Balayanın “nağılı”, Asryanın səfəri

post-img

Bu nədir, Ermənistan müharibəyəmi hazırlaşır?

Azərbaycan Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi Ermənistanın hakimiyyət dairələrində əsl psixoz yaradıb. Onlar ən müxtəlif uydurmalarla çıxış edir və Türkiyə amilini qabardaraq, İrəvanın təhlükədə olduğu görüntüsünü formalaşdırmağa çalışırlar. 

Bu baxımdan “ağıllı” bəyanatlar verənlər çoxdur. Belələrinin hamısının səsləndirdikləri cəfəngiyyatlardan söz açmaq fikrindən uzağıq. Ancaq Ermə­nistanın Avropa İttifaqındakı missiyası­nın rəhbəri, səfir Tiqran Balayanın de­diklərinə diqqət yetirməyi zəruri sayırıq. Əlbəttə, səfirin dilə gətirdikləri fonunda digər cəhətləri də vurğulayacaq və ye­kun nəticəyə gələcəyik. 

Beləliklə, Prezident İlham Əliyevin Türkiyəyə səfəri məsələsində ölkəmi­zi təcavüzkar kimi qiymətləndirməyə çalışan T.Balayan “Brussels Signal”a müsahibəsində bildirib ki, guya, fevra­lın 13-də Azərbaycan–Ermənistan şərti sərhədində baş vermiş hərbi toqquşma Ermənistanla Avropa İttifaqı arasındakı əməkdaşlığın səviyyəsinin artmasına cavabdır. “Bu hücum təkcə Ermənis­tana deyil, həm də Brüsselə bir mesaj idi”, – deyən Balayan hadisənin Aİ–Er­mənistan Tərəfdaşlıq Şurasının iclasın­dan bir neçə saat əvvəl baş verdiyini xatırladaraq, konsprioloji düşüncəsini işə salıb. 

Sərsəmlik görmüşdük, daha beləsini təsəvvürə gətirə bilməzdik. T.Balayan, eyni zamanda, bildirib ki, Azərbayca­nın hücumu (?) Aİ-nin regiondakı mülki müşahidə missiyasına verilmiş cavab idi... Bəli, erməni səfir təfəkkürünün mü­cərrəd guşəsindəki siyasi oyunbazlıq “zəngulə”lərini işə salır. Onun məntiqi ilə yanaşsaq və nəzərə alsaq ki, atəş İrəvanın Aİ ilə əməkdaşlığını dərinləş­dirməsinə cavab olaraq açılıb, o zaman əməkdaşlıqda maraqlı olmayan tərəfin Ermənistan olduğu aşkardır. Axı, ilk atəş açan erməni tərəfidir. Bunu heç rəsmi İrəvan da danmır, yaxud dana bilmir. Belə bir durumda Azərbaycanın cavabı nə üçün Aİ-Ermənistan əmək­daşlığına qarşı yönəlməlidir? Daha doğrusu, hansı səbəbdən ölkəmizin ca­vabı İrəvanla yanaşı, həm də Brüsselə ünvanlanmalıdır? 

Göründüyü kimi, T.Balayan təxriba­ta əl atır. Səfirin istədiyi budur ki, şər­ti sərhəddə yaşanmış insident qlobal müstəviyə daşınsın. Ümumən, hazırda Ermənistan rəhbərliyinin çalışdığı məhz budur. Tam aydındır ki, rəsmi İrəvan Bakı ilə münasibətlər xüsusunu regio­nal müstəvidən çıxarmaq niyyətindədir. Baş nazir Nikol Paşinyan administrasi­yası məsələni böyütməklə, həm sülh­dən yayınmağa cəhd göstərir, həm də yaranacaq hərbi eskalasiya nəticəsində əvvəlki mövqelərinə sahiblənməyi hə­dəf seçir. Bu mənada T.Balayanın söy­lədikləri əsl “tapıntıdır”. Görəsən, belə bir “nağılı” necə uydura bilir? 

Ermənistanın Aİ-dəki missiyasının rəhbəri onu da bildirib ki, Azərbaycan ölkəsi ilə gərginlik fonunda İsrail və Türkiyə daxil olmaqla, xaricdən pilot­suz uçuş aparatları və hərbi texnika alır. Təsəvvür edin, Ermənistan özü durma­dan silahlanır, Balayan kimi səfir qiyafə­sinə bürünmüş gerizəkalılar isə bildirir­lər ki, Bakı xaricdən silah alır. 

Sən demə, Ermənistan Azərbayca­nın hərbi reyslərlə, o cümlədən, İsrail və Türkiyədən sursatların gətirilməsini izləyib. Balayan, öz aləmində, bununla bağlı yenilik edir, “Azərbaycanın hərbi texnikasının 60 və ya 70 faizi İsraildən, o cümlədən Türkiyədən gəlir”, – deyə fikir bildirir. 

Ölkəmizin adları çəkilən dövlətlər­dən silah-sursat ixrac etdiyini, az qala, körpə uşaq da bilir. Balayan isə məsələ­ni məhz indi qəsdən gündəmə gətirir. Aydındır ki, məqsədi dünya birliyinə ölkəmizi aqressor kimi təqdim etməkdir. Erməni səfir, həmçinin qeyd edib ki, bu yaxınlarda Azərbaycana bəzi artilleriya texnikası satmaq barədə razılıq əldə etdiyini elan edən Serbiyadan Bakıya hərbi uçuşların sayı da artıb. 

Nəhayət, T.Balayan dilə gətirdiyi cəfəngiyyatlardan sonra bu nəticəyə gəlir. Yəni, danışdığı yalana inanır. Əsl psixi anormallıq elə budur. O deyir ki, baş verənlər, guya, Azərbaycanın Er­mənistanla sülhə gəlmək istəmədiyinin təsdiqidir. “Bütün xəbərdarlıq çağırışla­rına baxmayaraq, Azərbaycan aqressiv ritorikasını, təcavüzkar hərəkətlərini, qətl və təxribatlarını dayandırmayıb”, – deyən Ermənistanın Aİ-dəki təmsil­çisinin mövqeyi rəsmi İrəvanın Bakı ilə münasibətləri normallaşdırmaq niyyə­tindən uzaq olduğunun növbəti göstə­ricisidir.

Yuxarıda da vurğuladıq ki, Ermə­nistan hazırda çox ciddi şəkildə xaric­dən silah-sursat almağa girişib. Pa­şinyan administrasiyası bunu ölkənin təhlükəsizliyinin qorunmasının vacibliyi ilə əsaslandırmaq yönümlü bəyanatlar səsləndirir. Ancaq erməni mediasında Ermənistanın Azərbaycanla yeni müha­ribəyə hazırlaşdığına dair fikirlər dolaş­maqdadır. 

Qeyd edək ki, bir müddət əvvəl Fransa jandarmeriyasının bir generalı­nın Azərbaycan – Ermənistan şərti sər­hədinə gəldiyi məlumdur. İndi yayılan informasiyalarda isə erməni generalla­rın həmin əraziyə baş çəkdikləri bildirilir. Məsələn, “Oragir news” saytı yazıb ki, erməni ordusunun komandir heyətinə müharibəyə hazırlaşmaqla bağlı əmr verilib. Doğrudur, məlumat Ermənista­nın Müdafiə Nazirliyi tərəfindən təkzib olunub. 

Əlbəttə, təkzib heç nəyi dəyişmir. Aydındır ki, rəsmi İrəvan açıqdan-açığa müharibə hazırlığı gördüyünü bəyan et­məz. Ancaq bəzi faktlar bu barədə dü­şünməyə əsas yaradır. Məsələn, Ermə­nistan müdafiə nazirinin birinci müavini, baş qərargah rəisi, general-leytenant Edvard Asryan ötən həftəsonu ölkə sərhədinin cənub-şərq və cənub-qərb hissələrində, yəni Azərbaycanla şərti sərhəddə olub, orada istehkamların və digər müdafiə qurğularının vəziyyəti ilə tanış olub, iclas keçirərək, göstərişlərini verib. Deməli, erməni mediası məsələni müharibə hazırlığı kimi qiymətləndir­məkdə haqlıdır. 

Bəli, Ermənistanın Aİ-dəki nümayən­dəsi T.Balayan məhz belə bir şəraitdə Azərbaycanın sülhə hazır olmadığını bildirir. Tam əminliklə söyləmək müm­kündür ki, Ermənistan yeni müharibə üçün sadəcə bəhanə axtarışındadır. Sərhəddəki təxribatın bəhanə kimi rəs­miləşdirilməsi mümkün olmadı. Azər­baycan tərəfi sübut etdi ki, ilk atəş qarşı tərəfdən açılıb. Görünür, ölkəmizə qarşı hücuma keçmək üçün yeni bəhanələr tapılacaq. Çox güman, baş qərargan rəisi Asryanın şərti sərhəd ərazilərinə səfərində məqsəd də məhz bu idi. 

Ümumən, həm E.Asryanın səfəri, həm Balayanın Avropa mediasına mü­sahibəsində səsləndirdikləri, həm də bütövlükdə Ermənistan rəhbərliyinin tutduğu anti-Azərbaycan mahiyyətli destruktiv mövqe bir çox mətləblərdən xəbər verir, istər-istəməz müharibə təh­lükəsini aktuallaşdırır. Bütün bunlar isə rəsmi İrəvanın illüziya bataqlığındakı yerinin çox dərin olduğunu göstərir. Or­taya T.Balayan kimi avantüristlərin düş­məsi də fikrimizin təsdiqidir. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət