Seçkilərə hazırlıq davam edir

post-img

Sənədlərin təqdimat müddəti başa çatdı

2024-cü il fevralın 7-də keçirilə­cək növbədənkənar prezident seç­kilərində prezidentliyə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi müddəti dünən başa çatdı. Prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i saat 18:00-dək olan dövrü əhatə edib.

Seçki Məcəlləsinin 58.1-ci maddə­sinə əsasən, prezidentliyə namizəd, siya­si partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gü­nünə ən çoxu 50 gün və ən azı 30 gün qalmış saat 18:00-a qədər namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir. 

Xatırladaq ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürül­məsi təsdiqlənib və MSK-da 3 namizədin prezidentliyə namizədliyi qeydə alınıb.

Azad edilmiş ərazilərdə seçki məsələləri

İşğaldan azad edilmiş ərazilərdə artıq seçki məntəqələri qurulub. Bu barədə Mərkəzi Seçki Komissiyası­nın sədri Məzahir Pənahov məlumat verib. 

Sədr bildirib ki, orada işlər, demək olar ki, tamamlanıb. Həmin ərazilərdə görülən işlər digər bölgələrdəki seçki məntəqələrinə də nümunə ola bilər. Çün­ki həmin bölgələrdə intensiv tikinti-quraş­dırma işləri aparılır. Hazırda Mərkəzi Seç­ki Komissiyası həmin məntəqələri təchiz etməklə məşğuldur.

Məhkəmələrin seçkilərlə bağlı vəzifələri

Ali Məhkəmənin sədri İnam Kə­rimov seçki mübahisələrinin məh­kəmə qaydasında həllinə münasibət bildirərkən deyib ki, ölkəmizdə seçki hüquqlarının müdafiəsi ilə bağlı mü­raciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. 

Bu cür müraciətlərə birbaşa apelya­siya instansiyası məhkəmələrində baxıl­ması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilə­rin mahiyyəti nəzərə alınmaqla daha çe­vik idarə olunmasını təmin etmək məqsə­di daşıyır. Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçir­məyə hazırdırlar.

İ.Kərimov şikayət hüququnun reallaş­dırılmasında iki imkanın nəzərdə tutul­duğunu bildirib: inzibati şikayət və məh­kəməyə şikayət verilməsi: “Dairə seçki komissiyasının qərarından, öncə, Mərkə­zi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkə­tindən (hərəkətsizliyindən) isə apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq, yuxarı seçki komissiyası tərəfindən tə­min edilməzsə, məhkəməyə şikayət edilə bilər. Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gün­dən başlayaraq 3 gün müddətində şi­kayət edə bilərlər”. 

Ali Məhkəmənin sədri deyib ki, ölkə­mizdə ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait mövcuddur.

Bütün namizədlərin hüquqları bərabərdir

“Bütün seçki iştirakçıları – prezi­dentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nü­mayəndələri – həmin hüquqlardan yararlana bilər. Məqsədimiz odur ki, bütün tərəflər öz hüquqlarını bilsinlər. Müraciətlər qanuna uyğun şəkildə ün­vanlanmalıdır...” 

Bu fikirləri MSK sədri Məzahir Pə­nahov səsləndirib. O, əlavə edib ki, qa­nuna uyğun seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bə­rabər hüquqlar yaradılır”.

Ekspert komissiyaları yaradılır

“Növbədənkənar prezident seç­kiləri ilə bağlı MSK-nın nəzdində 9, dairə seçki komissiyaları tərkibində isə 3 nəfərdən ibarət ekspert komis­siyaları yaradılır. Komisiya üzvləri vətəndaşların seçki hüququnu po­zan qərar, hərəkətsizlikdən, hərəkət­lərdən verilən şikayətləri araşdıra­caqlar”. 

Bu barədə Mərkəzi Seçki Komissi­yasının katibi Arifə Muxtarova məlumat verib.

Katib qeyd edib ki, daxil olan şikayət­lərdə qanunsuz hərəkətin məzmunu fakt­larla əsaslandırılmalıdır. Hərəkətsizlik hər hansı seçki subyektinin qanunla üzərinə düşən vəzifəni icra etməməklə özünü ifa­də edir. Belə olduğu halda bu barədə mə­lumat təqdim edilmiş şikayətdə öz əksini tapmalıdır.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər