Yol verin, ədalət kürsüsünə terrorçu dövlət qalxır!

post-img

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna da qoşuldu. 1978-ci ildə Misir prezidenti olmuş Ənvər Sadat Nobel Sülh Mükafatı alanda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: 

Sadata Sülh mükafatı! 
Alan cəllad, verən dəli. 
Ət qoxusa, duz vurmalı, 
Duz qoxusa neyləməli?

Şair daha sonra qəzəbini belə ifadə edirdi:

Siz ey miras mükafatı
Dədəsinin malı kimi paylayanlar!
Haqsızlığın özünün də bir həddi var!

Görünür, bizim Qərb deyə güvəndiyimiz “tərəfdaşlar”ın haqsızlığının həddi-hüdudu yoxdur və yəqin ki, elə başdan olmayıb. 

Müqayisə bəlkə də yerinə düşmədi. Ənvər Sadat İsraillə münasibətləri nizamlamaq istiqamətindəki səylərinə görə Nobel Sülh Mükafatını almışdı. Ermənistan isə 30 illik işğalçılıq, terrorçuluq, vandallıq, soyqırımı kimi ağır bəşəri cinayətlər törədəndən sonra Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulur. Azərbaycan torpaqlarının 20 faizini 30 il ərzində dünyanın, o cümlədən, Qərbli “dostlarımızın” gözləri qarşısında işğal altında saxlamış, həmin ərazilərdə daşı-daş üstə qoymamış, bayquş kimi viranəlik yaradaraq üstündə oturmuş bir ölkənin bu qədər mötəbər bir ədalət kürsüsünə layiq görülməsinə necə baxırsınız?! Bu yerdə demirlərmi ki, “alan cəllad, verən dəli”?!

Doğrudur, Azərbaycanın Xarici İşlər Nazirliyi buna çox sərt reaksiya verib. Bəs Qərb? Bəs bizdən 30 ildən artıq müddətdə “demokratiya”, “insan haqları”, “azad toplaşmaq”, “azad fikir”, “azad mətbuat” tələb edən Qərb? Bunlar bu illər ərzində Ermənistanın qonşu ölkənin ərazisini işğal etməsinə, törətdiyi hərbi, siyasi, iqtisadi cinayətlərə haqq qazandırmışdısa, indi nə gözləmək olardı ki?!

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın XİN başçısı Ararat Mirzoyanın ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə çıxışına münasibət bildirərək deyib: “8 fevral 2024-cü il tarixində Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik. Bu çıxış Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib”.

Bəli, bu illər ərzində Ermənistan cəzasızlıq şəraitində istədiyi qədər cinayətlərə yol verib. Onun üçün yaradılmış xüsusi xristian təəssübkeşliyindən gen-bol istifadə edib. Nəticədə Qərb dövlətlərinin rəsmiləri gizlətməyə çalışsa da, dünya ictimaiyyəti Ermənistanı terrorçi dövlət kimi tanıyıb. Məhz Ermənistanın bu cinayətləri ABŞ yazıçısı və tarixçisi Samuel Vimsin “Ermənistan: böyük hiylə – terrorçu xristian dövlətinin gizlinləri” adları kitabının yaranmasına səbəb olub. Rusiya isə son illərdə Avropada faşizmin qəhrəmanlaşdırılmasının böyük bir problemə çevrildiyi, buna qarşı hamılıqla mübarizə aparılmasının zəruriliyi haqqında bəyanatlar verir. BMT buninla bağlı xüsusi sənəd qəbul edib. Vaxtilə faşizm nökəri kimi tanınmış erməni terrorçularının adları da (Njde və digərləri) bu sırada çəkilməkdədir. Bu adlar bir çox ölkə, o cümlədən, Rusiya və Azərbaycan tərəfindən terrorçu kimi tanınsa da, Ermənistanda onlara abidələr qoyulub. Həm də bu abidələrin daşıdığı məna o qədər iyrəncdir ki, tərəqqipərvər insanlarda heç zaman rəğbət oyada bilməz. 

İndi belə bir ölkə beynəlxalq ədalət kürsüsünə qaldırılır. Bu, artıq Qərbin, doğrudan da, tamamilə deqradasiyaya uğradığının, mənasızlığının və puçluğunun açıq təsdiqidir. Əgər Ermənistan kimi terrorçu bir ölkə belə bir statusa layiq görülürsə, onda Qərbin zindanlarında insan qatillərini saxlamağın nə mənası qalır?! 

Paşa ƏMİRCANOV
XQ

Siyasət