Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul olunmuş qətnamə ilə əlaqədar AŞPA sədri Teodoros Rousopoulosa məktub ünvanlayıb.
Məktubda bildirilib ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.
Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər.
G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır.
Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.
XQ