Ulu öndəri liderlik olimpinə aparan yol

post-img

(Əvvəli XQ-nin 6 dekabr 2023-cü il tarixli sayında)

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi nazirinin 1949-cu il 10 may tarixli 66 saylı əmri ilə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi, baş leytenant Heydər Əlirza oğlu Əliyev vəzifəsi saxlanılmaqla bir il müddətinə təhsil almaq üçün SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqraddakı (indiki Sankt-Peterburq – red.) xüsusi məktəbinə ezam edildi. Azərbaycanlı müdavim 1950-ci il iyulun 6-da SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Operativ rəhbər işçilər hazırlayan məktəbini fərqlənmə diplomu ilə bitirərək Naxçıvana qayıtdı. 

Məktəbin gənc təhlükəsizlik zabitinə verdiyi xasiyyətnamədə yazılırdı: “Baş leytenant Heydər Əlirza oğlu Əliyev tədris proqramı üzrə zaçot və imtahanlardan yüksək qiymətlər almışdır. Təhsil müddəti ərzində Heydər Əliyev dərs əlaçısı olmuş, buna görə də ona məktəbin adından təşəkkür elan edilmişdir. Onun şəkli məktəbin şərəf lövhəsinə vurulmuşdur. Təhsil müddəti ərzində yoldaş Əliyev sosial-iqtisadi fənlər sahəsində geniş biliklər əldə etmiş, öz mədəni və ümumtəhsil səviyyəsini qaldırmış, çekist işi məsələləri üzrə biliklərini artırmışdır. Operativ məsələlərin həllində lazımi, düzgün qərarlar qəbul edir, vəziyyəti sərbəst və düzgün qiymətləndirə bilir, sənədləri hərtərəfli və əsaslı tərtib edir... İntizamlıdır, mənəvi cəhətdən möhkəmdir, fərasətlidir, məişətdə sadədir, ədəblidir. Nəticə: Vəzifədə irəli çəkilməyə layiqdir”.

Heydər Əliyev Naxçıvana qayıdandan dərhal sonra muxtar respublikanın Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi təyin edildi. 1950-ci il avqustun 26-da isə onu Bakıya dəvət etdilər. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin 2-ci şöbəsi 6-cı bölməsinin rəisi vəzifəsinə təyin olundu. İkinci şöbə əks-kəşfiyyatla məşğul idi. Heydər Əliyev 15 il ərzində məhz bu məsuliyyətli sahə ilə məşğul olmuşdu. Heydər Əliyev əməliyyat işləri ilə yanaşı, o vaxt SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı Diyarlararası Məktəbində də mühazirələr oxuyur və eldə etdiyi elmi-nəzəri bilikləri və təcrübəni təhlükəsizlik orqanları əməkdaşlarına çatdırırdı.

1951-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil oldu. 1957-ci ildə bütün çətinliklərə baxmayaraq tarix fakültəsini “əla” qiymətlərlə başa vurdu. 

Özünə və başqalarına yüksək tələbkar, kütlələrlə daim əlaqə saxlayan, adamlara həssas, qayğıkeş münasibəti ilə fərqlənən təşkilatçılıq qabiliyyəti, tükənməz enerjisi, işgüzarlığı və təşəbbüskarlığı ilə fərqlənən, xalqın böyük nüfuz, məhəbbət və hörmətini qazanan Heydər Əliyev 1953-cü ilin sonunda Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olundu. O, milli və gənc kadrların artırılmasına, Azərbaycana xəyanət etmiş işçilərin kənarlaşdırılması istiqamətində tədbirlər görməyə başladı. 

Bununla əlaqədar, 1997-ci ildə respublikanın milli təhlükəsizlik orqanı əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edən Heydər Əliyev demişdir: “1953-cü ilin sonunda mən birdən-birə həmin şöbəyə (əks-kəşfiyyat – İ.H.) rəis təyin olundum. Bu, nadir hadisə idi. Nə qədər çətinliklər çəkdim ki, 37-38-ci illərdən, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan, – onların da əksəriyyəti azərbaycanlı deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar da var idi, - bu orqanları xilas edək və yeni, gənc adamlar cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu, çox çətin oldu, o qədər çətin oldu ki, mənə qarşı fitnələr də etdilər. Bir müddət o vəzifədən getməli oldum... Bir-iki ildən sonra məni yenə o vəzifəyə təyin etdilər, məcbur oldular ki, təyin etsinlər. Mən o zaman cəsarətli addımlar atmağa, təmizləmə işləri görməyə başladım, həmin şöbədə işləyən bir neçə zabitin cinayətkar olduqlarına görə həbs edilməsinə, cəzalandırılmasına, işdən çıxarılmasına nail oldum”.

Gənc əks-kəşfiyyat rəisinin natiqlik məharəti, əhalinin müxtəlif təbəqələri ilə ünsiyyət yaratmaq bacarığından xəbərdar olan Komitə rəhbərliyi, Dövlət Təhlükəsizliyi Komitəsinin sıravi əməkdaşlarına yeni siyasətin mahiyyətini başa salmaq üçün zona müşavirələrində çıxış etməyi tez-tez ona həvalə edirdi.

Heydər Əliyev 1958–1964-cü illərdə əks-kəşfiyyat sahəsində işləmişdir. Bu şöbənin əks-kəşfiyyat uğurları əhəmiyyətli dərəcədə yüksək idi. Heydər Əliyevin özü təşkilatçılıq bacarığına və analitik qabiliyyətinə görə nəzərəçarpacaq dərəcədə fərqlənirdi.

60-cı illərin əvvəllərində Heydər Əliyevə respublika prokuroru vəzifəsi təklif edildi. Bununla əlaqədar Azərbaycan KP MK-nın ikinci katibi Semiçastnı Heydər Əliyevi qəbul etdi. Heydər Əliyev ona hüquq təhsilinin olmadığını, əməliyyat işçisi olduğunu bildirdi. Heydər Əliyevin mövqeyi hörmətlə qəbul edildi.

Bu illərdə xüsusi xidmət orqanlarında bir sıra ixtisarlar aparıldı. Bununla əlaqədar Heydər Əliyev çıxışının birində demişdir: “1960-cı ildə bu orqanlarda geniş ixtisarlar aparıldı. O vaxt 5 şöbəni birləşdirdilər. Mən onlardan birinin rəisi idim. Belə oldu ki, 5 şöbəni birləşdirərkən məni birləşmiş şöbəyə rəis təyin etdilər. Bu fürsətdən istifadə etdim, o birisi şöbələrin rəisini, ya müavini olanların əksəriyyətini təmizlədim, onlar orqandan xaric olundular”.

Azərbaycan əks-kəşfiyyatının rəisi, podpolkovnik Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində aparılan yeni siyasətin həyata keçirilməsində fəal iştirak edirdi. O, dövlət təhlükəsizliyini intellektuallaşdırmaq xəttini daha mükəmməl formada həyata keçirib. Hətta o, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olduğu dövrdə də çox sevdiyi bu xəttə sadiq qalıb. Araşdırmalar göstərir ki, Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında işlədiyi illər ittifaq dövlət təhlükəsizliyinin doqquz rəhbərinin dövrünə təsadüf edir: Merkulov–Abakumov–­İqnatyev–Kruqlov–Beriya–Serov–­Şelepin–­Semiçastnı–Andropov. Bunların içərisində Heydər Əliyev yalnız qeyri-adi şəxsiyyət olan Y.V.Andropovla səmimi dostluq münasibəti saxlamışdır. Onların hər ikisi ziyalı, təhsilli, çox mütaliə edən və çox düşünən insan idi. 

Heydər Əliyev çox yüksək səviyyədə intellektual şəxsiyyəti ilə seçilirdi. O müxtəlif dilləri bilirdi, aktyorluq sənətinə və rəssamlığa böyük marağı vardı. Heydər Əliyev incəsənət tarixinin, nəzəriyyəsinin və fəlsəfənin mahir bilicisi olmaqla, Azərbaycan, rus və Qərbi Avropa teatrının ənənələrinə və novatorluğuna dərindən bələd idi.

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə 1963-cü ildən Semyon Sviqun rəhbərlik etmişdir. SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin 1964-cü il 2 mart tarixli 85 saylı əmrinə müvafiq olaraq, podpolkovnik 
Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilir. S.Sviqunun heç vaxt belə müavini olmamışdı: təşkilatçı, diqqətcil, bacarıqlı, təmkinli. Respublika Dövlət Təhlükəsizliyi Komitəsindən Mərkəzə göndərilən bütün ən vacib sənədləri Heydər Əliyev hazırlayırdı. Üstəlik, etibarlı və ünsiyyətcil idi.

Peşəkarlığının, işdə göstərdiyi nümunəvi xidmətin və qazanılmış nailiyyətlərin məntiqi nəticəsi olaraq 1965-ci il martın 31-də Heydər Əliyevə polkovnik hərbi rütbəsi verildi. Əməli fəaliyyəti ilə təhlükəsizlik orqanlarında böyük nüfuz qazanan polkovnik Heydər Əliyev 1966-cı ilin fevralında SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin F.Dzerjinski adına ali məktəbinin rəhbər heyətinin təkmilləşdirilməsi kurslarına göndərilir. Heydər Əliyev həmin ilin mayında bu kursu müvəffəqiyyətlə bitirib respublikaya qayıdır. 

S.Sviqunu SSRİ DTK sədrinin birinci müavini təyin edəndən sonra Azərbaycan dövlət təhlükəsizliyi orqanlarını kimə etibar etmək məsələsi ortaya çıxdı. S.Sviqun Moskvaya gedəndə öz yerinə (DTK sədri yerinə - İ.H.) Heydər Əliyevi tövsiyə etmişdi. DTK sədri S.Sviqunla Heydər Əliyev arasındakı münasibətlər yüksək səviyyədə idi, qarşılıqlı hörmət əsasında qurulmuşdu. Semyon Kuzmiç Heydər Əliyevi, onun təşkilatçılıq bacarığını yüksək qiymətləndirir, fikirlərinə hər zaman diqqətlə yanaşır, onun çekistlik istedadını çox yüksək dəyərləndirirdi. Ona görə də belə bir fikir söylənilirdi ki, “Heydər ­Əliyeviç məhz Sviqunun məsləhəti və Vəli Axundovun fəal dəstəyi ilə təyin olunmuşdu. Ancaq Moskvanın Azərbaycan DTK rəhbəri qismində rus millətinin nümayəndəsini görmək istəyi də istisna olunmur”.

1964-cü ilin sentyabrında SSRİ-nin partiya və hökumət rəhbərliyində dəyişiklik oldu. L.Brejnev partiya təşkilatının rəhbəri, A.Kosıgin isə SSRİ Nazirlər Sovetinin sədri oldu. 1967-ci ilin mayında Sov.İKP MK-nın katibi Y.Andropov SSRİ DTK sədri və MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi. Bu, partiya iyerarxiyasında xeyli qabağa çəkilmək idi, DTK və onun sədrinin əlavə səlahiyyətlər aldığına dəlalət edirdi.

Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə azərbaycanlının təyin edilməsi, heç şübhəsiz tarixi hadisə idi. Bu vaxta qədər bu vəzifədə azərbaycanlı olmamışdı. Heydər Əliyevin özünün dediyinə görə, onun namizədliyinin üstünə o saat gəlmədilər. Bir sıra hallarda DTK sədrinin rus millətindən olan birini görmək istəyirdilər. 

1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti qarşısında çıxış edərkən o, otuz il əvvəlki hadisələri belə xatırlayırdı: “Bizim Azərbaycandan olan, mənim yanımda işləyən adamlardan bəziləri öz şəxsi məqsədlərinə, şəxsi mənafelərinə görə həmin o Sviqunla birləşib yenə də buraya azərbaycanlı olmayan adamı – Moskvadan, yaxud burada olan bir rusu təyin etməyə cəhd göstərirdilər. Tarixi həqiqət naminə demək lazımdır ki, o vaxt, 1967-ci ildə məhz  Andropovun bu işə şəxsi münasibəti və həqiqət naminə demək lazımdır ki, – mən bunu özümə görə demirəm, ancaq xalqın tarixi naminə deyirəm, – o vaxt Azərbaycanda Mərkəzi Komitənin birinci katibi olan Vəli Axundovun bu barədə düzgün mövqeyi nəticəsində – amma başqaları düzgün mövqedə deyildilər, – ilk dəfə olaraq azərbaycanlı bu orqanın rəhbərliyinə təyin olundu”.

Respublikanın DTK rəhbəri vəzifəsinə həqiqətən başqa iddialı namizədlər də var idi. Azərbaycan əhalisinin müsəlman olması, İran və Türkiyə ilə qonşuluqda yerləşməsi DTK-nın rəhbərinin rus olması məqsədəuyğun hesab edilirdi. Heydər Əliyevin sədr seçilməsi isə artıq heç kimdə şübhə doğurmurdu. Çünki Heydər Əliyev bu sahədə yetərincə püxtələşmiş, ciddi şəxsiyyət, hazırlıqlı kadr kimi tanınırdı.

Keçirdiyi çoxsaylı əməliyyatlar, topladığı böyük iş təcrübəsi, yüksək peşəkarlığı və təşkilatçılığı nəzərə alınaraq SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin 1967-ci il 22 iyun tarixli 27 saylı əmrinə əsasən 
Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilir. 1967-ci il oktyabr ayının 30-da 136 nömrəli əmrlə ona general-mayor hərbi rütbəsi verilir. O, SSRİ DTK-sı tarixində general rütbəsi alan ilk azərbaycanlı idi.

Heydər Əliyev məhz dövlət təhlükəsizliyi orqanlarında işləyərkən onun tale yolu gələcək ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyeva ilə kəsişir. Lakin bu ailənin qurulması çoxlu çətinliklər və mənəvi məhrumiyyətlər bahasına başa gəlmişdir. Onların dramatik şəraitdə başlayan məhəbbəti xoşbəxt sonluqla nəticələndi. 1954-cü ilin noyabrında onlar evləndilər və xoşbəxt bir ailənin əsası qoyuldu.

Tariximizin gözəl bilicisi, erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən xəbərdar olan Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifələrdə çalışdığı dövrlərdə erməni məkrinin əyani sübutları ilə dəfələrlə qarşılaşmışdı. Azərbaycan xalqının böyük oğlu Heydər ­Əliyevin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni separatçıları ilə mübarizəsi, onun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən əvvəl başlamışdı. Qeyd etmək lazımdır ki, hakimiyyətdə olduğu illərdə də Heydər Əliyev kürsülərdən heç vaxt ermənilər və erməni millətçiləri əleyhinə danışmasa da, bütün fəaliyyəti onların əsassız iddialarının qarşısını müxtəlif yollarla almağa yönəlmişdi. 

Heydər Əliyev ermənilərin təxribatçı və separatçı qruplarının Azərbaycanla bağlı planlarını pozmuş, onlara imkan verməmişdir. Heydər Əliyev bununla əlaqədar demişdir: “30-cu, 40-cı, 50-ci, 70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.

Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işlədiyi zaman və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğu illərdə Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmiş, heç bir dissident həbs edilməmiş, heç bir zaman heç bir adam antisovet təbliğat, yaxud millətçi təbliğat üstündə həbs edilməmişdir. O, Azərbaycan xalqının neçə-neçə tanınmış ziyalısını yersiz təqiblərdən qorudu, milli mənlik şüurunun oyanmasına, milli özünüdərkin yaranmasına rəvac verən ziyalı təşəbbüslərini dolayısı ilə dəstəkləməklə, xüsusi xidmət orqanlarını milli mənafelərə tabe edən rəhbər olmağı bacardı.

Heydər Əliyev respublika Dövlət Təhlükəsizliyi Komitəsinin az sayda olan rəhbərlərindən biri idi ki, fəaliyyətə ən aşağı pillədən başlayaraq yüksəlmişdi. Onun əvvəllər partiya işində çalışmadığı halda Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilməsi çox nadir hadisə idi. Adətən, SSRİ-də bu vəzifələrə iri vilayətlərin partiya komitələri katiblərini və ya müttəfiq respublika KP MK-nın şöbə müdirlərini irəli çəkirdilər.

Qeyd etməliyik ki, heç vaxt Bakıda “dəniz kənarındakı bina”nın rəhbəri bu dərəcə yüksək erudisiyalı, hərtərəfli hazırlıqlı şəxs olmamışdır. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi Heydər Əliyevin dövründə nəzərəçarpacaq dərəcədə milli kadrlarla təmin edilmiş və ziyalılaşmışdı. 

Təhlükəsizlik orqanlarındakı milliləşməni öz peşəkar fəaliyyətinin başlıca uğurlarından hesab edən Heydər Əliyev 1999-cu ildə təhlükəsizlik orqanlarının yaradılmasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə etdiyi çıxışında demişdir: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının Azərbaycana vurduğu zərərə baxmayaraq, bu təşkilatın milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”. 

Azərbaycanın yaxın gələcəyinin rəhbəri Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə bu mühüm orqanda milli kadrların çox olmasına çalışmış və buna nail olmuşdur. Heydər Əliyevin inadla apardığı milliləşmə siyasətinin nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artaraq 40-50-ci illərdə 25 faizdən 70-ci illərdə 65-70 faizə çatmışdı. Heydər Əliyev istəyirdi ki, xalq görsün və inansın ki, DTK dövlət mənafeyinə ziyan gətirməməklə, milli maraqları qoruyur. Heydər Əliyev dörd ixtisas üzrə təhsil almışdır. Hərtərəfli biliyi və qətiyyəti ilə, həmçinin DTK-da öyrəndikləri ilə Müstəqil Azərbaycanı üzləşdiyi təhlükələrdən qorumuşdur. 

Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə birbaşa özünün rəhbərliyi ilə bir sıra əməliyyatlar hazırlanmış, qarşıya qoyulan məqsədə nail olunmuş və uğur əldə edilmişdir. Xalqımızın böyük oğlu təhlükəsizlik orqanlarında 25 il qüsursuz xidmət göstərmiş və bu orqanı SSRİ miqyasında tanıtmışdır. Elə buna görə Heydər Əliyev dəfələrlə fəxri fərmanlara, qiymətli hədiyyələrə, orden və medallara layiq görülmüşdür. O, 1962-ci ilin aprelində “Dövlət təhlükəsizliyi orqanının fəxri əməkdaşı” nişanı, 1962-ci ilin mayında “Qırmızı Ulduz” ordeni, 1964-cü ildə isə “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilmişdi.

General Heydər Əliyev Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə iki il rəhbərlik etdi. Andropov onun fəaliyyətini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 27 noyabr 1966-cı il tarixli 166 saylı əmri ilə yüksək qiymətləndirmişdi: “General-mayor Heydər Əlirza oğlu Əliyev təhlükəsizlik orqanlarında iyirmi beş il fəaliyyət göstərib. Bu müddət ərzində, o, sıravi operativ işçidən respublika DTK-sının sədrinə qədər böyük yol keçmişdir. Rəhbər vəzifələrdə olarkən yoldaş Əliyev bütün gücünü, enerjisini, bacarığını dövlətimizin təhlükəsizliyinin təmin olunmasına yönəldib, özünü çox yaxşı təşkilatçı kimi göstərib.

Hazırda yoldaş Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. Təhlükəsizlik orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətinə görə, general-mayor Heydər Əliyevə təşəkkür elan edilsin və o, məxsusi qiymətli hədiyyə ilə mükafatlandırılsın”.

Heydər Əliyev qeyri-adi istedada, hərtərəfli biliyə, analitik təfəkkürə, sarsılmaz iradəyə, hadisələrin nəbzini tutmağı bacaran bir insan, böyük idarəetmə məharətinə malik şəxs və mahir siyasətçi idi. Onun bu yüksək keyfiyyətlərindən, fenomen xüsusiyyətlərindən təkcə təhlükəsizlik orqanlarına pay düşmədi, bütövlükdə müstəqil Azərbaycan Respublikası faydalandı, onu daimi və dönməz etdi. Siyasi lider kimi formalaşan görkəmli siyasi və dövlət xadimi xalqımızın Ümummilli liderinə yüksəldi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlər diqqəti xüsusilə cəlb edir. 

Heydər Əliyev hakimiyyətinin birinci dövründə (1969-1982) Azərbaycanı aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevirmiş, ikinci dövründə (1993-2003) isə müstəqil Azərbaycanın davamlı və dayanıqlı inkişafına, hərtərəfli yüksəlişinə nail olunmuşdur. Azərbaycan Respublikası bütün göstəricilər üzrə lider dövlətə çevrilmişdir. Heydər Əliyevin hazırladığı və həyata keçirdiyi siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Azərbaycanın ən ağrılı problemi olan ərazi bütövlüyü məsələsi ikinci Qarabağ müharibəsində uğurla həll edilmiş, itirilmiş torpaqlarımız geri qaytarılmışdır. 

 

İsmayıl HACIYEV, 

AMEA Naxçıvan bölməsinin sədri, 

akademik



Siyasət