Sülhə qarşı terror ehtimalı

post-img

Sabiq baş nazir Sarkisyanın son sözündən Paşinyan hakimiyyətinin ilk jestinədək 


Yazımız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasına hər iki ölkədəki reaksiyalardan qaynaqlanır. Daha doğrusu, əsasən Ermənistandakı reaksiyalara nəzərən bəzi xarakterik məqamların üzərində dayanacağıq. 

Əvvəlcə onu vurğulayaq ki, məlum açıqlama cəmiyyətimiz üçün gözlənilməz oldu. Axı, Bakı və İrəvan arasında gərginlik var idi. Buna rəğmən Azərbaycan ictimaiyyətinin məsələyə pozitiv yanaşdığı ortadadır. Əlbəttə, ölkəmizdə növbədənkənar Prezident seçkilərinin elan olunması ilə eyni vaxtda normallaşma xəttinin götürülməsini bəzi müxalif qüvvələrin konspriativ tərzdə qarşılamasını, öz aləmlərində qlobal nəticələr çıxarmasını vurğulamalıyıq. Ancaq bu mülahizələr daha çox “arxadan atılan daş topuğa dəyər” misalını xatırladır. Üstəlik, karvanın itin hürməsinə əhəmiyyətsiz yanaşaraq, yoluna davam etməsinə dair el misalımız da var. Yəni, hər bir halda Azərbaycan, ümumən, sakitdir. Deməli, sülhə doğru gedən yolun ölkəmizdən keçən hissəsi rəvandır.

Bəs, Ermənistanda vəziyyət necədir? Diqqət yetirdiyimiz reaksiyalar fonunda bir məqam ortaya çıxmaqdadır. Söhbət ölkədəki revanşist-şovinist kəsimdən, onun normallaşma xəttinə münasibətindən gedir. O kəsim ki, ümumən xalq arasında populyar olmasa belə, hətta, hiddət doğursa da, 44 günlük müharibədən sonrakı müddətdə cəmiyyətə təsir göstərməyi bacarır. Ona görə ki, erməni cəmiyyətinin Azərbaycana münasibət müstəvisində avantürizmə kökləndiyi aşkar həqiqətdir. Deməli, baş nazir Nikol Paşinyanın qarşısında dayanan başlıca vəzifə revanşist kəsimin ağzını yummaq olmalıdır. Bu qütbün təmsilçilərinin ağzını yummaq isə adi məsələ deyil. Yəni, onlar “silahı” xoşluqla yerə qoyana oxşamırlar. Və deməli, Ermənistan baş naziri Nikol Paşinyanın diktaturasına ehtiyac yaranacaq.

***

Nəzərə alsaq ki, Ermənistandakı şovinist-revanşist kəsimin əksər hissəsi köhnə hakimiyyət komandasının təmsilçiləridir, əslində, N.Paşinyan onlara qarşı 2018-ci ildən, yəni hakimiyyətə gəldiyi vaxtdan mübarizə aparmaqdadır. Mövcud xüsusda ölkədə açılmış cinayət işlərinin sayı az deyil. Heç şübhəsiz, bundan sonra mübarizə daha güclü olmalıdır. Çünki məlum açıqlama Ermənistanı qat-qat həssas mərhələyə çıxarır. Bu mərhələdə hansısa büdrəmələr və ləngimələr yolverilməzdir. 

Üstəlik, Qərbin sözsüz birmənalı dəstəyini üzərində hiss edən N.Paşinyanın radikal addımlar atmasına ehtiyac var. Necə deyərlər, incəsənət qurban tələb edir. İndiki halda incəsənət sülhdür. Deməli, Nikol sülh sülh naminə, belə demək mümkünsə, öz  demokratiyasını qurban verməlidir. Heç olmasa, epizodik şəkildə. Amma o da mümkündür ki, Paşinyan heç bir qurban verməsin. Dedik axı, o, Qərbin güclü dəstəyi ilə əhatə olunmaqdadır. Yeri gəlmişkən, ötən müddət göstərdi ki, Qərbin Nikola yeganə dəstək verə bilmədiyi xüsus Azərbaycanla münasibətlərdir. Burada Avropa üçün bığ-saqqal dilemması yaranır. Bığı əsas tutan qərblilər Bakının əks həmlələri sayəsində saqqalın əldən getdiyini çox görüblər. 

***

Bəli, hazırda Bakı ilə sülh razılaşması istiqamətindəki birgə açıqlamaya dünyanın dəstəyi Paşinyanı populyarlaşdırır. Mövcud dəstək bumunda onun anti-sülh mövqe tutanlara qarşı əvvəlkindən xeyli qətiyyətli davranması mümkündür. Ancaq bütün bunların fonunda deməliyik ki, Ermənistanda sülh yolundakı birgə açıqlamaya zidd yalnız bir hadisənin  gerçəkləşmə ehtimalı var. Söhbət terrordan gedir. 

Əlbəttə, tam mənada 1999-cu il Ermənistanı ilə indikini müqayisə etmək istəməzdik. Ancaq nəzərə almalıyıq ki, ölkədəki revanşist-şovinist kəsimin xaricdə də ciddi dayaqları var. O dayaq ki, 2020-ci ildən sonra xeyli aktiv idi və onun Azərbaycana qarşı Paşinyan iqtidarı ilə əlbir olduğuna dair görüntü formalaşmışdı. İndi deyək ki, məlum birgə açıqlama rəsmi İrəvanın mövqeyinin yumşalması və konstruktiv addım atmasıdır. Bəs, xaricdəkilər necə, onlar da konstruktiv ola biləcəklərmi? Ağla batana oxşamır. Mövcud durumda  həmin xarici kəsimin Nikol Paşinyanı xain elan etməsi və onu aradan götürməyə, yəni fiziki məhvinə çalışması mümkündür. 1999-cu ilin İrəvandakı məlum parlament qətliamını yada salmağımız da bu ehtimalın aktuallığı ilə bağlıdır. 

1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs paytaxt İrəvanda Ermənistan parlamentinə daxil olmuş, ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edənlər –  baş nazir Vazgen Sarkisyan və spiker Karen Demirçyan daxil olmaqla 8 nəfəri qətlə yetirmişdilər. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olmuşdu. 

Terror aktı zamanı Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşayiət etmişdi. Onlar dövlət çevrilişi etdiklərini bildirmiş, hərəkətlərini “vətənpərvərlik” və “millətin öz hisslərini yenidən qazanması üçün vacib” addım kimi önə çəkmişdilər. Tanış mənzərədir, deyilmi? Hazırda Paşinyana qarşı çıxanların fikirlərinə diqqət yetirin... 

1999-cu ilin terrorçuları, həmçinin “hakimiyyəti millətə etdikləri işlərə görə cəzalandırmaq istədiklərini” də bildirmişdilər. Onlar hökumətin “xalqın qanını içdiyini” bildirmiş və bəyan etmişdilər ki, Ermənistan fəlakətli vəziyyətdədir. İndi də eyni düşüncəni bölüşənlər var və belələrinin fikrincə, vəziyyətin tək günahkarı Paşinyan iqtidarıdır. 

***

1999-cu ilin parlament qətliamı teatrının növbəti hissələrində yaşananlar da hər kəsin yaxşı xatirindədir. Televiziyada çıxış edən prezident Robert Koçaryan vəziyyətin nəzarət altında olduğunu bildirmişdi. Onun sözçüsü Vahe Qabrielyan silahlıları “fərdi terrorçu” adlandırmışdı. Hunanyan ifadəsində “Baş nazirin sağ qalması mümkün deyildi” demişdi. Sual olunur: hazırda Ermənistanda və ölkənin xaricində baş nazir Paşinyanın aradan götürülməsini istəyənlər azdırmı? Hər halda, yetərincədir.

Nəzərə alaq ki, Sarkisyan və Demirçyanın islahata meyilli koalisiyası 1999-cu ilin mayında keçirilmiş parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdı. Söz sahibinə çevrilmiş Sarkisyan-Demirçyan tandemi Azərbaycanla normallaşmanın tərəfdarı idi. Onlar işğalın dayandırılmasının vacibliyini anlayan ölkənin birinci prezidenti Levon ter-Petrosyanın məcburiyyət qarşısında qalıb istefasından sonra hakimiyyət kreslosuna oturmuş Robert Koçaryanın iradəsinə əks mövqe tutur, Bakı ilə razılığa gəlmək və birinci prezidentin kursunu davam etdirmək istəyirdilər. 

***

1999-cu ilin parlament qətliamı zamanı baş nazir Sarkisyanın ona “yetərincə qanımızı içdin” deyə qışqıran terrorçu Hunanyana son sözü bu olmuşdu: “Hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir”.

Bəli, Sarkisyan haqlı idi. Ermənistanın o zaman doğulan uşaqlarının gələcəyini 44 günlük müharibə müəyyənləşdirdi. Daha doğrusu, acınacaqlı taleyini. Halbuki həmin parlament terroru reallaşmasaydı, nə 44 günlük müharibə olardı, nə də ondan sonra yaşananlar. Azərbaycanla Ermənistan arasında hazırda həyata keçirilməsinə cəhd göstərilən normallaşma prosesi də çoxdan başa çatmış olardı... 

Bəli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasına Ermənistan daxilindəki bəzi reaksiyaları, o cümlədən şovinst-revanşist kəsimin münasibətini, habelə xaricdəki erməni və lobbi təşkilatlarının anti-Azərbaycan köklənişini yada salarkən, nisbətən uzaq sayılacaq keçmişə üz tutmağımız tarixin təkrarlanma xarakteri ilə bağlıdır. O zaman da üfiqdə sülh görünürdü, indi də görünməkdədir. Arzu edək ki, sülh Günəşi tezliklə doğsun. 

 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət