdən və 500 sakindən ibarət olan Ərəbşahverdi kəndinin 37 sakinini xüsusi amansızlıqla öldürmüş, Hilə-Mirzəli kəndinin 28, Bəydilli kəndinin 30, Ərəb Qardaşbəyli kəndinin 33, Aşağı Surra kəndinin 13 sakinini qətlə yetirmiş­di. FTK-nın topladığı materiallara əsasən, Cavad qəzasında daşnak-bolşevik qüv­vələri tərəfindən 30-dan çox kənd soyqı­rımına məruz qalmış, 157 nəfər xüsusi amansızlıqla öldürülmüşdü. 

Bakı Sovetinin rəhbərliyi Quba qə­zasını ələ keçirmək və Şimali Qafqazla əlaqələri bərpa etmək üçün buraya D. Gelovaninin rəhbərliyi altında xüsusi dö­yüş dəstəsi və zirehli qatar göndərmişdi. Aprelin 10-da (yeni stillə aprelin 23-də) Qubaya gələn Gelovaninin silahlı təhdid­ləri altında şəhərin sakinləri məcburən Sovet hakimiyyətini tanıdıqlarını bildirmiş, Gelovani isə özünü qəza komissarı elan etmişdi. Bir neçə gündən sonra Qubaya poruçik Ağacanyanın (Oqonozovun) baş­çılığı altında əsasən ermənilərdən ibarət daha bir dəstə göndərilmişdi. Buna bax­mayaraq Bakıdan gəlmiş işğalçı qüvvələr yalnız Quba şəhərində, Xaçmaz, Yalama və dəmiryolu boyu əraziləri nəzarətdə saxlayırdılar. Qəzanın əksər əraziləri milli qüvvələrin əlində idi. Aprelin 16-da (yeni stillə aprelin 29-da) Zizikskinin başçılığı ilə tərkibində keçmiş türk əsirlərin də ol­duğu yerli könüllü dəstələr və Dağıstan­dan onların köməyinə gəlmiş süvarilər Qusar tərəfindən Quba şəhərinə hücu­ma keçərək, bolşevik-daşnak qüvvələrini şəhəri tərk etməyə məcbur etdilər. 

Quba əhalisinə divan tutmaq üçün Şaumyan bu dəfə Hamazaspın başçılığı ilə daha böyük silahlı dəstə göndərməyi qərara aldı. Məhz S. Şaumyanın göstəri­şi və HİK-nin sədri Q. Korqanovun əmri ilə Hamazaspın komandanlığı altında 2 minlik cəza dəstəsi Qubaya göndərilərək azərbaycanlılara qarşı növbəti soyqırımı aktı həyata keçirdi. Şaumyandan şəxsən göstəriş alan Q. Korqanov Hamazaspın dəstəsinin yalnız daşnak partiyasının üzvlərindən təşkil olunması, onların pu­lemyot və toplarla təchiz edilməsi barədə tapşırıq vermişdi. 

Hələ Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandıraraq dağıtmağa başlamış, kütləvi qırğınlar törətmişdilər. Qubaya silahlı müdaxilə etmiş Hamazas­pın rəhbərlik etdiyi daşnak silahlı birləş­mələrinin dinc əhaliyə təcavüzü nəticə­sində Quba şəhəri tamamilə dağıdılmış, 2800 türk-müsəlman öldürülmüşdü. Qəzanın 168 kəndi ermənilər tərəfindən dağıdılmış, 1361 nəfər dinc sakin öldü­rülmüşdü. FTK-nın verdiyi məlumatlara əsaslanaraq bütövlükdə Quba qəzası üzrə 4261 nəfər müsəlmanın öldürüldü­yünü, əhaliyə 186.621.059 rubl maddi zi­yan vurulduğunu göstərmək olar. 

FTK müəyyən obyektiv və subyektiv səbəblərdən Quba qəzasında baş ver­miş faciəni müfəssəl şəkildə araşdıra bilməmişdir, ona görə də onun təqdim et­diyi rəqəmlər heç də tam deyildir. Lakin sənədlərdə öz əksini tapmış rəqəmlər belə Quba bölgəsində dinc əhaliyə qar­şı törədilmiş soyqırımın miqyasını tam təsəvvür etməyə imkan verir.

Bakı şəhərində və Bakı quberniya­sında dinc müsəlmanların ermənilər tərəfindən soyqırımına məruz qalmaları Azərbaycanın bölgələrində dərin hiddət doğurmuşdu. 

1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və quberniyasında azər­baycanlı əhalinin soyqırımını həyata ke­çirmiş erməni-bolşevik dəstələri Bakı, Şa­maxı, Lənkəran, Quba, Cavad qəzalarını və Dağıstan vilayətinin xeyli hissəsini ələ keçirərək, bu bölgələrin müsəlman əhali­sinin kütləvi qətliamını törətdilər. Ələ ke­çirdikləri ərazilərdə Bakı XKS öz səlahiy­yətli nümayəndələrini – komissarları təyin etmişdi. XKS-nin dekretləri ilə bütün qə­zalarda köhnə hakimiyyət orqanları ləğv edilərək yeni sovet orqanları yaradılmış­dı. Sovet hakimiyyətini möhkəmlətmək və ən əsası müsəlman kəndlilərini öz tərə­finə çəkmək üçün ələ keçirilmiş qəzalarda kəndli qurultayları keçirildi və bolşeviklə­rin aqrar proqramı təbliğ edildi.

Bakı quberniyasında öz məqsədlərinə nail olan bolşevik-daşnak güruhu tez bir zamanda bütün Azərbaycanda və Cənubi Qafqazda, xüsusən Gəncədə hаkimiyyəti ələ keçirmək niyyəti güdürdü. Bunun üçün qərb istiqamətində hücum planı da hazır­lanmışdı. Bu planı siyasi-ideoloji cəhət­dən əsaslandırmaq üçün Şaumyan mifik “türk, müsəlman təhlükəsi”ni qabardır və göstərirdi ki, bolşeviklər dözümsüzlük göstərib hücuma keçməsəydilər və onlar (Azərbaycanın milli qüvvələri - K.İ.) Bakı­da üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəl­man ünsürləri tərk-silah edib qırardılar. 

Şaumyan Leninə yazdığı 23 iyun 1918-ci il tarixli məktubda təəssüflə bil­dirirdi ki, biz Bakıdakı vətəndaş müha­ribəsindən sonra az qüvvə ilə Gəncəyə hərəkət etmiş olsaydıq daha yaxşı olardı. Onda vəziyyət çox yüngül idi. O bildirirdi ki, hələ 1918-ci ilin yanvarında Gəncəyə hücum edilməli idi. O zaman Azərbaycan milli qüvvələrinin Türkiyə ilə əlaqələri zəif idi. Və Gəncəni cəbhədən qayıdaraq Ba­kıda toplaşmış rus alaylarının köməyi ilə almaq olardı. 

Bolşeviklər regionda hakimiyyəti ələ keçirmək üçün əsas ümidlərini Sovet Ru­siyası ilə yanaşı, ermənilərin üsyanı ilə bağlayırdılar. Bakı Sovetinin liderlərindən biri olan Q. Korqanov yazırdı ki, Ermə­nistanda və Gürcüstanda kütlələr Bakı qoşunlarının gəlişini gözləyirlər, onların ümidləri yalnız kənara bağlıdır. O ümid edirdi ki, “sovet qoşunlarının irəliləməsi ilə Ermənistanda və Gürcüstanda üsyan baş verəcək və onlar öz məqsədlərinə ça­tacaqlar”. 

Bakı Sovetinin rəhbərliyində hücumu davam etdirərək Gəncəni ələ keçirmək­lə bağlı mövcud olan fikir ayrılığı aradan qalxmışdı. Bakı Sovetinin lideri S. Şa­umyan RSFSR XKS göndərdiyi 24 may 1918-ci il tarixli məktubunda Yelizavetpo­la hücuma hazırlaşdıqlarını bildirir, lakin türk qoşunlarının Cənubi Qafqaza gəl­mələrindən təşvişə düşdüyünü gizlətmir­di. Şaumyan tez bir zamanda Gəncəyə yeriməyi vacib hesab edirdi ki, “orada, sonra isə başqa yerlərdə ermənilər üsyan etsinlər”. “Əgər bu üsyan baş verməsə və türklər Gürcüstanla Tiflisi öz əllərində saxlayarlarsa, onda biz tamamilə təklənə­rik və yalnız Abşeron yarımadasını müda­fiə etməli olarıq”. 

Əlbəttə, Azərbaycan milli hərəkatının liderləri yaranmış təhlükəni aydın dərk edir və vəziyyətdən çıxış yolları axtarırdı­lar. M.Ə. Rəsulzadə yazırdı ki, təhlükə ar­tıq Gəncəyə gəlmişdi. Bir tərəfdən Gəncə təhdiddə ikən, digər tərəfdən də, Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşmək üzrə bir plan təsdiq edirlər. Azərbaycanın atəş və qılıncdan keçirilməsi planı. Belə vəziyyətdə M.Ə. Rəsulzadə yeganə xilas yolunu Türkiyənin yardımını əldə etmək­də görürdü.

Bu dövrdə Qarabağ bölgəsində yaşa­yan ermənilər arasında ciddi fəallaşma hiss olunur, onlar sürətlə silahlanırdılar.

Azərbaycan Cümhuriyyəti hökumə­tinin yaratdığı FTK-nın üzvü Mixaylovun Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının er­mənilərin qırğınlarından və digər zorakı əməllərindən zərər çəkmiş müsəlman kəndlərinin vəziyyətinin təhqiqi ilə bağlı məruzəsində qeyd edilirdi ki, cəbhələrdən fərarilik edən erməni əsgərlər öz kənd­lərinə qayıdarkən özləri ilə çox sayda tüfəng, pulemyot və digər döyüş sursatla­rı gətirirdilər. Mixaylov yazır ki, Rusiyada dövlət çevrilişindən sonra erməni kənd­lərinə silah gətirilməsi halları dəfələrlə artmış və o vaxtdan etibarən ermənilər müsəlmanlara açıq düşmən münasibəti göstərməyə başlamışdılar.

Cavanşir qəzasında erməni və müsəl­man kəndlərinin yerləşdiyi coğrafi şərtlər də ermənilərə üstün mövqe yaradırdı. Belə ki, qəzanın müsəlman kəndlərinin əksəriyyəti düzənlik ərazidə yerləşsələr də Kolanı və Avaryan cəmiyyətlərinin kəndləri dağətəyi və dağ zonalarında idi və erməni kəndləri ilə əhatə olunmuşdu­lar. 1917-ci ilin sonlarından başlayaraq Kolanı icmasına daxil olan 12 kəndin müsəlman əhalisi erməni silahlı dəstələ­rinin mütəmadi hücumlarına məruz qal­mış, onların digər müsəlman kəndləri ilə əlaqələrini kəsmiş və nəticədə bəzi müsəlman kəndlərinin sakinləri öz kənd­lərini tərk etməyə məcbur olmuşdular. Cavanşir qəzası müsəlman komitəsinin ermənilərlə azərbaycanlılar arasında mehriban münasibətlər yaratmaq cəhd­ləri də bir nəticə verməmişdi. Ermənilər qəzanın düzən kəndlərini də daim terror altında saxlayırdılar. Azərbaycan Cüm­huriyyəti yarandıqdan sonra ermənilərin aqressivliyi daha da artdı, müsəlmanlara qarşı hücumlar genişləndi. 1918-ci ilin yayından başlayaraq müsəlmanlara qarşı qətl və qarətlərin sayı da artdı.

Cavanşir qəzasında olduğu kimi, Şuşa qəzasında da azərbaycanlıların ya­şadıqları kəndlər erməni kəndləri ilə əhatə olunmuşdu. Bu isə ermənilərə əlavə üs­tünlüklər yaradırdı. FTK üzvü Mixaylovun yazdığına görə, Oktyabr çevrilişindən sonra Şuşa qəzasının erməniləri sürət­lə silahlanmağa başlamışdılar. Buradakı silahlı bandaların sayı cəbhədən qaçmış silahlı əsgər və zabitlərin hesabına daim artırdı. Müsəlmanların passivliyindən is­tifadə edən daşnaklar qəzada əsas və­zifələri əllərinə keçirməyə nail olmuşdu­lar. 1918-ci ilin əvvəllərindən başlayaraq erməni silahlı dəstələri Şuşa-Əsgəran, Şuşa-Karyagin yolunu tutaraq buradan keçən müsəlmanları qarət edir, silahlarını, ərzaqlarını əllərindən alırdılar. Xankən­dində yerləşən rus ordusunun qarnizo­nunun silah-sursatını, bütün ləvazimatını ələ keçirdikdən sonra ermənilər azərbay­canlılarla müqayisədə Şuşa qəzasında hərbi üstünlüyə malik oldular. 1918-ci ilin martında qəzanın erməni kəndlərində yuva salmış silahlı dəstələr müsəlman kəndlərinə hücum edərək onları dağıtmış, əhalisini didərgin salmışdılar.

Lakin Cəbrayıl qəzasında ermənilərin sayca azlıq təşkil etməsi ilk vaxtlar onla­rı daha tədbirli olmağa vadar edirdi. On­lar məkrli və hiyləgər siyasət yürüdərək qonşu müsəlmanlarla sözdə dinc yana­şı yaşamaq istədiklərini ifadə edirdilər. Müqayisə üçün qeyd edək ki, o zaman Şuşa qəzasında 92, Zəngəzur qəzasında 84 erməni kəndi var idisə, Cəbrayıl qəza­sında 174 kəndin cəmi 32-də ermənilər yaşayırdılar. Qəzanın 15 kənd cəmiyyəti­nin yalnız 3-ü erməni kəndlərindən ibarət idi. Karyagin qəzasında azərbaycanlılar yaşayan kəndlərin əksəriyyəti düzən əra­zidə yerləşdiyindən və türk qoşunları bu­rada yerləşdiyindən ermənilər 1918-ci ilin sonuna qədər bu kəndlərə hücum etməyə cəsarət etməmiş, yalnız dağətəyi və dağlıq zonada yerləşmiş kəndlər erməni hücumlarına məruz qalmışdı. Əslində, 1918-ci ilin yazında Yelezavetpol quber­niyasının dağlıq ərazilərində - Şuşa, Ca­vanşir, Karyagin və Zəngəzur qəzalarında yaşayan ermənilərin fəallığının artması, onların gələcək hadisələrə ciddi hərbi ha­zırlıqlar aparması Bakıdakı bolşevik-daş­nak qüvvələri, Tiflisdəki, İrəvandakı ermə­ni mərkəzləri və yerli ermənilər arasında ciddi koordinasiyanın olmasından xəbər verirdi. Lakin Azərbaycan Cümhuriyyəti­nin elan edilməsi, Qafqaz İslam Ordusu­nun (QİO) uğurlu döyüş əməliyyatları bu planların həyata keçməsinə imkan ver­mədi.

1918-ci ilin mart-may ayları ərzində Bakı Sovetinin daşnak-bolşevik qüvvələ­rinin Bakı quberniyası ərazisində həyata keçirdikləri soyqırımı cinayətləri nəticə­sində on minlərlə günahsiz türk-müsəl­man həlak olmuş, onların yaşadıqları ya­şayış məntəqələri xarabalığa çevrilmişdi. Bu cinayətlər erməni siyasi dairələrinin bolşevizm bayrağı altında gizlənərək öz mənfur niyyətlərini gerçəkləşdirmək plan­larının tərkib hissəsi idi. Eyni zamanda, Cənubi Qafqaz hakimiyyətinin regionun müsəlman əhalisini bolşevik-daşnak zül­mündən xilas edə bilməməsi də Azərbay­can əhalisində və elitasında xilas üçün yeganə ümid yerinin Osmanlı dövləti ol­duğu fikrini möhkəmləndirirdi. 

Bakı quberniyasında öz məqsədlə­rinə nail olan bolşevik-daşnak qüvvələri Azərbaycan milli hərəkatını məhv etmək, bütün Cənubi Qafqazda hаkimiyyəti ələ keçirmək üçün Gəncəyə, sonra isə Tiflisə hücum planı hazırlamış və həyata keçir­məyə başlamışlar. Nəticədə Bakı quber­niyasından başqa digər bölgələrin müsəl­man əhalisi də erməni silahlı dəstələrinin vəhşiliklərinə məruz qalmışlar. Bu planın əsas həlqələrindən biri də Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan bölgələ­rində yaşayan ermənilərin hərbi hərəkatı olmalı idi. Şaumyan və kampaniyası öz məkrli planlarının uğurla başa çatmasın­da bu bölgələrdə yaşayan ermənilərin üs­yanına böyük ümidlər bəsləyirdilər. 

Lakin Azərbaycan Cümhuriyyətinin yaranması, Qafqaz İslam Ordusunun uğurlu əks-hücum əməliyyatları ermə­ni-bolşevik məkrli planlarının həyat keç­məsinə imkan vermədi.

Kamran İSMAYILOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, dosent



Qan yaddaşı