Suriya düşərgələrində saxlanılan 7 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib

post-img

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində fevralın 20-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Son xəbərlər