Bu qurumun fəaliyyəti ATƏT-in tarixinə ləkədir
Münxen Təhlükəsizlik Konfransında iştirakı zamanı Prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun görüşü olub. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. ATƏT-in rəhbərliyinin bu məsələdə nə düşündüyü hələlik bilinmir, amma fakt budur ki, Azərbaycan liderinin təklifi postmüharibə reallıqlarının məntiqinə uyğundur və yuxarıda sadalanan strukturların fəaliyyətinin həm maliyyə, həm də siyasi konyuktur baxımından hər hansı səmərəsi yoxdur.
Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə münasibəti məlumdur. Vəzifəsi Qarabağ münaqişəsinin həll olunması ilə bağlı təkliflər hazırlamaq və həyata keçirmək olan bu qurum otuz il ərzində erməni işğalına son qoya bilmədi. Bu müddət ərzində Minsk qrupunun münaqişənin həlli ilə deyil, “diplomatik turizm”lə məşğul olduğunu hər kəs bilir. Ötən müddətdə Qarabağ münaqişəsi ilə bağlı obyektiv siyasi-hüquqi qiymətin verilməməsi münaqişənin uzadılmasına, müəyyən qüvvələr arasında illüziyaların yaranmasına gətirib çıxarmışdı ki, bu yolla beynəlxalq hüquq normalarını aşmaq, beynəlxalq aləmdə tanınmış dövlətləri zəbt etmək olar. Minsk qrupunun himayəsi altında fəaliyyət göstərdiyi 30 il ərzində münaqişəli dövlətlərin başçıları tərəfindən bir ədəd də olsun birgə sənəd imzalanmadı. ATƏT-in bu fəaliyyətsizliyindən, təzyiq göstərməməsindən yararlanan Ermənistan işğalçılıq siyasətini davam etdirdi.
2020-ci il sentyabrın 27-də vəziyyət kökündən dəyişdi. Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücumlara başalayan Azərbaycan Ordusu otuz illik erməni işğalına son qoydu. Azərbaycan 44 günlük müharibə zamanı ərazilərini işğaldan azad etdikdən sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu, necə deyərlər, havada qaldı. Bundan sonra Minsk qrupunun perspektivlərindən danışmaq faydasız işə çevrildi. Ancaq regionda yeni reallıqların yaranmasına baxmayaraq, vasitəçi ölkələr elə davrandılar ki, sanki Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Həll olunmamış qalırsa, deməli, beynəlxalq vasitəçiliyə də ehtiyac var. Ancaq rəsmi Bakı Qarabağ məsələsinin həll olunduğunu bildirdi və bununla belə Minsk qrupu de-yuri hələ də fəaliyyət göstərir. Buna görə də, Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun görüşündə qurumun Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacibliyini diqqətə çatdırdı.
Rəsmi Bakının belə bir təklifinin arxasında səmərəsiz maliyyə itkilərinə yol verilməsinin dayandırılması istəyi də dayanır. ATƏT hər il öz büdcəsindən Minsk qrupuna və onunla əlaqəli strukturlara, yəni Yüksək Səviyyəli Planlaşdırma Komitəsinə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinə milyonlarla dollar vəsait ayırır. Məsələn, mətbuatda açıqlanan məlumatlara görə, 2018-ci ildə ATƏT-in büdcəsindən Minsk qrupu həmsədrlərinin fəaliyyəti üçün 911 min avro ayrılmışdır ki, bu da həmsədrlərin aylıq maaşlarına, ezamiyyətlərinin maliyyələşdirilməsinə və digər xərclərə yönəldilmişdir. Həmin ildə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin xərclərininsə 1 milyon 241 min 300 avro təşkil etdiyi bildirilir. Məlumatlarda sonrakı illərdə də Minsk qrupuna və əlaqədar strukturlara ayrılan vəsaitlərin təxminən eyni səviyyədə olduğu açıqlanır.
Hələ 2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Prezident İlham Əliyev bildirmişdi ki, 2019-cu ildə Minsk qrupunun fəaliyyətinin dayanmasının səbəbinin Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur. Ölkə başçısı xatırlatmışdı ki, İrəvanda hakimiyyətə gəlmiş yeni nəsil siyasətçilərin də əvvəlki hökumətin səhvlərini təkrarladılar və bu da danışıqlar prosesinin dayanmasına səbəb oldu. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsindən sonra Minsk qrupunu oyundankənar vəziyyətə saldı. Prezident İlham Əliyevin dediyi kimi, bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkün oldu. Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədi. 44 günlük müharibədən sonra isə quruma ehtiyac ortadan qalxdı, çünki Azərbaycan Minsk qrupunun etməli olduğu işi gördü – torpaqlarını erməni işğalçılardan azad etdi.
Bütün bunlardan sonra belə bir sual ortaya çıxır: Azərbaycan Minsk qrupunun fəaliyyətini maliyyələşdirməlidirmi? Əlbəttə ki, yox. Siyasi bankrot olmuş qrupun məmurlarına maaş verilməsi heç bir məntiqə sığmır. Buna görə də, ATƏT-in 2024-cü il büdcəsinin müzakirəsi zamanı Azərbaycanın Minsk qrupu və əlaqədar strukturların maliyyələşdirilməsi məsələsində zəruri hesab etdiyi addım atacağı sürpriz olmayacaq. Prezident İlham Əliyevin ATƏT sədri ilə görüşündə dediyi kimi, ayrılacaq vəsaitin təşkilat çərçivəsində daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsi önəmlidir.
Səbuhi MƏMMƏDOV
XQ