Ana dilimiz – milli kimliyimiz

post-img

Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı ədəbi-bədii toplantı keçirilib.

Məclisi giriş söz ilə açan muzeyin direk­toru akademik Rafael Hüseynov Beynəlxalq Ana Dili Gününün dünyada geniş qeyd olunduğu diqqətə çatdırıb. Hazırda dünyada mövcud dillərin sayı 3 mindən 5 min arasın­dadır. Hər gün onlarca dilin öldüyünü deyən direktor bildirib ki, dil məhv olarsa, onlarla birlikdə bütöv bir mədəniyyət də məhv olar. Akademik qeyd edib ki, dilimizin inkişafı­na dövlət səviyyəsində ilk qayğı Azərbay­can Xalq Cümhuriyyəti dövründə göstərilib. 1918-ci ildə Nazirlər Kabinetinin yerləşdiyi Metropol mehmanxanası indiki muzey bina­sında Azərbaycan hökuməti dilimizin taleyi ilə bağlı mühüm qərarlar qəbul edib.

XX yüzildə Azərbaycan dilinin daha da inkişaf etdiyini söyləyən alim ana dilimizin öz qüdrətini qorumasında, işlək dilə çevril­məsində dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin müstəsna xid­mətlərini xüsusi qeyd edib, Ümummilli lide­rin “Dilimiz çox zəngin və ahəngdar dildir. Azərbaycan dili çox ləzzətli dildir” sözlərini xatırladıb. Direktor vurğulayıb ki, Ulu öndə­rin ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir. 

Daha sonra Beynəlxalq Ana Dili Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Bədii hissə ilə davam edən tədbirdə Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkə­zinin şagirdləri Xəlil Rza Ulutürkün “Mə­nim dilim”, Zəlimxan Yaqubun “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dilim”, Tofiq Bayramın “Ana dili” və Nəbi Xəzrinin “Ana dilim” şeirlərini səsləndiriblər. Məktəblilərin ifasında musiqi nümunələri də təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ



Sosial həyat