Bakı – İrəvan: birbaşa dialoqa start

post-img

Azərbaycanla Ermənistan arasında yeni anlaşma sülhə aparan yolu maneələrdən təmizləyir

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış danışıqlar nəticəsində saxlanılan şəxslərin azad edilməsi İrəvanda müəyyən reaksiyalar doğurub. Qeyd edək ki, Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir.

Qeyd edək ki, Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfərdən 26-sı 2020-ci il dekabrın 13-14-də Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş, digər 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslərdir. Onlar artıq cəzalarının böyük bir hissəsini çəkiblər.

Azərbaycana təhvil veriləcək hərbçilərimiz isə Aqşin Bəbirov və Hüseyn Axundovdur. 2004-cü il təvəllüdlü A.Bəbirov və 2003-cü il təvəllüdlü H.Axundov 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq Ermənistan tərəfindən əsir götürülmüşdülər. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq, barələrində həbs qərarı verilmişdi. Sonradan H.Axundov barəsində daha bir cinayət işi başlanılmışdı. O, Zəngəzur mis-molibden kombinatının gözətçisini “qətlə yetirməkdə” təqsirləndirilirdi.

A.Bəbirov may ayının 8-də 11 il 6 ay, H.Axundov isə iyunun 21-də 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. ­Hərbçilərin qarşılıqlı dəyişdirilməsinə dair razılığın əldə olunduğu gün – dekabrın 7-də H.Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilmişdi. Belə ki, Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin etmişdi. Amma H.Axundovun yaxınlarının, bütövlükdə Azərbaycan xalqının günorta saatlarında aldığı bu kədərli xəbər günün sonuna doğru sevindirici məlumatla əvəz olundu. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir. Bu addım Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir.

Bildirildiyi kimi, siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş şəxslər daxil deyil və ola da bilməz. Hazırda Azərbaycanda belə əməllər törətməkdə təqsirli bilinən 12 nəfər ­həbsdədir. Bunlar 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərkən tutulmuş və 2015-ci il mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş kəşfiyyat-diversiya qrupunun üzvü Arsen Bağdasaryan, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara amansız işgəncələr verməkdə ittiham olunan, 2020-ci il oktyabrın 3-də Azərbaycan ərazilərində kəşfiyyat xarakterli hərəkətlər edərkən hərbi qulluqçularımız tərəfindən ələ keçirilmiş və 2021-ci il avqustun 2-də 20 il müddətinə azadlıqdan məhrum edilmiş Alyoşa Xosrovyan, Lüdvik Mkrtiçyan, 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, onları deportasiya etməkdə ittiham olunan və bu əməllərinə görə 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Vaqif Xaçatryan, 2023-cü il sentyabrın 27-də saxlanılmış Ruben Vardanyan və Davit Manukyan, sentyabrın 29-da saxlanılmış Davit Babayan və Lyova Mnatsakanyan, həmçinin oktyabrın 3-də saxlanılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və Davit İşxanyandır.

Əgər keçmiş separatçı rejimin başçıları Prezident İlham Əliyevin bu il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə etdiyi çıxışından nəticə çıxarsaydılar, bu gün bəlkə də, dəmir barmaqlıqlar arxasında olmazdılar. Yada salaq ki, dövlətimizin başçısı həmin çıxışı zamanı demişdi: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal, normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya, orada “parlament” fəaliyyət göstərir, guya, orada prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı amnistiyadan söhbət gedə bilər”.

Separatçıların başında isə yenə də, necə deyərlər, başqa havalar dolaşmaqda idi. Onlar son xəbərdarlıqdan da nəticə çıxarmadılar. Nəticə özünü çox gözlətmədi. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılar “ağ bayraq” qaldırıb təslim oldular və qanunsuz rejim özünü buraxdı. Məsələyə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bir daha münasibət bildirdi: “Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımi şəkildə dəyərləndirilmədi. May ayında Şuşadakı görüşümüzdən sonra may ayının sonunda Laçına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə mən vəziyyətlə bağlı mövqeyimi ifadə etdim və bildirdim ki, bu məsələnin normal həlli yolunu tapmaq üçün imkan var. Onu da dedim ki, separatçıların liderlərinin təslim olacağı təqdirdə onların amnistiyaya düşmək fürsəti olacaqdır. Bu, ictimai bəyanat idi. Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Hazırda separatçıların liderləri Azərbaycandadır. Onlar bura gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər”.

***

Azərbaycanın atdığı humanist addım Ermənistanda da müəyyən reaksiyalar doğurub. Məsələyə ölkənin baş naziri Nikol Paşinyan “X” platformasındakı səhifəsində reaksiya verib. O, birgə açıqlamaya istinad edərək yazıb: “Azərbaycan humanitar dəyərləri rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 32 erməni hərbçisini azad edir. Ermənistan da öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 2 Azərbaycan hərbçisini azad edir”.

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı, xarici əlaqələr komitəsinin rəhbəri Sarkis Xandanyan dünən qanunverici orqanda jurnalistlərə müsahibəsində deyib ki, hərbçilərin qarşılıqlı təhvil verilməsi iki ölkənin sərhədində baş tutacaq. Onun sözlərinə görə, proses lap yaxın günlərdə baş verməlidir. Komitə sədri təsdiqləyib ki, Ermənistanda ömürlük həbs cəzasında məhkum edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov da təhvil veriləcək.

Deputat Ermənistana qaytarılacaq şəxslərlə bağlı deyib: “Mən siyahı ilə tanış deyiləm. Üstəlik, bu, çox həssas mövzudur. Məncə, onlar Ermənistan sərhədini keçənə qədər adlarının mediada yayılmasına ehtiyac yoxdur”.

S.Xandanyan sülh müqaviləsi barədə də fikirlərini bölüşüb: “Biz sülh sazişinin imzalanmasını yaxın perspektivdə mümkün hesab edirik. İmzalanacaq sənəd elə olmalıdır ki, həm Azərbaycan, həm də Ermənistan razı qalsın. Qeyd etməliyəm ki, son birgə açıqlama prosesə müsbət təsir göstərə bilər. Açıqlamanın mətnində müsbət atmosfer var. Bu da danışıqların sonrakı gedişatının daha rəvan getməsinə kömək edə bilər. Söhbət mətndə əks olunan etimadın gücləndirilməsi ilə bağlı müddəadan başqa digər real addımlardan gedir. Tərəflər arasındakı bu razılaşma sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq”.

Komitə sədri saxlanılan hərbçilərin mübadiləsinə dair danışıqların ikitərəfli əsasda baş tutduğunu təsdiqləyib. Qeyd edib ki, açıqlamada üçüncü tərəfdən (vasitəçidən) bəhs edilmir, hərbçilərin mübadiləsi Bakı və İrəvan arasında birbaşa danışıqlar yolu ilə razılaşdırılıb.

O, Ermənistanla Azərbaycan arasında yeni görüşün keçirilməsinin tarixi ilə bağlı məlumatsız olduğunu qeyd edib. Amma əlavə edib ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların Vaşinqton formatında davam etdirilməsinin tərəfdarıdır: “Ermənistan ABŞ-dan Azərbaycanla danışıqların Vaşinqtonda davam etdirilməsi üçün səylərini artıracağını gözləyir”.

Rusiyada mümkün danışıqlara gəlincə, Xandanyan deyib: “Moskvada danışıqların aparılması üçün konkret, dəqiq tarix və təkliflər açıqlanmayıb. Danışıqlar məntiqinin davamlılığını təmin etmək çox vacibdir. Belə bir məntiq formalaşmışdı. Vaşinqtonda xarici işlər nazirləri, Brüsseldə isə Azərbaycan Prezidenti və Ermənistan baş naziri səviyyəsində danışıqlar aparılırdı. Hazırda bu davamlılığı təmin etmək çox yaxşı olardı. Biz bu danışıqların davamını gözləyirik”.

Ermənistanda prosesə neqativ yanaşanlar da tapılıb. Məsələn, siyasi icmalçı Arman Abovyan onlardandır. Revanşist fikirlərlə yaşayan Abovyan deyib ki, guya, 32 nəfərin heç bir təqsiri yox imiş, azərbaycanlı hərbçilər isə mülki şəxsləri “qətlə yetiriblər”. Sözsüz ki, Abovyan kimilərin nə deməsində asılı olmayaraq, dekabrın 7-də iki ölkə arasında bir ilk yaşanıb. Bakı ilə İrəvanın vasitəçilər olmadan, birbaşa danışıqlarla saxlanılan şəxslərin mübadiləsini aparması iki ölkə arasında sülh sazişinin imzalanması prosesini də sürətləndirəcək. Artıq proseslər geridönməz xarakter almaqdadır. İrəvanda sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu dərk edirlər. Radikal revanşistlərin fikirləri isə hayların böyük əksəriyyəti tərəfindən də dəstək qazanmır.

Yeganə HACIYEVA, 
politoloq

– Azərbaycan bir müddət öncə Ermənistanla danışıqların məhsuldar olması üçün onun vasitəçilərin iştirakı olmadan keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İki ölkənin dekabrın 7-də yaydığı birgə açıqlama münasibətləri yaxşılaşdıracaq işartı adlandırıla bilər. Bu, regionda uzunmüddətli perspektivdə sülh və sabitlik üçün vacib məqamdır. Aydındır ki, Ermənistandan istifadə etmək və regiona yerləşmək istəyən qüvvələr bura heç bir halda sülhün gəlməsində maraqlı olmayacaqlar. Onlar bölgədə gərginlik yaratmaqla bundan öz maraqları üçün istifadə etmək siyasəti yürüdürlər. Belə ölkələrin başında Fransa dayanır. Amma Fransa tək deyil. Avropa İttifaqının bəzi ölkələri, Kanada da bu sırada onunla birgə addımlayır.

Birbaşa danışıqlarla razılaşmanın əldə olunması iki ölkə arasında sülh danışıqları prosesində vasitəçilər olmadan da razılığın əldə olunmasına zəmin yaradır.

Birgə açıqlamanın ABŞ Dövlət Departamenti rəsmisinin ölkəmizə səfərindən sonra verilməsi də diqqət çəkən məqamdır. Bu da bir daha göstərir ki, ABŞ-ın rəsmi şəxsləri Konqresdəki erməni lobbisinin maraqlarını ikinci plana keçirmək məcburiyyətində qalıblar.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət