“Şərqin qapısı”nda Naxçıvan muxtariyyəti

post-img

Qədim diyarda muxtar qurum yaranmasının 100 illiyi təntənəsi

Fevralın 9-da Naxçıvan şəhərində qədim diyarda Muxtar Respublika yaranmasının 100 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirilib.

Şənlik iştirakçıları əvvəlcə Naxçıvanı erməni işğalından xilas etmiş ümummilli lider Heydər Əliyevin onu  xalqımıza bəxş etmiş şəhərinin baş meydanındakı abidəsini ziyarət ediblər. Heykəlin önünə güllər düzülüb, Ulu öndərin xatirəsinə dərin ehtiram ifadə olunub.

Yubiley təntənəsi Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Muxtar Respublika Ali Məclis sədrinin müavini Anar İbrahimov, Baş nazir Səbuhi Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri və qonaqların iştirakı ilə davam edib. Sarayın foyesində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yubileylə bağlı hazırladığı veb sayt, poçt markası, posterlər iştirakçılara təqdim edilib. “Şərq qapısı” qəzetinin təşkil etdiyi fotosərgidə isə muxtar diyarın zəngin təbiətini, çoxəsrlik tarixini və təkrarsız abidələrini əks etdirən fotolarnümayiş etdirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, baş nazir Əli Əsədovun, eləcə də digər rəsmi şəxslərin muxtar respublikanın 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Əlamətdar yubileyin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edildiyi bir şəraitdə qeyd olunmasını xüsusi xoşbəxtlik kimi dəyərləndirən Fuad Nəcəfli Prezident İlham Əliyevə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Muxtar Respublika ictimaiyyətinin təbrikini səsləndirib, ali dövlətçilik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Səlahiyyətli nümayəndə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident sərəncamına əsasən bu il sislsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.  

Fuad Nəcəfli muxtariyyət tarixinə nəzər salaraq vurğulayıb ki, 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən 2 mühüm beynəlxalq sənəd – Moskva və Qars müqavilələri imzalanıb. Bununla  muxtariyyətin əsasları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub, onun beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-da Naxçıvan diyarı təşkil olunub. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan diyarı Naxçıvan MSSR-ə çevrilib.

Qeyd edilib ki, 1990–1993-cü illərdə Ümummilli liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu torpağı erməni işğalından, muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas edib. Ulu öndər rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin iclasında müstəqil dövlətçilik tariximizlə bağlı mühüm qərarlar qəbul olunub. Həmin iclasda muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilib Ali Məclis adlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı isə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə respublika parlamenti qarşısında vəsatət qaldırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli fərmanı ilə Naxçıvanın 75 illik yubileyi geniş qeyd olunub.

Daha sonra bildirilib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirilib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Ölkə başçısının müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub. 100 illik yubileylə bağlı sərəncamda isə Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndirilib.

2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19-20-i tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Naxçıvanın igid oğulları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Beləliklə, istər tarixi qələbəmiz, istərsə də dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması regionda yeni reallıqlar yaratmaqla bərabər, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini də təmin edəcəkdir. 

Ölkə Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli 100 illik yubileyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı verdiyi sərəncama görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib, muxtar respublika əhalisini təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çıxışında bildirb ki, dövlət başçısının sərəncamda Naxçıvan Muxtar Respublikasının “yaradılması” deyil, məhz “yaranması” ifadəsini işlətməsi onun Naxçıvanın muxtariyyət statusunu qazanmasını kiminsə, ya da kimlərinsə fəaliyyəti deyil, bütövlükdə tarixi və siyasi proseslərin məntiqi davamı kimi qiymətləndirməsinin təzahürüdür. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs edib. 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylinin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Hacıfəxrəddin Səfərlinin çıxışlarında qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb. Dövlət başçısı zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin  zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. 

Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu öndər” filmi nümayiş etdirilib.

Təntənəli mərasim bədii hissə ilə davam edib.

XQ

 



Son xəbərlər