Bir nəslin 95 nümayəndəsi eyni məntəqədə səs verəcək

post-img

Şəkildə gördüyünüz adamlar Sa­muxun Nəbiağalı şəhərinin sakinləri, Namazovlar nəslinin az bir qismidir. Seçki məntəqəsinə gəlib öz adlarını seçici siyahısında axtarırlar. Eləsi var artıq bir neçə dəfə müxtəlif seçkilər­də öz səsvermə hüququndan istifadə edib. Eləsi də var ömründə ilk dəfə səsvermə qutusuna yaxınlaşacaq...

Rayon mərkəzi olan Nəbiağalıda on­ları “Namazlılar” deyə çağırırlar. Əslində, bu, onların yaşadıqları məhəllənin adıdır. Namazovlar Samuxda tanınmış nəsildir. Onların arasında müxtəlif peşə sahibləri var: müəllim, həkim, fermer, fəhlə, sürü­cü... Hamısı mehriban, dövlətə və dövlət­çiliyə sadiq, zəhmətkeş insanlardır. 

101 saylı Samux–Şəmkir seçki da­irəsinin sədri Bayram Qasımov deyir ki, Namazovlar seçkilərdə həmişə yüksək fəallıq göstəriblər. Onlara bildiriş kağızları göndərmək də lazım gəlmir. Həmin gün hamısı bir nəfər kimi, özü də səhər tez­dən seçici məntəqəsinə axışır. Bu dəfə, fevralın 7-si günü daha mütəşəkkil ola­caqları, səs verəcəkləri 2 saylı məntəqə­də bir daha nümunə göstərəcəkləri indi­dən görünür.

Əminə Cəfərova, 2 saylı məntəqə­nin sədri: 

– İnanırsınız, bəlkə də, hər gün gə­lirlər, siyahıda dönə-dönə öz adlarına baxırlar, burada keçirilən tədbirlərdə işti­rak edirlər. 

Məntəqəmizdə səs verəcək seçicilə­rin, təxminən, 10 faizi Namazovlardır, bir nəslin nümayəndələridir. Hamısı yaxın qohumlardır. Ən böyüyü 90 yaşlı seçici Namazova Validə Nəcəf qızıdır. Ən gənci isə 18 yaşı yenicə tamam olan Namazov Ayaz Cahangir oğludur. 

...Qeyd edək ki, prezident seçkilə­ri günü Namazovların 95 nümayəndəsi məntəqədə olacaq və öz layiqli namizə­dinə səs verəcək. Onların bir neçə nəfəri ilə görüşüb söhbət etdik.

Kəramət Namazov, musiqi müəllimi:

– Mən fəxr edirəm ki, Samuxda belə bir böyük nəslin nümayəndəsiyəm. Söh­bət bizim başqaları ilə müqayisədə daha şaxəli nəsil olmağımızdan getmir. Nama­zovlar nəsli milli adət və ənənələri özün­də qoruyub saxlayan, uşağından tutmuş ağsaqqalına kimi mentalitetə bir qanun kimi bağlı olan adamlardır. Səsvermə günü isə bu nizam-intizam həmişə özünü göstərib, bu dəfə də özünü göstərəcək, buna şübhəm yoxdur.

Nəcəf Namazov, sahibkar: 

– Bu seçki əvvəlkilərdən seçilir. Ölkə­mizin müstəqillik dövründə ilk dəfədir ki, torpaqlarımız, doğma Qarabağımız müzəffər Ali Baş Komandanın rəhbərli­yi ilə yağı düşməndən alınıb özümüzə qaytarılıb. “Namazlılar məhəlləsi”ndə Şuşa da, Xankəndi də alınanda tonqal­lar qalandı, səhərədək onun ətrafından çəkilmədik. Əminəm ki, fevralın 7-də də məhəlləmizdə bu cür tonqallar şölələnə­cək...

Bir vacib məqama da toxunaq ki, Na­mazovlar nəsli tez-tez bir yerə yığışır, ta­rixi bayramları, ad günlərini, digər əlamət­dar hadisələri təntənə ilə qeyd edirlər. Rayon mərkəzində bu nəslin hansı nü­mayəndəsi ilə rastlaşdıqsa, fevralın 7-ni səbirsizlikə gözlədiklərinin şahidi olduq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Samux rayonu

Son xəbərlər