Oftalmoloqların XII regional konfransı

post-img

Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XII regional konfransı keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş məclisin açılışında “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri Ləman İbrahimova qeyd edib ki, ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafı da məhz Ümummillil lider Heydər Əliyevin adı ilə bağlıdır.

Konfransda vurğulanıb ki, “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikanın səhiyyə sistemində də müxtəlif tədbirlər, konfranslar keçirilir. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XII regional konfransı oftalmologiya sahəsində yenilikləri, nailiyyətləri araşdırmaq, eyni zamanda bu sahədə təcrübələri bölüşmək baxımından əhəmiyyətlidir. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov, tibb üzrə elmlər doktoru Hicran Namazova çıxışında bu ilin Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illiyi ilə əlamətdar olduğunu deyib, Milli Oftalmologiya Mərkəzində Zərifə Əliyevanın müəyyənləşdirdiyi ənənənin davam və inkişaf etdirildiyini qeyd ediblər.

Sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx nümayiş etdirilib. Mövzu ilə bağlı oftalmoloq-həkimlərin çıxışları dinlənilib, müzakirələr aparılıb. 

Həmin gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti tibbi aksiyası Naxçıvan Muxtar Respublika Xəstəxanasında həyata keçirilib. 

 

Son xəbərlər