Azərbaycanın mədəniyyət naziri Naxçıvanda

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli burada səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. 

Görüşdə muxtar respublika ərazisində tarixi-memarlıq abidələrinin qorunması ilə bağlı səylərin birləşdirilməsi, abidələrin daha peşəkar şirkətlər tərəfindən bərpasının təmin edilməsi üçün ümumi tender prosedurlarının nəzərdən keçirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki,  bərpa işlərinə peşəkar şirkətlərin cəlb olunması  prosesin daha etibarlı və uyğun şəkildə aparılmasına şərait yaradar. 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərində yaradılması nəzərdə tutulan "Naxçıvanın 7 incisi" turizm kompleksi, Ordubad rayonu ərazisindəki Xarabagilanın bərpası və Ordubadın tarixi abidələri ilə bağlı məsələlər müzakirə olunub. Bu istiqamətdə birgə addımların atılması barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dünən Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.

Muxtar respublika Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər. Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 



Son xəbərlər